Keçid linkləri

Təcili xəbərlər
2022, 18 May, çərşənbə, Bakı vaxtı 07:52

Azərbaycan xəbərləri

Gömrükdə yığım problemi yoxdur

Arxiv fotosu

Bu ilin birinci rübündə Azərbaycana gətirilən mallar dəyər ifadəsilə 17 faiz azalıb. Bununla belə, gömrük ödəmələrindən büdcəyə daxilolmalar 37 faizədək artıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, yanvar-mart aylarında xarici ticarət əməliyyatlarının iştirakçıları dövlət büdcəsinə 571 milyon manat gömrük rüsumu və vergi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin məbləğı 154,1 milyon manat - 37 faizədək artıb.

Buna da bax:​ Divar kağızı deyib keçməyin, söhbət 117 milyon dollardan gedir

Ödəmələrin əsas hissəsi əlavə dəyər vergisinin (393,8 milyon manat, artım – 33,7 faiz) və gömrük rüsumlarının (153,6 milyon manat, artım – 43 faiz) payına düşür. Aksiz və yol vergisinin yığımında da artım var.

Sahibkar da itirir, istehlakçı da

Gömrük ödənişləri manatın ABŞ dollarına olan rəsmi məzənnəsinə uyğun ödənilir. Bu səbəbdən manatın alış və satış məzənnələri arasındakı kəskin fərq (hazırda bu göstərici hər 100 manatda 7 manata yaxındır) sahibkarlara əlverişli deyil. Gömrük vergi və rüsumları Mərkəzi Bankın rəsmi məzənnəsi ilə ödənilir, sonradan xarici valyutaya tələbat yaranarsa, iş adamları onu yüksək məzənnə ilə almağa məcbur qalırlar. Manatın möhkəmlənməsi fonunda istehlak bazarında qiymətlərin aşağı düşməməsi həm də bu amillə əsaslandırılır.

Buna da bax:​ İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi

Bütün xəbərləri izləyin

Litva prezidenti Azərbaycana gəlib

Litva Respublikasının prezidenti Gitanas Nauseda

Litva Respublikasının prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycana rəsmi səfər edib

Litva Respublikasının prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycana rəsmi səfər edib.

Litva Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Bakıda Gitanas Nausedanın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir.

Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin müzakirə olunacağı planlaşdırılır.

Bundan başqa, Gitanas Nausedanın Litva-Azərbaycan biznes forumunda iştirakının, Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşünün nəzərdə tutulduğu bildirilir.

Cəbhəçi sərbəst buraxılıb 

Azerbaijan. Baku. Court of Nardaran protest action in Baku

Mayın 17-də  saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin sərbəst buraxıldığı deyilir

Mayın 17-də saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin sərbəst buraxıldığı deyilir.
Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər.

Onların deməsinə görə, C.Rzayevə qarşı ittiham təsdiqini tapmayıb.

Amma bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb

***

Mayın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin saxlandığı bildirilir.

Partiyadan verilən məlumata görə, onu mülki geyimli şəxslər saxlayıb:

"Ceyhun bəy qızını məktəbdən götürərkən 3 nəfər tərəfindən saxlanıb. Qızına isə deyiblər ki, sən get evə, atan tezliklə evə qayıtmayacaq".

AXCP-dən əlavə olunub ki, Ceyhun Rzayev mayın 14-də Bakıda ictimai fəalların "Kriminal dövlət istəmirik" adlı yürüşünə dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib və saxlanıb, sonra isə sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələrinin (KİV) vəictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan”a bildirib ki, Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb:

"Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq".

Hacıyev vurğulayıb ki, Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur.

3 gün əvvəl, mayın 14-də ictimai fəallar Bakının mərkəzində "Kriminal dövlət istəmirik" şüari ilə yürüş keçirərək bəzi fəal və jurnalstlərə qarşı cinayətlərin baş verdiyini bildirib, belə halların araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının bir çoxu saxlansa da sonradan onların hamısı sərbəst buraxılıb.

Bələdçilər əmək haqlarının azaldılmasına etiraz edir

Aksiya

Bu gün, mayın 16-da bir qrup dəmiryol işçisi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC binası önünə toplaşaraq şikayətlərini dilə gətiriblər. Onlar deyiblər ki, əmək haqları azaldılıb.

Dəmiryolçular vurğulayıblar ki, müqavilələri başa çatmamış əmək haqlarının azaldılması düzgün deyil. Onlar əlavə ediblər ki, əmək haqları 250 manata salınıb, halbuki, əvvəl 370 manat alıblar.

Şikayətçilər söyləyiblər ki, bu addım koronavirus pandemiyası ilə əlaqədar ölkənin quru yollarının bağlanması ilə izah edilir. Onlar deyirlər ki, indi yalnız daxildə qatarlar bəzi marşrutlar üzrə hərəkət edə bilir.

Şikayətçilərin qarşısına məsul şəxs çıxıb

Özünü "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov kimi təqdim edən şəxs deyib ki, bu addım əmək məcəlləsinə uyğun atılıb. O da bildirib ki, koronavirus pandemiyası ilə bağlı dəmiryolda boşdayanmalar yaranıb. Rəis vurğulayıb ki, onlar iki il ərzində əmək haqlarını tam alıblar, indi isə, mayın 1-dən boşdayanmaya cəlb ediliblər.

E.Muradov deyib ki, boşdayanmada işçinin əmək məcəlləsinə uyğun olaraq əmək haqqının üçdə ikisi ödənilir. O, daha sonra şikayətçiləri qəbula çağırıb.

Şikayətçi dəmiryolçulardan bəziləri də vurğulayıb ki, əslində prezidentin də sərəncamı olmuşdu ki, pandemiyaya görə işləməyən işçilərin əməkhaqqına toxunulmasın. Onlar deyiblər ki, bunda məqsəd bəzi bələdçilərin yerinə özlərinə yaxın şəxsləri işə qəbul etməkdir.

Daha sonra hadisə yerinə polis də gəlib və şikayətçilər qəbula yola salınıblar.

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Bu müddət ərzində karantin bir xeyli yumşaldılsa da, ölkənin quru sərhədi hələ də açılmayıb.

ADY: Maaşlarının 5 misli müavinət ödəniləcək

Aksiyadan sonra "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ayrıca açıqlama yayıb.

Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-də 18 mindən çox işçi heyəti var: "Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan artıq... əməkhaqqı ödənilib".

Məlumatda deyilir ki, hazırkı mühit işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib. Bildirilir ki, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib: "Sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub".

Nazirlər Kabineti, gec də olsa, siyahını təsdiqlədi

Nazirlər Kabineti

İdxalı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilən kağız və çap məhsullarının siyahısını Nazirlər Kabineti təsdiqləyib.

Bu barədə mayın 13-də Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, idxalı, satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitablar, dərslik və həmin malların nəşri ilə bağlı rulon, yaxud vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bu il yanvarın 1-dən Azərbaycanda kitablar və kağızlar 18 faiz ƏDV azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci və 164.1.8-ci (Vergi ödəməkdən azad edilmə) maddələri yeni redaksiyada təsbit edilib.

Prezidentin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanda Nazirlər Kabinetinə üç aya həmin məcəlləyə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etmək tapşırılmışdı. Lakin dörd aydan çox keçməsinə baxmayaraq, sözügedən siyahı təsdiq edilmirdi. İş adamlarının şikayətlərinə görə, Vergi Xidməti və Gömrük Komitəsində "yeni təlimat yoxdur" deməklə həm kitab satışı, istehsalından, həm də xaricdən gətirilən kağız məmulatlarından vergi tutulurdu.

Bu ilin əvvəlindən Azərbaycanda kağızın az qala iki dəfə bahalaşdığı bildirilir. Buna səbəb kimi Rusiyanın Ukraynaya təcavüzü və bununla bağlı Rusiyaya sanksiyalar göstərilir.

Ağdam sakininin sursat partlamasından öldüyü bildirilir

İşğaldan azad edilmiş Ağdam rayonu

Qarabağ müharibəsində təmas xətti Ağdam rayonundan da keçib.  Ağdam şəhəri daxil bu rayonun  böyük bir ərazisi 27 il işğal altında olub

Bugün, mayın 12-si Ağdam rayon sakininin silah sursatın partlaması nəticəsində halak olduğu bildirilir.

Ağdam rayon Prokurorluğunun açıqlamasına görə, saat 16 radələrində 40 yaşlı Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarasından ölməsi barədə onlara məlumat daxil olub.

Rəsmi açıqlamada əlavə edilir ki, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlamasından aldığı xəsarətlərdən öldüyü müəyyən edilib:

"Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır".

Amma bu məlumata, hələlik, həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Qarabağ müharibəsində təmas xətti Ağdam rayonundan da keçib. Ağdam şəhəri daxil bu rayonun böyük bir ərazisi 27 il işğal altında olub. Amma Çəmənli kəndi işğal edilməyib.

Azərbaycan 1988-ci ildə başlayan, sonradan da silahlı toqquşmalra keçən Qarbağ münaqişəsi nəticəsində Ermənistanın ümumilikdə 20 faiz ərazisini işağ etdiyini, iki il əvvəl 44 günlük yeni savaş və sonrakı danışıqlar nəticəsində həmin ərazilərin çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Bloqerin inzibati həbs edildiyi deyilir

Eyvaz Yahyaoğlu

Mayın 9-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının üzvü, bloqer Eyvaz Yahyaoğlunun Şirvanda həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın funksioneri Qələndar Muxtarlı məlumat verib. Onun sözlərinə görə, E.Yahyaoğlu özü "Şirvan TV" adlı YouTube kanalında Şirvan şəhərində baş verən hüquq pozuntularını ictimailəşdirirdi: "Orada dövlət əmlaklarının qanunsuz dağıdılması, talanmasını çəkib göstərirdi. Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb".

Partiya üzvü deyir ki, elə polis bölməsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib:

"Prezident deyir ki…"

"Daha sonra o, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati qaydada həbs olunub. Eyvaz bəy həmişə Prezident İlham Əliyevin siyasətinə istinadən çəkilişlər edirdi. Prezident deyir ki, eybəcərlikləri çəkin, göstərin. Biz hesab edirdik ki, bu onu qoruyacaq, amma indi güman edirik ki, Prezident İlham Əliyevin adının çəkilməsi də onu xilas edə bilmir".

Q.Muxtarlının sözlərinə görə, Azərbaycan Milliyyətçi Demokrat Partiyası bu həbsi onun siyasi fəaliyyəti ilə əlaqələndirir: "Biz və ailəsi narahatıq ki, ona qarşı orda başqa iş açıla bilər. Biz onun azad olunmasını tələb edirik".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Şirvan Şəhər Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, tənqidi mövqe və dinc siyasi fəaliyyətə görə ölkədə insanlara təzyiqlərin olması ilə bağlı şikayətləri əsaslı saymırlar.

Xəzərdə aşkar edilən minalar zərərsizləşdirilib

КБ-1 minası

Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib. Bu barədə mayın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda 60 metr dərinlikdə aşkar edilən altı böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi mayın 10-da uğurla başa çatıb.

Açıqlamaya görə, minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə dörd hərbi gəmi, dörd kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

"Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir", - nazirlik vurğulayır.

Xəzərdə gəmi minaları tapılıb

Xəzər dənizinin Azərbaycan sektorunda altı gəmi minası aşkar edilib. Bu barədə mayın 4-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, "UMID BABEK OPERATING COMPANY" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda apardığı ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Məlumata görə, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış altı böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib: "Aşkarlanmış minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb".

Bildirilir ki, minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanıb: "Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir".

Xəzərin hövzəsi Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.

Azərbaycanda faşist Almaniyası üzərində qələbənin 77 illiyi qeyd edilir

'Ay pulemyot, mənim başıma çox oyun açmısan'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Bu gün, Azərbaycanda mayın 9-u faşist Almaniyası üzərində qələbənin 77 illiyi rəsmi qaydada qeyd edilir. Əksər Avropa dövlətlərindən fərqli olaraq keçmiş SSRİ məkanındakı bir çox ölkələrdə bu qələbə mayın 8-i yox, 9-da xatırlanır.

Hitler Almaniyasının hərbi rəhbərliyi 77 il öncə müttəfiqlər qarşısında təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

Bu müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb. Hazırda Azərbaycanda bu müharibə veteranlarından 96-sının sağ olduğu bildirilir. Ötən il isə 150 müharibə veteranının yaşadığı açıqlanmışdı.

Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, SSRİ-də benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

Mayın 9-u Azərbaycanda rəsmi iş günü deyil.

Tələbələr yaşam təqaüdü, yataqxana… istəyirlər

Təhsil Nazirliyinin qarşısında aksiya. 5 may 2022

Mayın 5-də "Tələbə Güc Mərkəzi" təşkilatının təmsilçiləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Aksiya iştirakçıları "Çayxana deyilsiz, fəaliyyət göstərin" plakatı açaraq təhsildə çatışmazlıqların həll olunmasını tələb ediblər.

"Aksiya təhsil sahəsində fundamental problemlərlə bağlıdır. Biz düşünürük ki, Təhsil Nazirliyi fəaliyyətsizdir", - aksiya iştirakçıları vurğulayıb.

Onlar bəyanat da oxuyublar. Bəyanata qeyd edilib ki, hazırda Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür. Müəlliflər habelə hesab edirlər ki, dövlət universitetlərində pulsuz təhsil təmin olunmalıdır: "Təhsilin keyfiyyəti artırılsın, ... tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü tətbiq edilsin, yataqxana problemi həll olunsun... Tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və orientasiyasına görə ayrıseçkiliyə son qoyulsun".

Aksiya iştirakçıları həmçinin, məktəblərdə ana dilində təhsil, universitetlərdə rektorun seçki yolu ilə müəyyənləşməsi və rüşvətə yol verən universitet rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Oraya gələn polis və Təhsil Nazirliyinin əməkdaşı aksiya iştirakçılarını Təhsil Nazirliyinə qəbula dəvət ediblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkə təhsilində rüşvətxorluqla mübarizədən bəhs edirlər. Habelə qeyd edirlər ki, ali məktəblərdə dövlət hesabına oxuyanların faizi ildən-ilə artırılmaqdadır. Dörd-beş il əvvəl Azərbaycandakı ali məktəblərdəki yerlərin təqribən 70 faizinin ödənişli olduğu bildirilirdi. Amma rəsmi açıqlamalara görə, son illər bu faiz aşağı salınıb.

1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın təqribən 20 faiz ərazisi işğal edildikdən sonra tələbə yataqxanalarında, əsasən, məcburi köçkünlər məskunlaşmışdı. İki il əvvəl Azərbaycan işğal altında olan ərazilərinin böyük əksəriyyətinin azad edildiyini açıqlayıb. Amma həmin ərazilərdə, hələlik, məskunlaşma yoxdur.

Bloqer saxlandığını deyir

Cəlil Zabitov

Dünən, mayın 1-də səhər saatlarında Yardımlı rayonunun Dəlləkli kənd sakini bloqer Cəlil Zabitovu polislərin saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Bloqerin vurğulamasına görə, səhər saat 10-da Yardımlı şəhər 2 saylı məktəbin yanında olub. Qeyd etməsinə görə, uşağını imtahana gətiribmiş: "Orada polislər məni tutub şöbəyə apardılar. Guya mən polisin əmrinə tabe olmamışam. Məhkəməyə aparacaqdılar, fikirlərini dəyişdilər".

O, fiziki zorakılığa, təhqirə məruz qaldığını söyləyir. Vurğulamasına görə, məqsədləri sosial şəbəkədə yazdığı tənqidi fikirləri pozdurmaq olub: "Təcili yardımda qeydiyyata düşmüşəm. Xəsarətləri qeydə aldılar. Hazırda evdəyəm".

Polis təkzib edir

Yardımlı rayon Polis Şöbəsindən bildirdilər ki, Dəlləkli kənd sakini C.Zabitovla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb: "Profilaktik söhbət aparılıb, ictimai təhlükəsizlik şöbəsində, sahə rəisi tərəfindən. Ona izah olunub ki, məktəbdə imtahanın gedişinə mane olmaq olmaz. Onun övladı imtahan verirdi. O da imtahanın gedişinə müdaxilə etmək istəyirdi".

Polisdən bloqerin fiziki zorakılığa, təhqirə məruz qalması ilə bağlı onun dedikləri təkzib edilib.

Bloqer, "Demokratiya 1918" Hərəkatının üzvü C.Zabitov bu ilin fevralın 7-də inzibati həbsdən buraxilıb. O, həbsdən çıxandan sonra AzadlıqRadiosuna demişdi ki, Yardımlı rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka həbs olunub. "Rayonda baş verən özbaşınalıqlar barədə sosial şəbəkələrdə məlumatlar yayıram. Birinci dəfə deyil həbs olunuram. Məqsədləri məni susdurmaqdır", - o vurğulayırdı. Onda onun dediklərinə Daxili İşlər Nazirliyi, Yardımlı rayon Məhkəməsi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, sifarişli həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

C.Zabitov ondan əvvəl isə daha uzun müddətə həbs edilmişdi. Bir dönəm müəllim işləyən C.Zabitov 2020-ci ilin mayında Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. C.Zabitov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabitov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Quran

Bu gün, mayın 2-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

2022-ci il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edib. Ramazan ayı isə mayın 1-də başa çatıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 2-si ( Hicri təqvimi ilə Şəvval ayının 1-i) və 3-ü artıq bayram günləri sayılır. Bu bayram ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

İslamda Ramazan ayı boyunca tutulan orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının verilmə vaxtı isə həmin ayın son günü idi. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhət bilinmişdi.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah bilinir.

Bakı Kəlbəcərin iriçaplı silahlardan atəşə tutulduğunu bildirir, Yerevansa təkzib edir

Azərbaycan Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində Azərbaycanın ordusunun mövqelərinin iriçaplı silahlardan atəşə tutulduğunu bildirir.

Nazirliyin mayın 1-də yaydığı məlumatda bildirilir ki, atəşkəs pozuntusu aprelin 30-u saat 20:55-də qeydə alınıb.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur" məlumatda vurğulanır.
Nazirlik hazırda qeyd olunan istiqamətdə vəziyyətin sabit olduğunu bildirir.

Ermənistan Müdafiə Nazirliyi isə Bakının Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı xəbərini təkzib edir.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Fəhlə minaya düşüb

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilən Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşdüyü bildirilir. Bu barədə Laçın rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman fəhlə kimi çalışan P.Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Bu məlumata, hələlik, P.Salahovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmilərinin açıqlamasına görə, 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 150-dən çoxu isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

Xəritə mübahisəsi

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan tərəfi Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin alındığı açıqlanmışdı. Sonradan da Prezident İlham Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onlar əllərində olan xəritələri veriblər, "yəni yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər": "Xəritələrin keyfiyyətində problem olduğunu istisna etmirəm, həm də bilirəm niyə. Xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır…".

5 milyon

APA-nın xəbərinə görə, bu gün - aprelin 29-da Bakıda "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransında İ.Əliyev deyib ki, sonuncu söhbəti zamanı (aprelin 6-sı) Avropa İttifaqi Şurasının Prezidenti Şarl Mişel minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlarını bildirib.

Azərbaycan indiyə kimi işğaldan azad edilən ərazinin bir hissəsinin minalardan təmizləndiyini açıqlayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hökumət Əli Kərimlinin mühafizəçisinə təzminat ödəyəcək

B.Həsənov

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun işi üzrə qərar elan edib.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, ərizəçi B.Həsənov 2012-ci ildə onun saxlanması və inzibati həbsi ilə bağlı AİHM-ə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinə əsasən şikayət vermişdi: "Ərizəçi bildirmişdi ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib. O, həmçinin iddia etmişdi ki, ona münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi də pozulub".

AİHM ərizəçinin hər iki iddiasının əsaslı olması rəyinə gəlib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə 4 min 500 avro təzminat ödəməlidir.

Bu qərara, hələlik, Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Şikayətə əsasən, müxalifətdə olan AXCP sədrinin mühafizəçisi B.Həsənova 2012-ci ildə evə gedərkən küçədə tanımadığı bir şəxs yaxınlaşıb, onu ailəsini təhqir etməkdə günahlandırıb. Daha sonra da onları Suraxanı rayon Polis İdarəsinə aparıblar. B.Həsənov polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılıb, Suraxanı rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs olunmuşdu.

Xatırlatma

AXCP sədrinin başqa bir mühafizəçisi Niyaməddin Əhmədov isə ötən il 13 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirli sayılıb. Amma N.Əhmədov və AXCP ittihamı qurama, siyasi sayır. Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Səfirlərin regional toplantısı keçirilib

Toplantı iştirakçıları

Amerika Birləşmiş Ştatlarının ( ABŞ) region üzrə səfirlərinin Bakıda toplantısı keçirilib.

Bu barədə aprelin 28-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Söhbət ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysinin görüşündən gedir. Toplantıda həmçinin, ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və bu ölkənin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden iştirak ediblər.

Toplantı ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyində gerçəkləşib. "Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə, Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit, firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq", - məlumatda yazılıb.

Xatırlatma

Bu kimi missiya rəhbərlərinin konfransları hər il keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib.

COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdi.

İlham Əliyev ABŞ-ın region üzrə səfirlərini qəbul edib

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi köməkçisinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-n xəbərinə görə, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı ABŞ səfiri Linn Treysi daxildir.

Xəbərdə qeyd edildiyinə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Habelə vurğulandığına görə, söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Həmçinin qeyd edildiyinə görə, görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ukraynaya görə Azərbaycana təşəkkür

Görüşlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayıb.

Həmin məlumatda da qeyd edilir ki, Dövlət katibi köməkçisinin müavini xaanım Olson ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığının davamlı əhəmiyyətini, ölkəsinin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqliyini vurğulayıb.

Səfirliyin məlumatında habelə bildirildiyinə görə, onlar həm də Azərbaycana Ukraynaya verdiyi humanitar yardım və göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər:

“Putinin seçimi olan bu müharibə bütün ölkələrin təhlükəsizlik və rifahını şübhə altına qoyur.”

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

Təcavüz nəticəsində milyonlarla dinc Ukrayna vətəndaşı qaçqın düşüb, mülki insanlar, uşaqlar həlak olub. Tərəflərin hərbi itkiləri də artmaqdadır.

Ənənəvi tədbir

Dünən, aprelin 26-da isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul etmişdi.

Bakıda ABŞ-ın bölgə səfirlərinin aprelin 27-i və 28-də konfransının keçiriləcəyi açıqlanıb.

Bu kimi missiya rəhbərlərinin konfransları hər il keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib.

ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019, 2018 illərdə keçirilən konfransları təşkil etmişdilər.

COVID-19 səbəbindən 2020-ci ildə belə konfrans keçirilməmışdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan (Rusiya, Azərbaycan və Ermənistan arasında) bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən həmin görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb.

Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirdiyini bildirmişdi.

Bakıda kuryerlərin etiraz motoyürüşü olub (Video)

Bakıda kuryerlərin etirazı
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Aprelin 26-da "Bolt" və "Wolt" şirkətlərində kuryer olduqlarını bildirən şəxslər şəhərin mərkəzində motoyürüş təşkil ediblər. Onlar xidmət haqlarının az olduğunu və buna etiraz etdiklərini bildiriblər.

Bundan başqa, "Bolt" şirkəti ilə əməkdaşlıq etdiklərini deyən kuryerlər bu gün, aprelin 26-dan etibarən tətil elan ediblər. "Bunun neçə gün davam edəcəyi xidmət haqlarının qalxmasından və sifarişlərin düzəlməsindən asılıdır", - onlar vurğulayıblar.

Bir neçə gün əvvəl "Wolt" şirkəti ilə çalışan kuryerlərin də tətil elan etdikləri açıqlanmışdı. Onlar da xidmət haqqının az olmasından və sifarişlərin azlığından şikayətlənirdilər.

Məsələ ilə bağlı "Bolt" və "Wolt" şirkətlərindən, hələlik, hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Bakıda kuryerlər etiraza cəhd ediblər
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Olimpiya kompleksində zəhərlənmə

Göyçay Olimpiya-İdman Kompleksi

Federasiya: "İmzalanan müqaviləyə əsasən,…"

Azərbaycan Cüdo Federasiyası (ACF) Göygöl Olimpiya-İdman Kompleksində 15 cüdoçunun xəstəxanaya müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Federasiyasının (ACF) Mətbuat Xidmətindən verilən məlumatına görə, hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. "Yeniyetmə cüdoçular cari qrafik üzrə məşqlərini davam etdirilər. Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir", - məlumatda yazılıb.

+++

Göygöl Olimpiya-İdman Kompleksindən "Turan"a bildirilib ki, ciddi bir hadisə baş verməyib: "Ciddi heç nə olmayıb. Həmin uşaqlar bir saat sonra qayıdıb yenidən məşq ediblər. Əgər nəsə olsaydı, kütləvi zəhərlənmə baş verərdi. Orada 80 nəfər təlim-məşq toplantılarında iştirak edir. Ola bilsin, uşaqlar qaçıb, tərləyib, sonra soyuq su içib".

+++

Aprelin 25-i saat 12 radələrində Göygöl rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə bu rayonun prokurorluğuna məlumat daxil olub.

Məlumata görə, cüdo üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Olimpiya Kompleksində təlim-məşq keçən 15 gənc idmançı göstərilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət ediblər: "Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib".

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

İ.Əliyev: 'Ermənistandan bununla bağlı cavab gəlməyib'

Görüş

Azərbaycan avtomobil yolunun öz ərazisində tikintisini qrafik üzrə aparır, amma Ermənistan heç işə başlamayıb. Bunu Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavini Aleksey Overçuku aprelin 26-də qəbul edərkən deyib.

Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiya regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasını müzakirə edir.

İ.Əliyev bununla əlaqədar dəmiryolun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib: "Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib".

Prezident Əliyev daha öncə də Ermənistanın ünvanına oxşar iradlar səsləndirsə də, həmin ölkə rəsmiləri bu məsələni şərh etməyib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Əliyev rusiyalı nümayəndəyə: 'Azərbaycan heyətinin tərkibi hazırdır'

Görüş

Prezident İlham Əliyev aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi beş prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub: "Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib".

Bayramov Mirzoyanla razılığa gəldi

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.

XİN-dən bildirilib ki, Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə olunub.

Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

'Niyə bilet alıb Azərbaycana qaytarırlar?' Bakıda etiraz

Etiraz

Aprelin 25-də bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının sözlərinə görə, Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən müharibə veteranları müalicə bitməmiş ölkəyə qaytarılır: "Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orda xərc çox çıxır, ona görə gətirirlər bura. Ölkədə qazilərə baxan, onların problemləri ilə məşğul olan yoxdur. YAŞAT Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda, biz Prezident Administrasiyasının qarşısına gedəcəyik və vətəndaşlıqdan imtina edəcəyik".

Aksiya iştirakçıları qarşısına YAŞAT Fondunun rəsmisi çıxıb. Aksiya insidentsiz başa çatıb.

YAŞAT Fondundan "Turan"a bildirilib ki, bu günə qədər YAŞAT Fondunun dəstəyi ilə 167 Qarabağ müharibəsi veteranı Türkiyəyə göndərilib: "Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur. Məhz bu səbəbdən onlar Türkiyəyə göndərilib".

Vurğulanıb ki, 167 nəfərdən 132-si artıq Azərbaycana qayıdıb: "Onların hər biri yenə də mütəxəssislərin rəyi əsasında ölkəyə geri qayıdıblar. Hazırda Türkiyədə ümumilikdə 35 bizim ağır yaralımızın müalicəsi davam etdirilir".

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və həlak olanların ailələrinin təminatına dəstək fondu – YAŞAT Fondu 2020-ci il dekabrın 8-də prezidentin fərmanı ilə yaradılıb.

Xatırlama

2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Bu savaşda Azərbaycan tərəfi 3 min hərbi qulluqçu itirdiyini açıqlayıb. Döyüşlərdə yaralananlardan isə 2 min 700-dən çoxunun əlillik statusu aldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

DSX: Ermənistan ordusunun təxribat-diversiya qrupunun bir üzvü saxlanılıb-yenilənib

Azərbaycan -Ermənistan sərhəddi, 3 fevral 2021

Ermənistanın Müdafiə Nazirliyi hərbçisinin saxlanması ilə bağlı Azərbaycan Sərhəd Xidmətinin yaydığı məlumatı təsdiqləyib. Nazirliyin aprelin 24-də yaydığı məlumatda aprelin 23-də N saylı hərbi hissəyə gedən əsgərlə yolda əlaqə kəsildiyi bildirilir.

“Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə aparılan iş nəticəsində məlum olub ki, Eduard Martirosov elə həmin gün, hələ də naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədini keçib və hazırda həmin ərazidədir. Azərbaycan tərəfi ilə E. Martirosovun Ermənistan tərəfinə qaytarılması üçün lazımi addımlar atılır”, - deyə məlumatda bildirilir.

***

Azərbaycan sərhəddi pozmağa cəhd edən Ermənistan hərbçisinin saxlandığını bildirir

Günün sonunda Dövlət Sərhəd Xidməti Zəngilan istiqamətində sərhəddi bir Ermənistan silahlıq qüvvələrinin həbçisinin saxlandığı barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, təxribatçı-diversant qrupun qarşısı alınıb və bir hərbi qulluqçu saxlanılıb.

"Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat şəraiti nəzarətdə saxlanılır"- məlumatda deyilir.

Hələki bu məlumata Ermənistanın hər hansı reaksiyası məlum deyil.

***

DSX: Ermənistan ordusunun təxribat-diversiya qrupu dövlət sərhədini keçməyə cəhd göstərib-Yerevan təkzib edir

Dövlət Sərhəd Xidməti Azərbaycan sərhəddini keçməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus təxribat-diversiya qrupunun qarşısının alındığını bildirir.

Xidmət hadisənin aprelin 23-ü saat 18:00 radalərində sərhəddin Zəngilan rayonu ərazisindən keçən hissəsində baş verdiyini bildirir. Bu barədə DSX-nin mətbuat xidməti aprelin 24-də məlumat yayıb.

Dövlət Sərhəd Xidməti baş verənləri iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların yaradılması və görülən digər işlərə qarşı təxribat kimi dəyərləndirir.

Məlumatda həmçinin baş verən hadisə ilə bağlı Rusiya Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələrinin məlumatlandırıldığı bildirilir.

"Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir"-deyə məlumatda vurğulanır.

Ermənistanın Müdafiə Nazirliyi isə məlumatı təkzib edir. Nazirliyin aprelin 24-də yaydığı aşıqlamada qeyd olunur ki, Ermənistan ordusunun təxribat-diversiya qurupunun Azərbaycan-Ermənistan sərhədində təxribat törətməsi ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumat həqəti əks etdirmir.

Qubadlı rayonunda da minaya düşən var

İllüstrativ foto

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü ölkə vətəndaşı Bəybala Nəsibovun  minaya düşdüyü bildirilir

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü ölkə vətəndaşı Bəybala Nəsibovun minaya düşdüyü bildirilir.

Bu barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qubadlı Rayon Prokurorluğundan AZƏRTAC-a deyiblər ki, aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu açıqlamaya sözü gedən şəxs və onun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Qubadlı rayonu 2 il əvvəl işğaldan azad edilib.

Bundan əvvəl aprelin 19-da Kəlbəcərin Ağcakənd kəndi istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusunun minaya düşdüyü bildirilirdi.

Laçından yan keçəcək alternativ yol 32 km olacaq

Yeni avtomobil yolunun inşası

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, bölgədə bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir: "Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır".

Qeyd olunub ki, avtomobil yolunun uzunluğu 32 km təşkil edir: "İki hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək".

Bildirilib ki, yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan dörd aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdədir: "Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub".

Amma yolun neçəyə başa gələcəyi açıqlanmır.

Bu yol bəyannamədə nəzərdə tutulub

İki il əvvəl, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatının 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də iki il əvvəl Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: "Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq…".

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. (Laçın və bəzi başqa rayonlar atəşkəsdən sonra boşaldılıb) Həmin ilin 10 (9) noyabr bəyanatına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda Kino Agentliyi yaradılır

Yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində yaradılır

Aprelin 20-də Azərbaycan dövlət başçısı "Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

Yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində yaradılır.

Agentlik ölkədə kino istehsalının dəstəklənməsi, təbliği, informasiya texnologiyalarının tətbiqi və milli kinonun beynəlxalq arenaya inteqrasiyası üzrə fəaliyyət göstərməlidir.

Yeni quruma sədr və onun iki müavini daxil olmaqla, ümümilikdə Müşahidə Şurası rəhbərlik edəcək. Onun fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi ölkə prezidentinə həvalə olunur.

Onun maliyyələşməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilməlidir.

Davamı

XS
SM
MD
LG