Yanvarın 7-də dünyada neftin qiyməti bir az da düşüb, Çin isə Birləşmiş Ştatları "xuliqan" adlandırıb. Bundan öncə Donald Tramp administrasiyası bildirib ki, Venesuela Pekinə tədarükü dayandıracaq və ABŞ 2 milyard dollarlıq embarqolu neft idxal edəcək.
Trampın sosial mediada yazdığına görə, neft bazar qiymətinə satılacaq, pulunu ABŞ prezidenti kimi o idarə edəcək, "Venesuela xalqı və ABŞ-yə xeyir verməsini təmin edəcək".
Venesuela bu sövdələşməni təsdiqləməyib.
Bazarda gözlənən ehtiyatlarla bağlı xam neftin qiyməti 1 faiz düşüb.
Bu razılaşmanın gerçəkləşməsindən ötrü Venesuelanın əsas alıcısı Çin üçün nəzərdə tutulmuş yükün marşrutu dəyişməlidir. Karakas həmçinin tankerlərdən və anbarlardan milyonlarla barel nefti boşaltmalıdır.
"Birləşmiş Ştatların Venesuelaya qarşı gücdən kobud istifadəsi və "Öncə Amerika" tələbi tipik xuliqanlıq hərəkətləridir", – Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin mətbuat konfransında deyib.
Çin, Rusiya, Venesuelanın solçu müttəfiqləri ABŞ-nin ötən həftəsonu Maduronu ələ keçirməsini pisləyib.
ABŞ Venesuela neftini satacaq
Prezident Donald Tramp yanvarın 6-da Venesuela neftinin emalı və satışı planını açıqlayıb. ABŞ blokadasına görə Venesuelada ilişib qalmış 50 milyon barelə qədər neftin satılacağı bildirilir. Bu, Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduronu ələ keçirəndən sonra Karakasla koordinasiyaya başlamasının əlaməti sayılır.
Tramp sosial mediada yazıb ki, Venesuela sanksiya altında olan 30-50 milyon barel nefti satacaq və bu neft birbaşa Birləşmiş Ştatlara göndəriləcək.
ABŞ rəsmiləri hələlik Venesuela neftinin ələ keçirilməsi üzrə hüquqi çərçivə açıqlamayıblar. Bundan öncə ABŞ Venesuela tankerlərini ABŞ sanksiyalarını pozaraq İran və Venesuela neftini daşımaqda suçlayıb.
Tramp ABŞ-nin bu ölkədə neft infrastrukturunun bərpasına kömək edəcəyini demişdi.
Yanvarın 8-də ABŞ neft şirkətlərinin rəhbərlərinin Ağ evə gedərək Venesuelaya sərmayələri müzakirə edəcəyi gözlənilir. "Reuters" bunu üç mənbəyə istinadla yazır.
"The Washington Post" məsələdən agah rəsmilərə istinadla 3 yanvar reydində 75 nəfərin həlak olduğunu yazıb. Maduro hazırda narkotik ittihamları ilə Nyu-York həbsxanasında saxlanılır.
Nə ABŞ, nə Karakas əməliyyatda ölənlərin sayını açıqlayıb. Amma Venesuela ordusu 23 həlak olmuş hərbçinin siyahısını yayımlayıb. Kuba isə öz hərbi və kəşfiyyat xidmətlərinin 32 üzvünün Venesuelada həlak olduğunu açıqlayıb. Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes yanvarın 6-da reyd zamanı öldürülən hərbçilər üçün bir həftəlik matəm elan edib.
Mənbələrə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Trampa deyib ki, Rodriqes və Maduro hökumətinin digər aparıcı rəsmiləri sabitliyi qoruyub saxlamağa ən uyğun kadrlardır. "Reuters" məhz bu dəyərləndirmə nəticəsində Trampın müxalifət lideri Mariya Korina Maçadoya deyil, Rodriqesi dəstəklədiyini yazır.
ABŞ həmçinin Venesuelanın aralıq hökumətinə Çin, Rusiya, Kuba və İrandan rəsmi müşavirləri ölkədən çıxarması üçün təzyiq göstərir. Bunu isə "The New York Times" anonim ABŞ rəsmilərinə istinadla yazıb. Qəzetin yazdığına görə, dövlət katibi Marko Rubio yanvarın 5-də Konqres liderləri ilə qapalı görüşdə Tramp administrasiyasının tələblərini sadalayıb.