Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:16

Donuz qripi ilə bağlı xüsusi palatalar ayrılıb - Nazirlik


Səhiyyə Nazirliyi

«Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb».

Bu məlumat Səhiyyə Nazirliyinin bu gün, yanvarın 7-də yaydığı açıqlamada yer alır.

Həmin açıqlamada qeyd olunur ki, Azərbaycanda mövsüm ərzində donuz qripinə yoluxma halları qeydə alınmayıb: «Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir. Tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir. Şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır».

Nazirlik bildirir ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılmasından ötrü Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb: «Onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib. Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, donuz qripi aşkar olunmayıb».

Xatırlatma

Azərbaycanla həmsərhəd Gürcüstanda donuz qripi aşkarlandığı və bu xəstəlikdən bir neçə nəfərin öldüyü bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus «donuz qripi» adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Həmin viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

Donuz qripinə yoluxma ilk dəfə 2008-ci ilin aprelində baş verib.

Multimedia

XS
SM
MD
LG