"MeydanTV işi" üzrə həbsdə olan jurnalist Nurlan Libre ilə açıq görüşə icazə verilmədiyi deyilir.
Bu barədə onun xanımı Əsli Əlizadə bu gün, martın 3-də sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, açıq görüş Librenin ombudsmanla görüşdə Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovdan şikayət etməsindən sonra dayandırılıb: "Bu gün Nurlanla görüşə getdim, açıq görüşə icazə vermədilər. Ombudsmanla görüşdə təcridxananın rəisi Elnur İsmayılovu şikayət etdikdən sonra açıq görüşü kəsilib, telefon danışığı icazəsi azaldılıb".
Ə.Əlizadə yazır ki, ombudsmana təqdim etmək üçün ərizə və şikayətlər də Nurlanın əlindən alınaraq geri qaytarılmayıb.
O, jurnalistin səhhətinin də pisləşdiyini bildirir. Dediyinə görə, uzun müddətdir davam edən aclıq aksiyasının nəticələri artıq özünü göstərir: "Aclıq aksiyasının fəsadı olaraq başında ağrılar başlayıb, sürətlə çəki itirir. Həkimlər isə yalnız qan analizi götürmək və təzyiq ölçməklə kifayətlənirlər, başqa heç bir tədbir görülmür".
N.Libre yanvarın 16-da aclıq aksiyasına başladığını demişdi. Amma nə o vaxt, nə də indi xanımının yazdıqlarına rəsmi qurumlardan, Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.
"MeydanTV işi"
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə ötən ilin fevralda daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Libre və Fatimə Mövlamlı. Mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
MeydanTV və ToplumTV işləri üzrə məhkəmələr davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. Onların sözlərinə görə, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.