Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:32

Milli QHT Forumu Rusiya səfirinə açıq məktub ünvanlayıb

Putin 'AZAL qəzası' ilə bağlı vədinə əməl etmədi
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Putin 'AZAL qəzası' ilə bağlı vədinə əməl etmədi

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.

Müraciət Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycan baş prokuroruna ünvanladığı bildirilən məktub ilə əlaqədardır.

Müəlliflər vurğulayırlar ki, bu cinayət işinə xitam verildiyinin elan edilməsi "anlaşılmaz və qəbuledilməzdir".

Qeyd edildiyinə görə, Rusiya tərəfi Azərbaycandan üzr istəməklə məsələni bağladığını düşünürsə, kökündən yanılır. "Günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir", - məktubda əlavə edilir.

Məktuba Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

26 dekabr

Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqı dayandırıbmı?

Azərbaycanın gözləntiləri Rusiya prezidentinin Düşənbədə olan açıqlamalarına uyğun olaraq prosesin başa çatdırılmasıdır.

Azərbaycanın yerli saytlarının məlumatına görə, bunu dekabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib və cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub.

Bu açıqlamaya Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Qəza ilə bağlı həm Rusiyada, həm də Azərbaycanda cinayət işi açıldığı və Qazaxıstanda da təhqiqatın davam etdiyi bildirilirdi.

25 dekabr

Rusiya AZAL təyyarəsinin vurulmasına görə kompensasiyanı hələ də ödəməyib

Bakı ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması üzrə təhqiqatın bitməsini gözləyir və kompensasiyaların tezliklə ödəniləcəyinə ümid edir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev lenta.ru saytına müsahibəsində deyib.

"Ümid edirik, maliyyə kompensasiyalarının ödənməsi və faciəyə görə günahkarların məsuliyyətə cəlbi ilə bağlı bütün məsələlər qısa zaman ərzində, ölkələrimizi bağlayan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqəsi ruhunda həllini tapacaq. Oktyabrın 9-da Düşənbədə verilən bəyanatlar və əldə olunan razılaşmalar bu yöndə vacib addımdır", – səfir vurğulayıb.

R.Mustafayev hazırda ikitərəfli əlaqələrdə fundamental məsələnin dekabr faciəsi ilə bağlı bütün məsələlərin "tezliklə və ədalətlə" tənzimlənməsindən ibarət olduğunu bildirib.

Aktaudakı qəzaya 'döyüş başlığı' səbəb ola bilərdi

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasına "döyüş başlığının dağıdıcı elementləri" səbəb ola bilərdi. Bu qənaətə Qazaxıstan Nəqliyyat Nazirliyi gəlib. Qurum dekabrın 25-də təyyarə qəzası ilə bağlı aralıq hesabatını açıqlayıb.

"Partlayıcı maddə izi tapılmayıb. Ekspertizaya təqdim olunmuş üç oksigen balonunda partlayış izi aşkarlanmayıb. Təyyarənin zədələnməsinə döyüş başlığının dağıdıcı elementləri səbəb ola bilərdi. Ancaq onların dəqiq mənbəyini müəyyən etmək mümkün deyil", – hesabatda deyilir.

Komissiyada Azərbaycan, Rusiya və Braziliya təmsilçiləri, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müşahidəçi təmsil olunur.

Komissiya təyyarənin hidravlik sisteminin "metalın bərk əşya ilə kontakt nəticəsində partlaması" nəticəsində zədələndiyini bildirir.

Azərbaycan Rusiyanın AZAL açıqlamasını rədd etdi: 'Rusiya təzminat verməli olacaq'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

AZAL təyyarəsinin qəzasından 1 il ötür

Bu gün, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin Bakı-Qroznı aviareysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya düşməsindən 1 il ötür.

Qəzada 38 nəfər həlak olub. 29 nəfərin həyatı isə xilas edilib.

Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar. Onlar hesab edirlər ki, təyyarəyə Rusiya ərazisində müdaxilə olub və o, Qazaxıstana doğru istiqamət alıb.

Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edib.

Bu məsələ iki ölkə arasında müəyyən dövr gərginliklə də müşahidə edilib. Kreml rəhbərliyi hadisə ilə bağlı əvvəlcə üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Lakin bu vədin verilməsindən də aylar keçsə də, Azərbaycanın gözləntilərinin yerinə yetirilməsi ilə bağlı hər hansı yenilik açıqlanmayıb. Hərçənd elə bir gün əvvəl iki ölkə prezidenti telefonla danışsalar da, (prezident İlham Əliyevin doğum günü münasibəti ilə) bu məsələ ilə bağlı hər hansı açıqlama yayılmayıb.

Qəza Qazaxıstan ərazisində baş verdiyindən araşdırmanı da bu ölkə aparır. Qərb mətbuatının yazdıqlarına görə, ABŞ və bir çox ölkələr araşdırmada iştiraka hazır olduqlarını bildirsələr də, təmin edilməyib.

Qazaxıstan isə hələlik ilkin hesabatı açıqlayıb.

İlkin hesabat

Təqribən 11 ay əvvəl, fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında AZAL-ın "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc etdi. Hesabatda qeyd edilirdi ki, təyyarə yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.

Hesabatda qəzanın səbəbi kimi əvvəllər dilə gətirilən "quş sürüsü ilə toqquşma" və "oksigen balonun partlaması" kimi versiyalar da təsdiqini tapmayıb.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilkin hesabatın açıqlanmasından dərhal sonra bəyan etməsinə görə, artıq təsdiqlənir ki, "hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib".

Yekun hesabatın isə nə vaxt açıqlanacağı bəlli deyil.

Hələlik isə "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının qərarı ilə həmin təyyarədə olub xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcəyi açıqlanıb.

XS
SM
MD
LG