Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:25

Məhkəmə Mehman Hüseynovun şikayətini təmin etmədi


Bloqqer Mehman Hüseynov

Bu gün, martın 15-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki bloqqer Mehman Hüseynovun şikayətini təmin etməyib. Şikayət bloqqerin həbs olunmazdan əvvəl ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi.

Bloqqerin vəkili Elçin Sadıqov məhkəmədəki çıxışında ölkədən çıxış qadağasının qanunsuz olduğunu bildirib. Vəkil qeyd edib ki, bu qadağa M.Hüseynovun həm yerli, həm də beynəlxalq qanunvericilikdə təsbit olunan hərəkət etmək azadlığını pozub.

Buna da bax:​ HRW: Hollande İlham Əliyevə desin ki...

“Belə qadağaların tətbiq olunmasına mütləq legitim əsas olmalıdır. M.Hüseynov heç bir cinayət törətməyib, daim öz bloqqerlik fəaliyyəti ilə məşğul olub. Ona tətbiq edilən qadağa bilavasitə onun peşəsi ilə bağlı olub. Bu da legitim əsas deyil”, vəkil bildirib.

Vəkil Səbail rayon Məhkəməsinin bloqqerlə bağlı verdiyi ilkin qərarın ləğv edilməsini xahiş edib.

Qapalı keçirilən məhkəmə prosesində hazırda Şüvəlandakı 3 Saylı təcridxanada cəza çəkən Mehman Hüseynov da iştirak edib. Məhkəmədəki çıxışında bloqqer də ona qoyulan qadağanın qanunsuz olduğunu bildirib.

Hakim İlqar Murguzovun sədrlik etdiyi məhkəmə heyəti apellyasiya şikayətini təmin etməyib.

Buna da bax:​ Avropanın bir neçə şəhərində 'Mehman Hüseynova azadlıq' şüarları səslənib

Vəkili məhkəmədən sonra jurnalistlərə açıqlamasında bloqqerin əhvalının yüksək olduğunu deyib.

E.Sadıqov qərarla razılaşmadıqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

M.Hüseynov 2014-cü il noyabrın 10-da ATƏT-in beynəlxalq tədbirində iştirak etmək məqsədi ilə Gürcüstana yola düşmüşdü. Ancaq bloqqer hava limanında saxlanmışdı.

Polisə, daha sonra Baş Prokurorluğa aparılan bloqqer dindirildikdən sonra sərbəst buraxılmışdı. Ona demişdilər ki, ölkədən çıxışına yasaq qoyulub.

Buna da bax:​ Ombudsman Aparatı: 'Mehman Hüseynov razılıq edir'

Həmin vaxt ölkədən çıxış yasağının qaldırılmasından ötrü məhkəməyə müraciət edilmişdi. Səbail rayon Məhkəməsi müraciəti rədd etmişdi.

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

Buna da bax: 'Mehmanın hüquqlarını pozanlar cəzalandırılsın'

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG