Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:45

Saxlanan hüquq müdafiəçisi anası ilə danışıb


T.Xasməmmədov

«Taleh Xasməmmədov hələ də Göyçay Rayon Polis Şöbəsində saxlanır».

Bunu AzadlıqRadiosuna Göyçayda yaşayan hüquq müdafiəçisi T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova bildirib.

G.Xasməmmədova dünən, aprelin 19-da axşam saatlarında oğlu ilə əlaqə saxladığını söyləyib: «Axşam idi, zəng etdi. Polisə müqavimət, xuliqanlıq etdiyinə görə saxlanması barədə deyilənləri əsassız adlandırdı. Mənə dedi ki, polis şöbəsinə gətiriləndən buradadır. Bir də eşidir ki, polisə müqavimət göstərməsi, xuliqanlıq etməsi barədə xəbərlər yayırlar. Yayılan rəsmi məlumatların bir daha həqiqətəuyğun olmadığını söylədi».

G.Xasməmmədova bildirib ki, oğlu hələ də vəkilsizdir: «Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə bu gün, aprelin 20-də məhkəməyə aparılma ehtimalı var».

Həmin maddə ilə hüquq müdafiəçisini 3 ildən 7 ilə kimi həbs gözləyir.

Hüquq müdafiəçisi dünən aprelin 19-da saxlanıb.

DİN nə deyirdi...

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti də açıqlama verib. DİN-dən APA-ya bildirilib ki, T.Xasməmmədov 3 polis işçisinə xəsarət yetirməkdə günahlandırılır.

Mətbuat xidmətinin açıqlamasına görə, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları T.Xasməmmədovu yol-hərəkət qaydasını pozduğuna görə saxlayıblar:

«Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T.Xasməmmədov xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən üç polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib»

Bu məsələ ilə bağlı Göyçay RPŞ-də araşdırmalar aparıldığı bildirilirdi.

Ancaq G.Xasməmmədova AzadlıqRadiosuna demişdi ki, oğlunun avtomobilinin cəriməsi olsa da, bunu ödəməyə hazır idi.

Xatırlatma

T.Xasməmmədov əvvəlcə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İ.Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG