Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:13

Gəmiçiliyin inzibati binası əmlak komitəsinə veriləcək


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) M.Ə. Rəsulzadə küçəsindəki köhnə inzibati binasından H. Əliyev prospektində yeni inşa olunmuş «Çinar Plaza» iş mərkəzinə köçüb. Gəmiçiliyin mətbuat xidmətindən AzadlıqRadiosu-na deyiblər ki, burada icarəyə götürülən iş otaqları əvvəlkindən 25 faiz genişdir.

Gəmiçiliyin mətbuat katibi Mehman Mehdiyev ünvanın dəyişməsi səbəblərindən danışıb. Əsas səbəb kimi 100 ildən çox tarixi olan, müasir tələblərə cavab verməyən mövcud inzibati binada normal fəaliyyət göstərməyin çətin olduğu önə çəkilir.

Buna da bax:​ Azərbaycan yeni gəmisini istismara verir

Səs-küydən işləmək olmurmuş

«Bundan əlavə, binanın şəhərin mərkəzində, ticarətin sıx və turizm üçün əhəmiyyətli hissəsində yerləşməsi, beynəlxalq tədbirlər və idman yarışları zamanı həmin ərazidə nəqliyyatın sıxlığının yaranması köçmək barədə qərarın verilməsində az rol oynamayıb. Mən hələ əməkdaşların və gəmiçiliyə gələn qonaqların avtomobillərinin dayanacağı üçün ərazinin olmamasını, iş saatlarında ərazinin həddindən artıq səs-küylü olmasını demirəm», – gəmiçiliyin sözçüsü əlavə edib.

Yeni bina tikiləcək

Amma qurum rəhbərliyi «Çinar Plaza»da da çox qalmağı düşünmür. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə AXDG-yə yeni inzibati binanın tikintisi məqsədi ilə torpaq sahəsi ayrılıb. Hazırda yeni inzibati binanın layihəsi dövlət orqanlarında texniki ekspertizadan keçirilir.

Buna da bax: Nəzarət olunacaq iri dövlət şirkətlərinin sayı artır

Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 5 ünvanında yerləşən inzibati bina, hələlik, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin balansındadır. M. Mehdiyev AzadlıqRadiosu-na deyib ki, həmin bina qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına qaytarılacaq.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması 2013-cü ilin oktyabrında ləğv edilib. Onların əsasında «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC yaradılıb. Gəmiçiliyə məxsus donanma neft-qaz yataqlarının istismarına xidmət edir, Xəzər, Qara və Aralıq dənizlərində quru yük və neft daşımaları ilə məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG