ABŞ-nin Venesuelada Nikolas Maduronu ələ keçirməsinin Kreml üçün əsas nəticəsi belədir – bu, Rusiyanın regionda nüfuzuna, prezident Vladimir Putinin qüruruna zərbədir. Mayda Rusiya prezidenti ilə "strateji tərəfdaşlıq" paktı imzalamış müttəfiq indi Nyu-Yorkda həbsxanadadır.
Bir il öncə isə Suriya lideri Bəşər əl-Əsəd devrildi. Putinin dünyada Moskvanın mövqeyini bərpa etmək səyləri daha bir zərbə yedi.
Daha bir məqam – ABŞ-nin Venesuela reydi cəmi bir neçə saat çəkdi. Rusiya isə dörd ilə yaxındır Ukraynada təcavüzkar müharibə aparır, əsas hədəflərindən biri də ölkənin liderini hakimiyyətdən uzaqlaşdırmaqdır.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qatterman yazır ki, Moskva istəsəydi belə, Maduronun mühafizəsi real görünmürdü. Venesuelanın Rusiya üçün əhəmiyyəti də azalmışdı. Sanksiyalar, digər faktorlar neft hasilatını salmışdı, Rusiyanın isə həmin sektorda payı böyükdür.
Karakas əməliyyatının Rusiya üçün müsbət məqamları da var. Moskva bu əməliyyata istinad edərək deyə bilər ki, Vaşinqton digər ölkələri öz iradəsinə tabe etdirmək istəyir, beynəlxalq hüquqa sayqısız yanaşır. Moskvanın Ukraynadakı müharibəsinə baxmayaraq, inandırıcı arqumentdir.
Rusiyanın Xarici İşlər Nazirliyi Venesuelaya silahlı təcavüzdən "aşırı" narahatlığını bildirib, Vaşinqtonu Maduronu və xanımını buraxmağa çağırıb.
Təhlilçilərin fikrincə, ABŞ prezidenti Donald Trampın qərb yarımkürəsinə fokuslanması Moskvanın əl-qolunu açacaq, nüfuz dairəsi saydığı yerlərdə, xüsusilə Ukraynada istədiyini edəcək.
"Vladimir Putinin Ukrayna ilə bağlı qərarlarından asılı olmayaraq, yalnız beynəlxalq hüquqa dayanaraq bəzi addımları qınamaq getdikcə çətinləşir", – bunu Berlində yaşayan siyasi analitik Aleksandra Sitenko AzadlıqRadiosuna deyib.
"Böyük dövlətlərin etdiyi"
ABŞ əməliyyatının beynəlxalq hüququ pozması haqda geniş yayılmış təsəvvür "Rusiyanın ümumi narrativi üçün pis hal deyil". Bunu isə yanvarın 4-də öz podkastında Rusiya üzrə analitik, London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin fəxri professoru Mark Qaleotti bildirib.
"Axı Putinin baxışı əsasən belədir ki, böyük dövlətlər belə davranır, böyük dövlətlərin təsir dairələri olur. Əgər Amerikaya Latın Amerikasında öz təsir dairəsinə malik olmağa icazə veririksə, çıxan nəticə belədir ki, bizim də slavyan təsir dairəmizin olmasına icazə verilməlidir", – Qaleotti vurğulayıb.
Rusiya hələ 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamazdan xeyli öncə belə bir qarşılıqlı güzəşt axtarırdı, bunun sübutları var.
Vaxtilə ABŞ-nin dəstəklədiyi müxalifət lideri Maduronu devirməyə çalışanda Rusiya onu qoruyurdu. O zaman "rusiyalılar… Venesuela ilə Ukrayna arasında çox qəribə bir mübadilə razılaşması istədiklərini çox açıq deyirdilər", – bunu 2017- 2019-cu illərdə Trampın Milli Təhlükəsizlik Şurasında Rusiya və Avropa üzrə baş məsləhətçi olmuş Fiona Hill 2019-cu ilin oktyabrında Konqres komitəsində deyirdi. Onun sözlərinə görə, Rusiya mesajlarının məğzi belə idi: "Bizi öz həyətinizdən çıxarmaq istəyirsiniz. Yaxşı, bilirsiniz ki, bizim də bununla bağlı öz versiyamız var. Siz də Ukraynada bizim həyətimizdəsiniz".
Ukrayna faktoru
Maduronun tutulmasına Rusiyanın nisbətən səssiz reaksiyası göstərir ki, "Rusiyanın Ukraynanı fəth etmək arzusu onun xarici siyasətini necə diktə edir", –Nüvə Silahlarının Yayılmaması üzrə Ceyms Martin adına Araşdırmalar Mərkəzindən Hanna Notte X-də yazıb.
"Putin (ABŞ-nin keçmiş prezidenti Co) Baydenlə əməkdaşlığa getmədi ki, onu Ukraynanı tərk etməyə məcbur etsin. Son bir ildə isə Trampla əlaqələri yaxşı saxlayır ki, onu Ukraynaya qarşı Rusiyanın tərəfinə çəksin", – Notte əlavə edib.
S.Qatterman Maduronun həbsindən sonra ABŞ-nin Ukraynaya dair mövqeyində hələlik böyük dəyişiklik olmadığını yazır. Karakas əməliyyatından bir neçə saat sonra Tramp deyib ki, "Putin xeyli adam öldürür". O, Ukraynanın Putinin iqamətgahını hədəfə almasına dair Kremlin versiyasına inanmadığını da söyləyib.
Diqqətin Venesuelaya və qərb yarımkürəsinə yönəlməsi ABŞ-nin diqqətinin yayınması anlamına gəlirmi? Bu sualı Qaleotti verib və cavabı da belə olub: "Əlbəttə, Venesuelanı idarə edəcəyi iddiasının necə gerçəkləşəcəyinə dair suallar yarana bilər. Digər yandan, bir supergüc eyni anda həm yeriyə, həm də saqqız çeynəyə bilər. Məncə, bu, Ukrayna ilə bağlı proseslərə xüsusi bir təsir göstərməyəcək".
London Kral Kollecinin Rusiya institutunun professoru Sem Qrin bildirib ki, Kreml böyük güclər arasında geniş anlaşma, Ukrayna məsələsində sərbəstlik gözləyirsə, məyus olacaq.
"Əgər yaxın zamanda Ukraynada hərəkət üçün kartblanş verilməsə, Moskva bunu Amerikanın adi ikiüzlülüyü sayacaq, bu isə Putin, Tramp və [Çin prezidenti] Si Cinpin arasında ehtimal olunan qlobal hegemonluq koalisiyasına zərbə olacaq", – təhlilçi yazıb.