"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sədri Afiəddin Məmmədov müəssisə rəhbərliyindən şikayət edib.
Bu barədə məlumatı "İşçi Masası" yayıb.
Bildirilib ki, Məmmədov təxminən üç ay əvvəl müəssisənin daxilində yerləşən tibb məntəqəsinə köçürülməsi üçün qanunvericiliyə uyğun müraciət edib, lakin indiyədək həmin müraciətə baxılmayıb.
Məlumata görə, o, bu müddət ərzində dəfələrlə eyni məsələ ilə bağlı müraciət etsə də, nəticəsi olmayıb.
"İşçi Masası" qeyd edib ki, A.Məmmədovun səhhətində problemlər var. Qurumun onun özünə istinadla bildirdiyinə görə, gənc fəalda əsəb pozuntusu müşahidə olunur, psixoloji vəziyyəti ağırdır. Onun saxlanılarkən burnundan zərbə aldığı, lakin bu günədək tibbi müayinədən keçmədiyini və bədənində ağrılar olduğunu bildirdiyi vurğulanır.
Bu məlumata 2 saylı Cəzaçəkmə Müəssisəsi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, hüquq-mühafizə orqanları saxlanan şəxslərə xüsusi zorakılıq törədilməsi ilə bağlı şikayətləri əsassız sayırlar.
A.Məmmədov bu il yanvarın 14-də 8 il azadlıqdan məhrum edilib. O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. O, ittihamı qurama, siyasi sayır.
Xatırlatma
Afiəddin Məmmədov 2022-ci ildə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, onlar işçilərin problemlərini işıqlandırıblar. Bu sahədə göstərdikləri fəaliyyətdən az sonra həm A.Məmmədov, həm də "İşçi Masası"nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamlar xuliqanlıq, narkotik və s. olub. Məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün barmaqlıqlar arxasında olduqlarını deyirlər.