Almaniyadan Azərbaycana readmissiya olunduqdan sonra həbs edilən Samir Aşurovun 2 saylı Cəzaçəkmə Müəssisəsində keçirdiyi aclıq aksiyasını dayandırdığı bildirilir.
Xanımı Nura Aşurovanın yanvarın 4-də yaydığı məlumata görə, S.Aşurov ona zəng edərək aclıq aksiyasını səkkizinci günündə dayandırdığını söyləyib. "Bildirdi ki tələbləri yerinə yetirilib və bir daha zorakılıq olmayacağına söz verilib. Həm də aclıq səhhətinə çox pis təsir edib. Dedi ki, "özümü yaxşı hiss etmirəm, ciyərlərimdə ağrı hiss edirəm, ayaqda güclə dura bilirəm"", - xanımı əlavə edib.
Bu açıqlamanı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
2 yanvar
Xanımı Samir Aşurovun üç gün cərimə kamerasında saxlandığını deyir
Almaniyadan Azərbaycana readmissiya olunduqdan sonra həbs edilən Samir Aşurovun 2 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasında (karser) üç gün saxlandıqdan sonra oradan çıxarıldığı deyilir.
Bununla bağlı onun xanımı Nura Aşurova yanvarın 1-də məlumat yayıb.
Onun vurğulamasına görə, amma S.Aşurov aclıq aksiyasını davam etdirir.
Bu məlumatları Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
1 yanvar
Samir Aşurovun cərimə kamerasına salındığı deyilir
Almaniyadan Azərbaycana readmissiya olunduqdan (qaytarıldıqdan) sonra həbs edilən Samir Aşurovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (karser) salındığı bildirilir.
Bu barədə məlumat yayan onun xanımı Nura Aşurova daha əvvəl isə ərinin müəssisədə döyüldüyünü açıqlamışdı.
O vurğulayıb ki, aldığı məlumata görə, həyat yoldaşının döyülmə səbəbi "guya təyin olunmamış yerdə siqaret cəkməsi" və yeməkxanaya 18 manat borcunun yaranması ilə bağlıdır.
N.Aşurovanın sözlərinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində olan məhbuslar Siyasi Məhbusların Müdafiə Komitəsi təsis etdikdən sonra onlara təzyiqlər daha da artıb.
Bütün bu açıqlamalara Penitensiar Xidmət və sözügedən müəssisənin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ötən ilin noyabrında 2 saylı Cəzaçəkmə Müəssisəsində S.Aşurov və daha bir neçə məhbusun Siyasi Məhbusların Müdafiə Komitəsi təsis etdikləri haqqında məlumat yayılmışdı.
29 dekabr
Samir Aşurovun həbsdə döyüldüyü bildirilir
Almaniyadan Azərbaycana readmissiya olunduqdan (qaytarıldıqdan) sonra həbs edilən Samir Aşurovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə məlumatı onun xanımı Nura Aşurova Facebook səhifəsində paylaşıb.
Aşurovanın sözlərinə görə, əri döyülüb və əməkdaşlarla mübahisə edəcəyi halda, cərimə kamerasına salınacağı ilə hədələnib.
S.Aşurovun həmin davranışlara etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir. Xanımı vurğulayır ki, dekabrın 27-də telefon danışığı zamanı Aşurov baş verənləri danışmağa çalışarkən əlaqə qəfil kəsilib.
N.Aşurova həmçinin S.Aşurovun səhhətində problemlərin olduğunu, şəkər xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.
İddialara sözügedən müəssisənin rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Qurum adətən bu tipli şikayətləri təkzib edir və müəssisələrin yalnız qanunlar çərçivəsində idarə olunduğunu vurğulayır.
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S.Aşurov 20 gün sonra saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib. Aşurov əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanıb. Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. 2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri S.Aşurovu siyasi məhbus kimi tanıyıblar. O, ittihamı qurama sayır.
Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Xatırlatma
Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.