Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:53

Penitensiar Xidmət: 'İ.Rəhimov aclığı dayandırıb'


İ.Rəhimov

Penitensiar Xidmət reallıq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun aclıq aksiyasını dayandırdığını açıqlayıb.

Bu barədə bugün, sentyabrın 5-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. Amma M.Sadıqov məsələ ilə bağlı geniş açıqlama verməyib.

Bu deyilənlərlə bağlı İ.Rəhimovun ailəsi isə məlumatsız olduqlarını söyləyib.

Avqustun 7-dən aclıq aksiyasına başladığını açıqlayan İ.Rəhimovun ailəsi dünən, sentyabrın 4-də onun səhhətinin kəskin pisləşdiyini bəyan etmişdi.

'İ.Rəhimovun həyatına real təhlükə yaranıb' –Ailəsi

Bakıdakı 1 saylı İstintaq Təcridxanasında avqustun 7-dən aclıq aksiyası keçirdiyi bildirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun vəziyyətinin pisləşdiyi söylənir.

Bu barədə İ.Rəhimovun yaxınları sentyabrın 4–də bildiriblər. Onların sözlərinə görə, İ.Rəhimovun həyatına real təhlükə yaranıb.

«Bizə bugün, sentyabrın 4-də istintaq təcridxanasından dedilər ki, İkramın sağlıq dururmu kritik həddə çatıb, böyrəklər funksiyasını yerinə yetirmir, başqa orqanların da fəaliyyəti pozulub. Onun həyatına real təhlükə yaranıb», - ailə üzvləri belə söyləyiblər

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Həbsdəki İ.Rəhimovun 15 kq çəki itirdiyi bildirilir

realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun 27-ci gündür aclıq aksiyası keçirdiyi və 15 kilo çəki itirdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna İ.Rəhimovun yaxınları məlumat verib. Onlar avqustun 31-də redaktorla saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüklərini söyləyirlər.

Yaxınların vurğulamasına görə, İ.Rəhimov həkimlərin nəzarəti altında olsa da, uzunmüddətli aclıq ciddi fəsadlara səbəb ola bilər. Onların sözlərinə görə, lakin onun özü aksiyanı davam etdirmək niyyətini gizlətməyib: «İkram çox halsızdır, lakin bildirdi ki, ona qarşı edilən haqsızlıqlara görə aclığı davam etdirmək niyyətindədir. O deyir ki, həbsi qanunsuzdur...».

«Turan» agentliyinin xəbərinə görə, Penitensiar Xidmətin ictimaiyyətə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bu gün, sentyabrın 2-də onlara bildirib ki, İ.Rəhimov həkimlərin nəzarətindədir və səhhətində ciddi problem yoxdur. M.Sadıqov onun aclıq aksiyasını davam etdirib-etdirmədiyi haqqında konkret heç nə söyləməyib. Amma ötən həftə bu qurumdan onun aclıq aksiyası keçirdiyi təsdiqlənmişdi.

İ.Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. Avqustun 7-də elə Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olmuşdu. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək, onların yenidən dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin edilməmişdi.

Müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG