Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:18

AXCP fəalı: 'Həbsdən buraxılmaq mənim haqqımdır'


AXCP

İyulun 24-də Nəsimi Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmədə cəbhəçi fəalın özü də iştirak edib.

Qapalı keçirilən məhkəmə iclasında A.Məhərrəmlinin vəkili Aqil Layıcov vəsatətini əsaslandırandan sonra özü də danışıb.

«Məlum məsələdir ki, ittiham qondarmadır, mən də günahsızam. Özümü də qətiyyən təqsirli bilmirəm. Ona görə həbsdən buraxılmaq mənim haqqımdır», – A.Məhərrəmli belə deyib.

Lakin hakim Babək Pənahov onu ev dustaqlığına buraxmaqdan imtina edib – vəsatət təmin olunmayıb.

Gənc fəalın vəkili A.Layıcov AzadlıqRadiosuna bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG