Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:54

Azərbaycan ABŞ-a 8 milyard dollar yatırıb


E.Məmmədyarov

«Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərlə mübarizə sahələrindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub».

Bunu sentyabrın 24-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 2-ci Xəzər Biznes Forumunda bildirib. Onun Forumdakı çıxışının mətnini Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Nazirin sözlərinə görə, Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir. Eyni zamanda, onun qeyd etməsinə görə, Azərbaycan ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

«2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub. ABŞ bugünə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard dollarından çox investisiya qoyub. 250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil edib...».

Məmmədyarov ABŞ şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakından da danışıb.

Xatırlatma

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri də Rusiyadır. Rəsmi açıqlamalara görə, təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2.5 milyard dollardan çox olub.

İqtisadiyyat naziri Şahin Mustafayevin bu yaxınlarda bildirdiyinə görə, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, kənd təsərrüfatı və başqa sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir.

Rəsmi qurumların açıqlamasında vurğulanıb ki, Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına indiyə kimi 4.7 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1.2 milyard dollardan çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG