Azərbaycan xəbərləri
Azərbaycan prezidenti İran nazirini qəbul edib, Bakıda birgə iclasları var
Prezident İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, ikitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Əliyev Azərbaycanla İranın birgə reallaşdırdığı layihələrin həm ölkələri, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.
Söhbət zamanı fevralın 23-də Bakıda keçiriləcək "Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası"nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, "Şimal-Cənub" nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd, Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası müzakirə edilib.
Xanım F.Sadiq Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir.
Azərbaycan və İran, əsasən, nəqliyyat, energetika və iqtisadi sahələrdə birgə layihələr həyata keçirir. Əsas layihələrə Araz çayı üzərində Xudafərin, Qız Qalası hidroqovşağının tikintisi, "Şimal-Cənub" nəqliyyat dəhlizi daxildir.
Azərbaycanla İran Anlaşma Memorandumu imzalayıb
Fevralın 23-də həmçinin, Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, iclasda Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.
Baş nazirin müavini Şahin Mustafayev çıxışında qeyd edib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Habelə vurğulanıb ki, sözügedən layihə Azərbaycanın digər ərazilərini Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
İclasın yekununda həmsədrlər Komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalayıb.Sənədin detalları açıqlanmır
Xatırlatma
Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olmuş, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Bütün xəbərləri izləyin
Keçmiş müstəntiq internetdə yayılan fikirlərinə görə həbs edilib
Bakı Şəhər Prokurorluğunun keçmiş böyük müstəntiqi Müşfiq Abbasov yenidən həbs olunub. O, səsləndirdiyi fikirlərə görə cəzalandırılıb.
M.Abbasov haqqında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qanunla yayılması qadağan edilən informasiyanın internet-informasiya resursunda yerləşdirilməsi) maddəsilə iş başlanıb. Ardından fevralın 23-də o, Yasamal Rayon Məhkəməsində hakim önünə çıxarılıb və haqqında 15 günlük inzibati həbs qərarı çıxarılıb.
M.Abbasov, keçmiş müstəntiq kimi, sosial mediada müxtəlif olaylarla bağlı düşüncə və müsahibələrini paylaşır. O, bugünlərdə müsahibəsindən bir parçanı virtual dostlarıyla bölüşərkən, belə fikirlər səsləndirib:
“Guya bizim varlıların evində belə seksual cinayətlər yoxdur? Hansısa nazir 2-3-5 qızı bağa aparıb, başına oyun açırsa, onların ağzını pulla yumursa, bunlar şikayət eləmirsə... Müstəntiq adı gələndə insanlar hesab edir ki, burada böyük bir ədalətsizlik var... Ədalət axtarışını son dövrlər kimlərdə axtarırıq? Oğrularda, avtoritetlərdə, cinayətkar aləmin nümayəndələrində...”.
M.Abbasov daha öncə, 2021-ci ilin mayında da dələduzluq ittihamı ilə həbs olunmuş, icraatındakı iki iş üzrə toplam 73 min manatdan çox pul alaraq, adamları aldatmaqda suçlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası kəsilsə də, Ali Məhkəmə qərarı ləğv edərək iş geri qaytarmışdı. Apellyasiya Məhkəməsi işə təkrar baxandan sonra zərərçəkmişlərin pulunun ödənildiyi, şikayətçi olmadığı nəzərə alınaraq, dələduzluq ittihamına xitam verilmişdi. M.Abbasov özünü təqsirli bilmir, dəlil-sübutsuz qərəzli adamların ifadələriylə cinayət məsuliyyətinə cəlb edildiyini söyləmişdi.
İnternetdəki paylaşımlara görə 4 nəfər tutulub
Son vaxtlar Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən altı nəfər inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə bu gün, fevralın 23-də Baş Prokurorluğun yaydığı məlumatda bildirilir. "Onlardan dördü barəsində inzibati həbs, ikisi barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub", - məlumatda əlavə edilib.
Həmin maddədə söhbət sosial şəbəkələrdə və internet resurslarında ictimai mənəviyyatı təhqir edən, "əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd" məzmunun paylaşılması və ya insan bədəni hissələrinin bu formada göstərilməsindən gedir.
Baş Prokurorluq bəhs edilən işlər üzrə detalları, o cümlədən məsuliyyətə cəlb edilən şəxslərin kimliyini açıqlamayıb, onların və ya vəkillərinin ittihama münasibəti bəlli deyil.
Xatırlatma
İnzibati Xətalar Məcəlləsinin bu maddəsi hazırda cəmiyyətdə mübahisələndirilən məsələlər sırasında yer alır. Bəzi hüquqşünaslar vurğulayır ki, orada "milli-mənəvi dəyərlərə zidd formada" dedikdə konkret nələrin nəzərdə tutulduğu xeyli mübahisəlidir və subyektiv qərarlara yol aça bilər.
Üstəlik, onlar hesab edirlər ki, bu maddənin tətbiqində də bəzən ayrıseçkiliyə yol verilir.
Bütün bunlarla yanaşı, ayrı-ayrı müxalifətçilərdə şikayətlənirlər ki, bir çox hallarda heç bir təhqir, böhtan xarakteri daşımayan sırf tənqidi statuslarına görə şərlənərək həbs edilirlər.
Hərçənd, rəsmilər də deyirlər ki, ölkədə heç kim tənqidi düşüncələrinə görə təqib edilmir.
Azərbaycan heyvandarlıqda geriyə gedib
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilir.
Qurum qeyd edir ki, 2026-cı ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 582.6 milyon manat təşkil edib. Onun da 549.8 milyon manatı heyvandarlıq, 32.8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0.1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5.6 faiz artıb, heyvandarlıq məhsulları istehsalı 0.3 faiz azalıb: "2026-cı ilin yanvarında quş əti də daxil olmaqla, diri çəkidə 47.5 min ton ət, 158.9 min ton süd, 182.8 milyon ədəd yumurta istehsal edilib. 2025-ci ilin müvafiq ayına nisbətən ət istehsalı 0.4 faiz artıb, süd istehsalı 0.5 faiz, yumurta istehsalı 5.7 faiz azalıb".
DSK-nın hesabatına görə, son aylarda Azərbaycanda həm iribuynuzlu heyvanların, həm də qoyun və keçilərin sayında azalma var.
Halbuki, ötən il 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0.9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.3 faiz, bitkiçilik məhsulları istehsalı 1.5 faiz artmışdı.
Bütünlükdə isə ekspertlərin sözlərinə görə, Azərbaycanda 2015-ci ildən pambıqçılığın inkişafı həm örüş yerlərinin, həm də mal-qaranın azalmasına səbəb olub ki, həmin amillər də bütünlükdə heyvandarlığa təsirsiz ötüşməyib.
Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qaytarılıb
Dünən, fevralın 19-da Azərbaycan vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətinin bununla bağlı fevralın 20-də yayılan məlumatında bildirilir ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş (2014-cü ildə imzalanıb) çərçivəsində gerçəkləşib.
Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.
Rəsmi məlumatlara görə, 2020-2025-cü illər ərzində 16 ölkədən 2 min 235-dən çox şəxsin readmissiyası həyata keçirilib.
Son dörd il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.
Qubada da neft-qaz axtaracaqlar...
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Bu barədə fevralın 19-da SOCAR məlumat yayıb.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." (Kanada) 65 faiz iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Sazişi Milli Məclis ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.
Xatırlatma
SOCAR tək ölkə daxilində yox, xaricidə də fəaliyyət göstərir. Şirkət ötən ay Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalamışdı.
Azərbaycanın neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
Azərbaycanın neft-qaz gəlirlərində azalma var. Ölkənin neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin yanvarında 2025-ci ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsi ilə 825 milyon 222 min dollar və ya 29.5 faiz azalaraq 1 milyard 967 milyon 456 min dollara düşüb. Bu azalma, əsasən, neftlə bağlıdır. Həm ölkədə neft hasilatı azalır, həm də "qara qızıl"ın qiymətində son bir ildə ucuzlaşma var. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.
Son 10-12 ildə hökumət qarşısına qeyri-neft sektorunu inkişaf etdirməyi məqsəd qoyduğunu bildirsə də, açıqlanan rəqəmlərə görə, bu sahədə böyük irəliləyişlər əldə edilməyib.
ANAMA əməkdaşı minaya düşüb
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanovun xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşdüyü bildirilir.
Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, hadisə işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində fevralın 18-də baş verib: "Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb".
Əlavə edildiyinə görə, Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub: "Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur".
Məsələyə zərərçəkənin özü və yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra da Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Vüqar Qurbanov TƏBİB-in sədri vəzifəsindən azad edilib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov bu qurumun icraçı direktoru vəzifəsindən azad edilib.
Bu barədə ölkənin yerli saytları TƏBİB-in özünə istinadla məlumat yayıblar.
Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Qərara V.Qurbanovun özündən ayrıca münasibət almaq mümkün olmayıb. O, 2022-ci ildən bu vəzifəni tuturdu.
Anar İsrafilov kimdir?
A.İsrafilov TƏBİB-də icraçı direktorun müavinidir. Azərbaycan Tibb Universitetində "pediatriya" ixtisası, eləcə də Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
2006-2022-ci illərdə Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
TƏBİB
2018-ci ildə prezidentin fərmanına əsasən yaradılıb. Publik hüquqi şəxs olan TƏBİB-in əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta çərçivəsində xidmət keyfiyyətini artırmaqdır. Yaradılarkən Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri ona verilib.
Xatırlatma
Son illər TƏBİB rəhbərliyinin fəaliyyəti ilə bağlı bir sıra şikayətlər eşidilib. Elə bu ilin yanvarında işdən çıxarıldıqlarını bildirən bir qrup stomatoloq TƏBİB-in inzibati binasının qarşısında etiraz aksiyası keçirmişdilər. TƏBİB-dən şikayətlərə cavab olaraq şəffaflıq tədbirləri və optimallaşmadan bəhs etmişdilər.
Əliyev Münxendə Zelenski ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
V.Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Ukrayna prezidentləri iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
Fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı işə başlayıb.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan 8 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.
AXCP: Emil Səlimə saxta ittihamla 20 sutka inzibati həbs verilib
AXCP Gənclər Komitəsinin sədri Emil Səlimə fevralın 13-də 20 sutka inzibati həbs verildiyi bildirilir.
Partiyanın vurğuladığına görə, qərar Yasamal rayon Məhkəməsində çıxarılıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.
Partiya qərarı əsasız sayır. Amma bu açıqlamaya məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda son vaxtlar bir sıra tənqidçi fəallar sosial şəbəkələrdə paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.
+++
Fevralın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim saxlanıb. Bu barədə AXCP-dən bildirilib.
Bundan öncə həmin partiyadan onun təqib edildiyi ilə bağlı iddialar yayılmışdı.
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı da uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ata Abdullayev azadlığa buraxılıb
Həbsdə olan Ata Abdullayevin azadlığa buraxıldığı bildirilir.
Yerli saytların məlumatına görə, bununla bağlı fevralın 13-də Xəzər rayon Məhkəməsi qərar verib.
A.Abdullayev vaxtından öncə azadlığa buraxılmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət etmişdi.
Məhkəmənin çıxardığı qərara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vurğulanır.
Hələlik, A.Abdullayevin özü ilə danışmaq mümkün olmayıb.
Özünü bloqer kimi təqdim edən A.Abdullayev 2021-ci ilin martında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlamışdı.
O, özü ittihamı qəbul etmirdi.
İndiyədək müxtəlif qalmaqallarda adı keçən A.Abdullayevin daha əvvəl də bir sıra məsələlərlə bağlı mühakimə edildiyi bildirilir.
İlham Əliyev Almaniyaya gedib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 13-də Almaniya Federativ Respublikasına gedib.
Fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.
Dünyada təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bu konfransda 60 dövlət, hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, habelə beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxsin iştirak etdiyi bildirilir.
Bir neçə gün əvvəl yayımlanan "Münxen Təhlükəsizlik Hesabatı – 2026"da dünyanın, eləcə də beynəlxalq təşkilatların təhlükəli bir dövrə qədəm qoyduğu qeyd edilir.
Konfrans fevralın 15-də başa çatacaq.
Qeyri-neft-qaz sektorunda vergi 90 milyon manata yaxın artıb. Səbəblər...
Son bir ildə Azərbaycanda ölkə büdcəsinə vergi daxilolmaları 9.27 faiz azalıb.
Rəsmi rəqəmlərə görə, bu ilin yanvarında Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 209.6 milyon manat və ya 9.27 faiz azdır.
Əvəzində ayrıca qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb. Yanvarda bu sektordan daxilolmalar 1 milyard 467.1 milyon manat təşkil edib, büdcəyə proqnozdan əlavə 42.1 milyon manat ödənilib.
Vergilərin 71.6 faizi qeyri-neft-qaz, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb. Ötən il isə bu nisbət fərqli idi – müvafiq olaraq, 61 və 39 faiz.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Üstəlik, bu ildən etibarən 7 illik güzəşt ləğv edilərək özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunublar.
Ekspertlər bunun biznes və vətəndaşların güzəranına mümkün mənfi təsirlərindən narahatdırlar. Onlar deyir ki, bu il maaş və pensiyalarda artım vergi, rüsum, cərimə artımlarına adekvat deyil.
Neft-qaz sektorunda vergi daxilolmalarının azalmasına gəldikdə isə, ekspertlər xatırladırlar ki, son bir ildə həm neft hasilatı azalıb, həm də "qara qızıl"ın qiymətində ucuzlaşma baş verib.
Prezident: 'Keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq'
"Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir". AZƏARTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
Onun sözlərinə görə, bu sahə də kritik sahələrdən biridir. "Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır", - Əliyev vurğulayıb.
Xatırlatma
Prezident konkret ölkə adı çəkməyib. Ötən il hakimiyyətə yaxın bir sıra media orqanlarında bu məsələ ilə bağlı Rusiyanın adı hallanıb. Amma belə iddiaları nə Azərbaycanın, nə də Rusiyanın rəsmi qurumları təsdiqləyib.
Azərbaycanda Milli Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə yaradılıb.
Yanacaq 5-10 faiz bahalaşıb, inflyasiya cəmi 1 faiz yüksəlib?
2026-cı ilin yanvarında 2025-ci ilin yanvarına nisbətən inflyasiya 5.7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsi (DSK) vurğulayır ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə bu 7.1 faiz, qeyri-qida məhsulları üzrə 3.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.6 faiz olub.
İnflyasiya 2026-cı ilin yanvarında əvvəlki aya nisbətən 1.5 faiz təşkil edib.
Tarif Şurasının qərarı ilə yanvarın 1-dən Aİ-92 markalı benzinin 1 litri 5 qəpik (5 faiz), dizelin 1 litri isə 10 qəpik (10 faiz) bahalaşıb.
DSK-nın açıqladığı rəqəmlərə, bir qayda olaraq, müstəqil ekspertlər şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda DSK SSRİ dönəmində olduğu kimi fəaliyyət göstərir, rəqəmləri hökumətin maraqlarına uyğunlaşdırır. Qurumda belə fikirləri qəbul etmirlər.
DSK ötən il inflyasiyanın 5.2 faiz olduğunu demişdi. Müstəqil iqtisadçılara görə isə, ötən il inflyasiya ikirəqəmli olub.
Üstəlik, müstəqil iqtisadçılar hesab edirlər ki, bu ilin əvvəlində benzinin 5, dizel yanacağının 10 faiz artdığı, vergi və rüsumların yüksəldiyi halda aylıq inflyasiyanın cəmi 1.5 faiz göstərilməsi heç inandırıcı deyil.