Venesuela hakimiyyəti bir qrup siyasi məhbusu azad edib. "The Associated Press" onların arasında müxalifətçilərin, fəalların və jurnalistlərin olduğunu yazır.
Bir həftə öncə ABŞ Venesuela prezidenti Nikolas Maduronu və onun xanımı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb.
ABŞ prezidenti Donald Tramp "Fox News"a müsahibəsində siyasi məhbusların Vaşinqtonun xahişi ilə azad edildiyini deyib. O, yanvarın 9-da "Truth Social" platformasında yazıb ki, Venesuela sülh istədiyini göstərmək üçün çoxlu sayda siyasi məhbusu azad edir. Tramp bunu "çox vacib və ağıllı addım" adlandırıb.
Azadlığa çıxanlar arasında Venesuelada prezidentliyə keçmiş namizəd Enrike Markes, keçmiş deputat, müxalifət lideri Mariya Korina Maçadonun müttəfiqi Byacio Pilyeri, Ali Məhkəmənin keçmiş hakimi Alexandro Rebolyedo, Kanar adalarından jurnalist Miqel Moreno Dapena var. İspaniyanın beş vətəndaşı, hüquq müdafiəçisi Rosio San-Miqel də azad edilib.
Venesuelada 800-dən çox siyasi məhbusun olduğu bildirilir.
Tramp gələn həftə Venesuelanın müxalifət lideri ilə görüşəcəyini deyir
ABŞ prezidenti Donald Tramp Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun gələn həftə Vaşinqtona gedəcəyini bildirib.
Yanvarın 8-də "Fox News"un "Hannity" proqramına müsahibəsində Trampa ABŞ-nin Venesuelaya endirdiyi zərbələrdən, ölkənin artıq keçmiş prezidenti Nikolas Maduronu ələ keçirəndən sonra Maçado ilə mümkün görüşlə bağlı sual verilib.
"Belə anlayıram, gələn həftə gəlir, onunla salamlaşmağı səbirsizliklə gözləyirəm", – Tramp deyib.
"Reuters" Ağ evdən görüşlə bağlı əlavə informasiya ala bilmədiyini yazır.
Bu, Trampın Maçado ilə ilk görüşü olacaq. Maçado həftənin əvvəlində deyirdi ki, oktyabrda Nobel Sülh Mükafatını alandan bəri ABŞ lideri ilə danışmayıb.
Maduro Nyu-Yorkda həbsxanaya yerləşdiriləndən sonra Tramp deyib ki, Maçadonun "ölkə daxilində nə dəstəyi, nə də hörməti var".
Tramp müsahibəsində bildirib ki, Venesuelanın seçkilər keçirə biləcək vəziyyətə gəlməsi zaman alacaq. Hazırda ölkənin müvəqqəti prezident vəzifəsini keçmiş vitse-prezident Delsi Rodriqes icra edir.
OPEC üzvü Venesuela dünyanın ən böyük neft istehsalçılarından biridir. Tramp administrasiyası bu ölkənin neftini satacağını bildirib. "Reuters" yüksəkvəzifəli bir rəsmiyə istinadla yazır ki, ABŞ-yə neft satışları dərhal başlayacaq, ilkin mərhələdə təxminən 30–50 milyon barel göndəriləcək və bu proses müddətsiz davam edəcək.
Tramp yanvarın 9-da Ağ evdə neft şirkətlərinin rəhbərləri ilə görüşəcək. O, ABŞ şirkətlərinin Venesuelanın neft sənayesinin yenidən qurulmasında əsas rol oynayacağını bildirib.
Maçado ötən ilin oktyabrından Trampla danışmadığını deyir
Venesuelanın müxalifət lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado yanvarın 5-də deyib ki, 2025-ci ilin oktyabrından bəri ABŞ prezidenti Donald Trampla danışmayıb.
"Prezident Trampla oktyabrın 10-da, Nobel Sülh Mükafatının elan olunduğu gün danışmışdım, amma ondan sonra yox", – Maçado ABŞ-nin "Fox News" televiziyasının "Hannity" proqramında bildirib.
O, mükafata Norveç Nobel Komitəsinin "diktatura" adlandırdığı rejimə qarşı mübarizəsinə görə layiq görülüb.
Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun ən real rəqibi sayılan Maçado mükafatı qəbul etmək üçün dekabrda Norveçə gedib və o vaxtdan Venesuelaya qayıtmayıb.
"Tezliklə vətənə qayıtmağı planlaşdırıram", – o, deyib.
ABŞ yanvarın 3-də Venesuelaya zərbələr endirib və prezidentini ələ keçirib. Maçado bu hadisələrdən sonra ilk müsahibəsini verib. O, ABŞ-nin əməliyyatını "bəşəriyyət, azadlıq və insan ləyaqəti üçün böyük bir addım" kimi dəyərləndirib.
Yanvarın 5-də Venesuelanın vitse-prezidenti və neft naziri Delsi Rodriqes müvəqqəti prezident kimi and içib. Amma Vaşinqtonun həftəsonu əməliyyatı Venesuela rəhbərliyinin gələcəyinə dair çoxsaylı suallar yaradıb.
Tramp şənbə günü Maçado ilə əməkdaşlıq ideyasını rədd edərək deyib ki, "onun ölkə daxilində dəstəyi və hörməti yoxdur".