Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Bu şəhərlərdə məktəblər bağlanır


Məktəblər açılır. Şagird və müəllimlər virusdan necə qorunacaq?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Məktəblər açılır. Şagird və müəllimlər virusdan necə qorunacaq? (Video arxiv)

Təhsil Nazirliyi bildirir ki, mövcud koronavirus pandemiyası şəraiti ilə bağlı olaraq növbəti həftədən (aprelin 5-dən) etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

"Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək", - məlumatda bildirilir.

Açıqlamaya görə, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin, şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur.

"Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir", - məlumatda vurğulanır.

Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib. 2020-2021-ci tədris ilinin başlanğıcında yalnız ibtidai siniflər məktəbə getmişdilər. Sonralar ənənəvi təhsil yuxarı siniflər üçün də qismən bərpa edilsə də, bir qədər sonra yenidən yoluxma artdığından məktəblər qapadılmışdı. Bundan əvvəlki tədris ilində, 2020-ci il martın 3-də də məktəblər qapadılmış və tədris ilinin sonuna kimi distant təhsilə keçilmişdi.

Koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 261 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 567 nəfərin vəfat etdiyi bildirilir. Azərbaycanda bu virusla bağlı vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndiyə qədər ölkədə 550 mindən çox insanın peyvənd olunduğu açıqlanıb.

XS
SM
MD
LG