Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 15:33

Aİ yenə genişlənmək istəyir. Növbədə hansı ölkələrdir


Kaya Kallas Brüsseldə Aİ-nin genişlənmə hesabatını təqdim edir
Kaya Kallas Brüsseldə Aİ-nin genişlənmə hesabatını təqdim edir

Xülasə

  • Brüsseldəki rəsmilər Aİ-nin genişlənməsinin yenidən gündəmdə olduğunu deyirlər.
  • Podqoritsa 2026-cı ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını yekunlaşdırmağı hədəfləyir.
  • Tirana hökuməti danışıqları 2027-ci ildə yekunlaşdırmağı planlaşdırır və Avropa Komissiyası bunu real sayır.
  • Moldova Ukrayna ilə yollarını ayırsa, üzvlük danışıqlarına başlaya bilər. Ukraynanın qarşısını bir ildən çoxdur Macarıstan kəsib.

Avropa Komissiyası 2029-cu ilin sonunadək, hazırkı beşillik mandat bitənədək yeni üzvləri qəbul etmək niyyətində ciddidir. Bunu Avropa İttifaqının (Aİ) icraedici qanadının illik genişlənmə hesabatına əsasən demək olar. Komissiya artıq dörd əsas namizədi müəyyənləşdirib: Albaniya, Moldova, Monteneqro və Ukrayna.

Hesabat noyabrın 4-də təqdim olunub və keçən ilin sonunda fəaliyyətə başlayan yeni komissiyanın ilk hesabatıdır. 10 potensial üzv ölkənin, o cümlədən Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Şimali Makedoniya, Serbiya və Türkiyənin proqresini (yaxud bunun olmamasını) qiymətləndirmək üçün hazırlanıb.

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak builki sənədin aşkar geosiyasi məzmun daşıdığını yazır.

Brüsseldəki rəsmilər Aİ-nin genişlənməsinin yenidən gündəmdə olduğunu deyirlər. Sonuncu dəfə 2013-cü ildə Xorvatiya bloka qoşulub. 2020-ci ildə Britaniyanın çıxması ilə Aİ tarixində ilk dəfə kiçilib.

Bu sürət dəyişikliyinin əsas səbəbi isə Rusiyanın 2022-ci ildə Ukraynada başlatdığı tammiqyaslı müharibədir. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın sözlərinə görə, "geosiyasi dəyişikliklər genişlənməni zəruri edir. Genişlənmə sadəcə yaxşı bir seçim deyil, dünya səhnəsində daha güclü oyunçu olmaq istəyiriksə, bu, bir zərurətdir".

Monteneqronun 2028 gözləntisi

R.Yozvyak Monteneqronun növbəti üzvü olmaq şansının böyük olduğunu yazır. Podqoritsa 2026-cı ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını yekunlaşdırmağı hədəfləyir. Elə hesabatda da bu ölkənin ambisiyalı hədəfə doğru getdiyi qeyd olunur.

Amma üzvlüklə bağlı yekun qərarı Aİ-nin 27 üzvü yekdilliklə verir. Podqoritsa 13 ildir danışıqlar aparır, 33 fəsil üzrə danışıqlara başlasa da, onların yalnız yeddisini bağlaya bilib. Daha beş məsələnin dekabra qapanması planlaşdırılır, amma Aİ diplomatları bunu çox nikbin gözlənti sayırlar.

Beləliklə, gələn il çox tez görünsə belə, Monteneqronun 2028-ci ildə Aİ-nin 28-ci üzvünə çevriləcəyinə dair ümumi gözlənti var.

Tiranada üzərində "Avropa" sözü olan işıqfor.
Tiranada üzərində "Avropa" sözü olan işıqfor.

Albaniya növbəti güclü namizəddir

Albaniya Aİ-yə üzvlük üçün növbəti ən güclü namizəd ola bilər.

Tirana hökuməti danışıqları 2027-ci ildə yekunlaşdırmağı planlaşdırır və Avropa Komissiyası bunu real sayır. Son 12 ayda Albaniya namizədlik üzrə təsirli proqres əldə edib: 33 fəsildən 28-ni açmağı bacarıb və qalan beş fəsil üzrə danışıqlara bu ayın sonunda başlanması gözlənilir.

Lakin əsas və daha çətin məsələ fəsilləri bağlamaqdır. Tirana həm də imic problemi ilə üz-üzədir: Ölkə getdikcə daha populyar turizm məkanına çevrilir, bir çox avropalılar orada sahil ərazilərində mülklər alırlar. Amma Albaniya hələ də mütəşəkkil cinayətkarlığın mərkəzi kimi mənfi reputasiyadan tam xilas ola bilməyib.

Elə Avropa Komissiyası da Tiranaya narkotik qaçaqmalçılarına qarşı araşdırmaları gücləndirmək, cinayətkar qrupları müəyyənləşdirib zərərsizləşdirmək üçün daha çox səylər göstərməyi tövsiyə edir.

Bəs Moldova və Ukrayna?

Bu iki ölkənin adı qoşa çəkilir, çünki 2022-ci ildə üzvlüyə birlikdə müraciət ediblər. Amma ayrılacaqlarına dair şayiələr də yayılıb.

Yolları ayrılsa, Moldova üzvlük danışıqlarına başlaya bilər. Ukraynanın qarşısını bir ildən çoxdur Macarıstan kəsib. Bu durum gələn ilin aprelində sonuncuda parlament seçkisinədək dəyişənə oxşamır.

Moldova Aİ-yə 2028-ci ildə, Ukrayna da elə bu onillikdə qoşulmağa ümid edir, baxmayaraq ki, Rusiyanın təcavüzkar müharibəsi davam edir.

Macarıstanı çıxmaqla, Aİ-nin qalan üzvləri Kişinyov və Kiyevlə texniki işi davam etdirməyə razılaşıblar.

Genişlənmə daha rahat getsinmi?

Genişlənmə prosesini daha praktik etməklə bağlı da danışıqlar gedir. Avropa Komissiyasının prezidenti Antoniu Koşta üzvlük danışıqlarının başlanması və bitməsi üçün yekdillik ideyasını ortaya atıb. Aİ üzvləri isə prosesi yavaşıtmaq üçün bəzi maneələrin olmasını istəyirlər.

Problem yaradan təkcə Macarıstan deyil: Bolqarıstan Şimali Makedoniyanı bloklayır, Xorvatiya Serbiyanı nəzarətdə saxlamaq istəyir.

Bu dörd namizəddən ən çətin durumda olanı Ukraynadır: həm ölçüsünə, həm də müharibənin yaratdığı problemlərə görə.

Avropa İttifaqı Albaniya, Moldova və Monteneqronu daha asanlıqla qəbul edə bilər. A.Koşta deyir ki, təxminən 600 min nəfərlik əhalisi olan Monteneqronu bu rəqəmlə Belçikanın Antverpen şəhəri ilə eynidir. Albaniya və Moldovanın hər birinin əhalisi 3 milyondan azdır və Romaya bənzəyir.

Bu ölkələr Aİ-nin 28-ci, 29-cu və 30-cu üzvlərinə çevrilərsə, təəccüblənməyin, - R.Yozvyak yazır.

XS
SM
MD
LG