Azərbaycanda yaş məhdudiyyəti qoyulan sosial şəbəkələrin qaydalarını pozanlara yeni cərimələr tətbiq olunacaq.
Milli Məclisin komitələri bu gün, iyunun 8-də bununla bağlı qanun layihəsini müzakirə edib.
Cərimələr nə qədərdir
Məlumatın gecikdirilməsi: Məlumatı dövlətə vaxtında verməyən və ya onu təhrif edən vəzifəli şəxslər 6000-7000 manat, şirkətlər isə 15-20 min manat cərimələnəcək.
Sorğuların cavablandırılmaması: Dövlətin sorğusuna 5 iş günü ərzində cavab verməyən vəzifəli şəxslər 7000-8000 manat, şirkətlər 25-30 min manat ödəyəcək.
Yaş qaydalarının pozulması: Yaş məhdudiyyəti qaydalarını pozan vəzifəli şəxslər 8000-9000 manat, şirkətlər 35-40 min manat cərimə olunacaq.
Yaş məhdudiyyəti necə olacaq
16 yaş qadağası: 16 yaşı tamam olmamış uşaqlara sosial şəbəkələrdə fərdi hesab (profil) açmaq qadağan olunacaq.
16-18 yaş qrupu: 16-18 yaşlılar üçün daha yumşaq, amma xüsusi nəzarətli qeydiyyat qaydaları tətbiq ediləcək.
Platformaların siyahısı: Sərt qaydaların hansı sosial şəbəkələrə şamil olunacağını müvafiq dövlət qurumu müəyyənləşdirəcək.
Bu il Azərbaycanda bir çox sahələrdə cərimələr artırılıb. Əvvəllər ekspertlər bunu neftin ucuzlaşması ilə əlaqələndirirdi. Son üç ayda isə neftin qiyməti təxminən 60 faiz bahalaşıb.
27 fevral
Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti olacaq
Prezident İlham Əliyev "uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər.
Habelə, məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır.
Xatırlatma
Amma belə hal dünyada bir elə də yayılmayıb. Yalnız ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz azadlığı müdafiəçiləri isə tənqid ediblər.
Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.
Azərbaycanda isə bəzi ekspertlər hökumət orqanlarının bu məhdudiyyətdən sui-istifadə edəcəklərindən narahatdırlar. Onların fikrincə, ölkədə fundamental azadlıqlar qorunmur. Hərçənd, rəsmilər bununla razı deyillər.