Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 23:53

İmtahandan kəsilmiş sovet aktyorları


Yuri Nikulin
Yuri Nikulin

Rus sovet kinosunun tanınan aktyorları arasında vaxtilə aktyorluq fakültəsinə qəbul oluna bilməyənlər var. Sonradan tamaşaçılar onların istedadını görüb dəyərləndirsə də, gənclik illərində onların işləri o qədər də hamar getməyib.

"Gitaralı qız"da epizodik rol

kulturologia.ru saytı yazır ki, Yuri Nikulin ilk rolunu 38 yaşında oynayıb. Aktyorun gəncliyinin 7 ili müharibələrdə keçib. O, əvvəl sovet-fin, daha sonra İkinci Dünya müharibəsində iştirak etməli olub. Evə, Moskvaya qayıdanda isə birinci Moskva Dövlət Kino İnstitutuna (VGİK), sonra da Dövlət Teatr Sənəti İnstitutuna (GİTİS) daxil olmağa çalışıb. Bu məktəblərin hər ikisində gənc Nikulinə aktyorluq qabiliyyətinin olmadığını deyiblər. Ancaq o ruhdan düşməyib və Moskva sirki yanında danışıq janrları məktəb-studiyasına daxil olub. Daha sonra manejdə çıxış edib və qastrollara gedib. Kinoda debütü isə 1958-ci ildə "Gitaralı qız" filmində bir epizodik rolda olub. Bununla o, tamaşaçıların diqqətini cəlb edə bilib və bundan sonra onun kino karyerası irəliləməyə başlayıb.

Vyaçeslav Tixonov
Vyaçeslav Tixonov

Yaraşıqlı Tixonov

Vyaçeslav Tixonovun doğulduğu ailə teatr və kinodan çox uzaq idi. Anası tərbiyəçi, atası isə mexanik idi. Valideynləri Slavanın ya mühəndis, ya da aqronom olmasını istəyirdilər. Uşaq artıq 13 yaşında peşə məktəbində tornaçılıq öyrənirdi. Ancaq o, aktyor olmaq istəyirdi. Müharibə bitən kimi VGİK-ə daxil olmağa çalışsa da, onun bu cəhdi çox uğursuz olur. Dəhlizdə göz yaşlarını saxlamağa çalışarkən tanınmış sovet aktyor və pedaqoqu Boris Bibikov onu görür. Bibikov abituriyentlə danışandan sonra onu müsabiqədənkənar öz kursuna yazır.

Hələ təhsil aldığı dövrdə Tixonov "Gənc qvardiya" filmində kiçik bir rol alır. Ancaq bu debütdən sonrakı 10 il ərzində ona maraqlı rollar verilmir. Rejissorları yalnız onun yaraşıqlı zahiri görkəmi maraqlandırırdı. O, yalnız 1957-ci ildə "Penkovda işlər vardı" filmindəki rolundan sonra tanınır və tamaşaçıların sevgisini qazanır. Bu vaxt onun artıq 30-a yaxın yaşı var idi.

Vladimir Menşov
Vladimir Menşov

25 ildən sonra tanınan Menşov

Həştərxan vilayətində böyüyən Vladimir Menşov 1960-cı illərin sonlarında orta məktəbi bitirdikdən sonra Moskvanı fəth etməyə gedir. VGİK-ə qəbul imtahanı uğursuz keçir və o, evə qayıtmalı olur. Zavodda tornaçı kimi işləməyə başlasa da, arzusundan əl çəkmir. Bir ildən sonra Həştərxan Dram Teatrının köməkçi heyətində işə düzəlir. Bir-iki ildən sonra isə Moskva Bədii Akademik Teatrının (MXAT) aktyorluq fakültəsinə qəbul olunur. Ancaq o, yalnız 25 ildən sonra tanınmağa başlayır. "Sevgi və göyərçinlər" onun ilk iri və sevilən işi olur. Vladimir Menşov bu filmin həm rejissoru, həm də baş rolun ifaçısıdır. Bu zaman onun artıq 45 yaşı tamam olmuşdu.

Stanislav Sadalski
Stanislav Sadalski

Freyndlixdən məsləhət alan Sadalski

Stanislav Sadalski kiçik bir çuvaş kəndində doğulub. Uşaqlıqda məktəb teatrında Sinyor Pomidor rolunu uğurla ifa etdikdən sonra əsl səhnə haqqında düşünməyə başlayır. Ancaq çənə və nitq qüsuru buna əsl maneə idi. Pedaqoji yanaşması yetərincə sərt olan atası onu hərbi məktəbin kursantı kimi görmək istəyirdi. Ancaq uşaq evdən pul oğurlayaraq teatr məktəbinə daxil olmağa gedir. Moskvada ali məktəblərin heç biri onu qəbul etmir. Atasının qorxusundan evə qayıtmaq istəmədiyindən gənc istedad ilk vaxtlar Yaroslavlda yerləşir və bir zavoda tornaçı köməkçisi kimi işə düzəlir. Yaroslavl Teatr İnstitutuna daxil olmağa çalışır, ancaq yenə qəbul etmirlər. Bununla yanaşı, qəbul komissiyası üzvlərindən öyrənir ki, Leninqradda eyni problemdən əziyyət çəkən aktrisa var. Sadalski gedib Alisa Brunovna Freyndlixi tapır. Alisa Freyndlix özü ilə oxşar problemi yaşayan gənc istedada öz məsləhətləri ilə kömək edir. Nəhayət, 1969-cu ildə GİTİS-ə daxil olur. 10 ildən sonra isə "Görüş yerini dəyişmək olmaz" filmində Kirpiç rolunu oynayır. Bu rol ona böyük uğur və tamaşaçı rəğbəti qazandırır. Ancaq aktyorun özü bu rolu çox da sevmirmiş.

XS
SM
MD
LG