Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Müsavatın təşkilat sədri 2 il 6 ay azadlıqdan məhrum edilib


Müsavat Partiyasının Masallı təşkilatının sədri Xasay Fərzulla

Bu gün, oktyabrın 3-ü Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Bu haqda məhkəmə prosesində iştirak edən şəxslər məlumat verib.

Verilən məlumata görə, məhkəmənin qərarı hökm qüvvəyə mindikdən, yəni apelyasiya şikayətinə baxıldıqdan sonra icra ediləcək. Əgər Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, o halda Xasay Fərzulla məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndəriləcək.

Buna da bax:​ Masallıda müsavatçının məhkəməsi başlayıb

Prokuror onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xasay Fərzulayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülmüşdü. O, idarə etdiyi avtomobillə rayonun Bədəlan kəndi ərazisində kənd sakini Rauf Tağıyevi vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb. Onun həyatını xilas etmək mümkün olub.

Yol-nəqliyyat hadisəsi bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində baş verib.

Vəkilləri məhkəmə prosesində demişdilər ki, zərərçəkən qəfildən yola çıxıb. Qəzadan qaçmaq mümkün olmayıb.

Buna da bax: Müsavat partiyası referendum keçirilməsini istəyir

X.Fərzulla özü isə qəza ilə bağlı aparılan istintaqın “siyasiləşdirildiyini” söyləmişdi:

“Boradigah kənd ərazi nümayəndəsi polisə mənimlə bağlı xasiyyətnamə verib. Orda mənim cəmiyyət həyatında müsbət rolumun olmamasını, Müsavat Partiyasının Masallı təşkilatının sədri olmağımı xüsusi vurğulayıb. Bu işi hüquqi müstəvidən uzaqlaşdırır”.

Xasay Fərzulla şahid ifadələrində də uyğunsuzluğun olduğunu qeyd edib:

“Ekspertiza hər şeyi izahatımda yazdığım kimi çıxarıb, amma sonda bir cümlə əlavə edib ki, hadisə zamanı avtomobili saxlamağa texniki imkanım olub”.

Buna da bax:​ Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’

Xatırlatma

Bundan öncə gənc fəal, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubluya ölümlə nəticələnən avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Prezidentliyə keçmiş namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə də avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Yasamal Rayon Məhkəməsi onun barəsində 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar vermişdi.

Buna da bax:​ Nigar Yaqublu: Bu işdə qalib tərəf mənəm

Hər iki olayla bağlı məhkəmənin sifarişli olduğu, müxalifətçiləri cəzalandırmaq məqsədi daşıdığı bildirilirdi. Müxalif düşərgədə olan düşüncəyə görə, hakimiyyət təmsilçilərinə yaxın şəxslər ağır avtomobil qəzaları törədəndə belə onlar məsuliyyətdən yayınırlar.

Hakimiyyət rəsmiləri isə bu iddiaları rədd edirlər. Həm qeyd edilən faktlarla bağlı, həm də ümumilikdə qanunun tələblərinə uyğun şəkildə hökm çıxarıldığını bəyan edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG