Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:13

Həbsdəki bloqqerin anası ilə görüşünə icazə verilməyib


M.Hüseynov

Həbsdə olan bloqqer Mehman Hüseynovun ağır xəstə olduğu deyilən anası ilə görüşməsindən ötrü vəkilinin verdiyi müraciətə Penitensiar Xidmət mənfi cavab verib.

Vəkil Şəhla Hümbətova bu barədə məlumat yayıb. Onun bildirməsinə görə, Penitensiar Xidmət öncə məhkumların qanunvericilikdə hansı hallarda qısa müddətə səfərə getməsinə icazə ilə bağlı normaları xatırladıb. Vəkil vurğulayıb ki, xatırladılan normalara görə, M.Hüseynova qısa müddətə səfərə icazə verilə bilər.

«Lakin məhkum Mehman Hüseynov cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınıb. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməyib. Habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməyib. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq məhkum M.Hüseynovun qısa müddətli səfərə buraxılması məqsədə müvafiq hesab olunmur», - Penitensiar Xidmət yazıb.

M.Hüseynovun anası Firəngiz Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanır.

Vəkilli bu üzdən M.Hüseynovun müvəqqəti buraxılmasından ötrü rəsmi qurumlara müraciət etmişdi. Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirmişdi ki, müraciətə qanun çərçivəsində baxılacaq.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG