Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Ceyhun bəy Hacıbəylinin obrazı səhnədə


“Nuri-didə Ceyhun” əsərinin məşqləri zamanı
“Nuri-didə Ceyhun” əsərinin məşqləri zamanı

Dövlət Musiqili Teatrında Ceyhun bəyin həyatından bəhs edən tamaşa hazırlanır.

Musiqili Teatrda yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsərinin məşqlərinə başlanıb.

Teatrdan AzadlıqRadiosu-na verilən xəbərə görə, tamaşa Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Ceyhun bəy Hacıbəylinin həyatından bəhs edir. Ancaq Ceyhun bəy 1919-cu ildə Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin ümumiləşdirilmiş obrazıdır.

Buna da bax: Ceyhun Hacıbəylinin 'Qürbətdən gələn səslər”i “eşidildi'

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Əli Əmirli ikihissəli “Nuri-didə Ceyhun” pyesinin janrını musiqili yuxu-kollaj kimi təyin edib.

Pyesin adı Üzeyir bəy Hacıbəylinin Parisə qardaşı Ceyhun bəyə yazdığı məktubların müraciətindən götürülüb. Üzeyir bəy məktublarında kiçik qardaşına belə üz tuturdu: “Nuri-didəm (gözümün işığı - red.) Ceyhun!”

Tamaşada rolları Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edirlər.

Quruluşçu dirijor Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhimov, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, dirijor Səməd Süleymanov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Buna da bax: Selcuk Önal: “İndiki hakimiyyətdən Rəsulzadəyə gərəkən sevgi və sayğı göstərməsini istəyirik”

Tamaşada böyük Hacıbəylilər soyadının daşıyıcılarının- Üzeyir bəy Hacıbəylinin, Soltan Hacıbəyovun və Niyazinin musiqisindən istifadə olunacaq.

Ceyhun bəy 1891-ci ildə Şuşada doğulub. XX əsrin əvvəllərində qardaşı Üzeyir bəylə birlikdə Bakıya gələrək neft Bakısının mədəni həyatına qatılıb.

“Leyli və Məcnun” operasının yaranmasında və tamaşaya qoyulmasında qardaşına əvəzsiz yardım göstərib.

Əvvəlcə Peterburq universitetinin hüquq fakültəsində, sonra Parisdə-Sorbon universitetində təhsil alıb.

“Kaspi", "Proqress", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirib, "Известия", "İttihat" və Cümhuriyyət parlamentinin orqanı olan "Азербайджан" (rusca) qəzetlərinin redaktoru olub.

Buna da bax: AzadlıqRadiosu belə doğuldu (AUDİO)

1919-cu ildə Parisə yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində fransız dilini gözəl bilən Ceyhun Hacıbəyli də vardı.

Təəssüf ki, bu, son gediş olub və Ceyhun Hacıbəyli bir daha nə doğma Şuşanı, nə sevimli Bakını, nə də əziz qardaşını görə bilib.

Ceyhun bəy bütün ömrünü Parisdə yaşamağa məcbur qalıb. Amma sonadək Azərbaycan davasını sürdürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG