Keçid linkləri

2026, 09 Yanvar, Cümə, Bakı vaxtı 09:16

ABŞ-nin saxladığı tankerin sahibi Krımdan olan işadamıdır


"Bella-1" tankeri
"Bella-1" tankeri

ABŞ hərbçilərinin Atlantik okeanında ələ keçirdiyi "Marinera" (Bella 1) neft tankeri yarım il öncə Ryazanda qeydiyyatdan keçmiş "Burevestmarin" Rusiya şirkətinə məxsusdur. "Novaya Gazeta Europe"in araşdırmasına görə, şirkətin direktoru və yeganə sahibi ilhaq olunmuş Krımdan sahibkar, hazırda Moskvada yaşayan İlya Buqaydır. O, neft məhsullarının ticarəti ilə məşğul olan "Rusnefteximtorq" şirkətinin baş direktorudur.

"The New York Times" qəzetinin yazdığına görə, gəminin heyətində Rusiya və Ukrayna vətəndaşları var. Rusiya Telegram kanalları gəmidə cəmi iki Rusiya vətəndaşının olduğunu, kapitanın Gürcüstan vətəndaşı olduğunu yazır. Gəmi ələ keçiriləndən sonra Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni "Marinera"nın heyətindəki rusiyalıların vətənə qayıdışına mane olmamağa və onlarla humanist rəftar etməyə çağırıb.

ABŞ-nin baş prokuroru və ədliyyə naziri Pem Bondi yanvarın 8-də bildirib ki, tankerin ekipaj üzvləri istintaq altındadır, günahkarlara ittihamlar irəli sürüləcək.

Ağ evin mətbuat katibi Kerolayn Levitt yanvarın 7-də deyib ki, sahil mühafizəsinin əlində ABŞ məhkəməsinin gəminin həbsi ilə bağlı qərarı var və bu qərar ekipaj üzvlərinə də aiddir. Onları ABŞ-yə aparmaq, məsuliyyətə cəlb etmək mümkündür.

7 yanvar

ABŞ Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

ABŞ Venesuela ilə əlaqəli, Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib. ABŞ rəsmilərinin yanvarın 7-də "Reuters"ə dediyinə görə, tanker iki həftədən çoxdur Atlantik okeanında təqib olunurdu. Əməliyyat İslandiya yaxınlığında aparılıb.

ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı tankerin ələ keçirildiyini, onun Venesuela ilə bağlı sanksiya rejimini pozmağa çalışdığını qeyd edib.

Rusiyanın Nəqliyyat Nazirliyi yanvarın 7-də bildirib ki, "Marinera" gəmisinə ötən il dekabrın 25-də Rusiya bayrağı altında üzməyə müvəqqəti icazə verilib.

"BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasının normalarına əsasən, açıq dənizdə gəmiçilik azadlığı rejimi qüvvədədir, heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur", – qurum bildirib.

Tanker əvvəllər "Bella-1" adı ilə tanınıb və sanksiyalara məruz qalıb. Onun ABŞ dəniz blokadasından yayındığı, ABŞ Sahil Mühafizəsinin ötən ay gəmiyə enə bilmədiyi bildirilir.

ABŞ "Bella-1"in İrandan Venesuelaya neft dalınca getdiyini, bayraqsız üzdüyünü bildirir. Bu səbəbdən dekabrın 21-də ABŞ onu Karib dənizində ələ keçirməyə çalışıb, amma tankerin ekipajı onu yenidən Atlantik okeanına sürüb.

Dekabrın sonunda dənizçilər gəminin üzərinə Rusiyanın bayrağını çəkiblər, Rusiyanın yurisdiksiyası altında üzdüyünü bildiriblər. Kreml dekabrda ABŞ-yə diplomatik nota göndərib, tankerin təqibini dayandırmağı tələb edib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) gəminin beynəlxalq dənizçilik qanunları normalarına tam əməl etdiyini bildirmişdi.

ABŞ Sahil Mühafizəsinin Latın Amerikası sularında Venesuelaya bağlı başqa bir tankeri də tutduğu bildirilir.

Yanvarın 3-də ABŞ Karakasda bir neçə saatlıq əməliyyatla ölkə lideri Nikolas Maduronu saxlayıb. O, hazırda Nyu-Yorkda həbsxanadadır. Vitse-prezident Delsi Rodriqes müvəqqəti prezident elan olunub.

Venesuela rəsmiləri Maduronun tutulmasını "adam oğurluğu" adlandırıb, ABŞ-ni ölkənin neft ehtiyatlarını oğurlamaqda ittiham edib.

Tramp və ABŞ-nin aparıcı rəsmiləri isə Venesuelanı ABŞ neftini oğurlamaqda suçlayır. Donald Tramp administrasiyası bildirib ki, Venesuela ABŞ-yə 2 milyard dollarlıq embarqolu neft idxal edəcək.

XS
SM
MD
LG