Keçid linkləri

2025, 17 Dekabr, çərşənbə, Bakı vaxtı 06:28

Prezident amnistiya təşəbbüsü ilə çıxış edib


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev "Konstitusiya və Suverenlik İli" (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərin, bu əməliyyatlarda həlak olmuş, yaxud itkin düşmüş insanların yaxın qohumları, "Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı" nəticəsində əlil olanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.

Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxildir.

Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.

Layihə Milli Məclisə təqdim olunub.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.

Bundan öncə Azərbaycanda amnistiya 2021-ci ildə, "Zəfər Aktı" adı altında qəbul edilib. Ölkədə bir çox siyasi məhbus sayılan şəxslər həmin amnistiyaya düşməmişdi və bunu hüquq müdafiəçiləri tənqidlə qarşılamışdılar. Onlar deyirdilər ki, həmin Amnistiya aktı siyasi məhbus sayılan şəxslərdən cəmi iki nəfərə şamil edilib.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Zahid Oruc
Zahid Oruc

Deputat: "İstintaq altında olan şəxslər də amnistiyadan faydalana biləcəklər"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyir ki, əfv sərəncamlarından fərqli olaraq Amnistiya qanunvericiliyə, cinayət məcəlləsinə tətbiq edilir.

Deputat düşünmür ki, layihədə siyasi məhbus kimi tanınan şəxslərə aid edilməməsi üçün ayrı maddələr seçilə bilər: "Əksinə, ona bütöv yanaşdığımızda daha obyektiv olacaq. Mən söylədim ki, hal-hazırda hökm çıxarılmayan, istintaq altında olan şəxslər də amnistiyadan faydalana biləcəklər. Əgər onların bu dəqiqə mühakimə edildiyi maddə amnistiyaya düşəcəksə".

Amma III Respublika Platformasının qurucu üzvlərindən Araz Əliyevin Amnistiya Aktı ilə bağlı böyük gözləntiləri yoxdur. Onun fikrincə, hakimiyyətin xüsusilə siyasi müxalifət, vətəndaş cəmiyyətinin üzvləri və jurnalistlərin həbsi ilə bağlı geri atmaq fikri yoxdur: "Bəli, bəzi şəxslərin buraxılma ehtimalı hər zamankından daha çoxdur. Hansı ki, onların məhkəmə prosesi bitib, onlara verilən həbs müddətinin bir hissəsi başa çatıb və artıq onların həbsdə qalmağının hakimiyyətə bu və ya digər şəkildə bir qazancı yoxdur".

Onun sözlərinə görə, belə insanlarla bağlı hansısa bir tədbirlər görülə bilər: "Amma yenə də unutmamaq lazımdır ki, Azərbaycan hakimiyyətinin avtoritar meylləri var və o, ona xüsusilə siyasi müstəvidə rəqib olan şəxslərlə amansız mübarizə aparır. O baxımdan, siyasi müstəvidə olan və fəaliyyəti sırf hakimiyyətə qarşı birbaşa yönələn şəxslərin hansısa formada azad olunacağı ilə bağlı, açığı, gözləntilərim azdır".

XS
SM
MD
LG