Dövlət Vergi Xidməti (DVX) "MeydanTV işi" üzrə həbsdə olan 12 jurnalistə qarşı 79 min 589 manatlıq mülki iddia qaldırıb. Bu iddia dekabrın 22-də jurnalistlərin məhkəməsində açıqlanıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. DVX-nin təmsilçisi mülki iddiaçının nümayəndəsi qismində məhkəməyə qatılıb.
Dekabrın 22-dəki məhkəmədə prokuror "MeydanTV işi" üzrə ittiham aktını elan edib. Daha öncə jurnalistlər və onların vəkilləri bir sıra məsələlərlə bağlı vəsatətlər qaldırıblar.
Vəkil Zibeydə Sadıqova jurnalistlərin məhkəmə prosesində audioyazı və videoçəkiliş aparmasına icazə verilməsini istəsə də, hakimlər bu vəsatəti təmin etməyib.
MeydanTV-nin redaktoru Aynur Qəmbərovanın II qrup əlil kimi aldığı pensiyanın üzərinə həbs qoyulması, bu vəsaitin köçürüldüyü bank kartının ona qaytarılmaması, eləcə də həbsinədək həmişə yanında olan iti Maksla təcridxanada görüşünə icazə verilməsi kimi vəsatətlər də müzakirə edilib. Hakimlər hər iki məsələ haqqında uyğun dövlət qurumlarına sorğular göndərilməsinə qərar veriblər.
"Göstər, göstər hər nə var, xalqın öyrənmək istər..."
Təqsirləndirilən jurnalistlərdən arqument.az saytının baş redaktoru Şəmşad Ağayev vəsatət verib ki, xüsusi formalı nömrələnmiş blanklar məhkəməyə təqdim olunsun. O bildirib ki, qanuna görə, bütün prosessual qərarlar xüsusi formalı blanklarda tərtib olunmalıdır: "Qanunun bu tələbi pozularsa, qərarlar xüsusi blanklarda olmazsa, o qərarların hüquqi qüvvəsi yoxdur".
Hakimlərin vəsatəti təmin etməməsi Ş.Ağayevin etirazını doğurub. O, heç bir hüquqi keçərliyi olmayan sənədlərlə məhkəmə keçirildiyini vurğulayıb: "Siz bu vəsatəti təmin etməməklə göstərirsiniz ki, bu, məhkəmə deyil, məzhəkədir".
Vəkil Rövşanə Rəhimova sübutların qiymətləndirilməsi qərarının indiyədək müdafiə tərəfinə verilmədiyini, təqsirləndirilən jurnalistlərdən Ülviyyə Quliyeva və Fatimə Mövlamlı isə evlərindən götürülmüş elektron avadanlığın (telefon, planşet və kompüterlərin) ailələrinə qaytarılmadığını hakimlərin diqqətinə çatdırıb.
Ardından prokuror ittiham aktını açıqlamağa başlayıb. Təqsirləndirilən şəxslərin qaçaqmalçılıqda suçlandığı elan edilərkən jurnalistlər "Arşın mal alan" filmindən musiqili parçanı fərqli sözlərlə oxumağa başlayıblar:
"Qaçaqmalçı, mal göstər,
Mülklərini aç göstər.
Göstər, göstər hər nə var,
Xalqın öyrənmək istər".
"MeydanTV işi" üzrə məhkəmə yanvarın 16-da davam edəcək.
Xatırlatma
MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs edilib.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı saxlanılıb.
Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar.
Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar.
İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə hələ davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. Onların iddiasına görə, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.