«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirliyə bəraət verilməsi istənilir.
Onun vəkili Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiklərini bildirib.
“İyulun 24-də Səbail Rayon Məhkəməsinin Faiq Əmirlini 3 il 3 ay azadlıqdan məhrum edən hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişik. Şikayətimizdə hökmün qanunsuz və əsassız olması səbəbindən onun barəsində bəraət hökmünün çıxarılmasını tələb etmişik”, – vəkil bildirib.
Apellyasiya şikayəti artıq, icraata qəbul edilib.
Buna da bax: Faiq Əmirliyə 3 il 3 ay cəza verildi
Faiq Əmirlinin apellyasiya şikayətinə avqustun 31-də hakim Vaqif Mursaqulovun sədrlik etdiyi məhkəmə heyəti baxacaq.
XATIRLATMA
Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü.
Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.
Buna da bax: Lalə Əmirli: 'Bir ildə mən səbr etməyi öyrəndim'
F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.
O, 3 il 3 ay azadlıqdan məhrum edilib.
AXCP Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.