Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Günel Mövlud. Ər çörəyi


Günel Mövlud
Günel Mövlud

-

"Maaşımı, işimin çətin olub-olmadığını soruşurdular. Deyirdim ki, razıyam. Yenə də mərhəmət hissi ilə, canıyananlıqla mənə baxıb, əllərini göyə açırdılar."

Günel Mövlud

Ər çörəyi

Dolların qalxdığı, hamının aclıq, kasıblıq qorxusundan sarısını udduğu vaxtda, mən biraz özümüzdən danışmaq istəyirəm. Biz qadınlardan.

Deməli, gözümü açandan, qız olduğumu anlayandan, cinsimin fərqinə varandan maraqlı bir halla qarşılaşamağa başladım. Evdə-eşikdə, qohum-əqrəbada, yaxın-uzaq nə qədər qadın vardısa, onlara qulluq edən, su gətirən, qabaqlarına çay qoyan balaca qız uşaqlarına dua edirdilər:

- Ər çörəyi yeyəsən!

Əvvəl mənə çatmırdı ki, bu ər çörəyi nədir? Bu çörəkdə xüsusi olan nə var? Qadın orqanizminə necə təsir edir? Niyə hər bir qız uşağına bu duanı edirlər?

Sonra məlumatı olan xanımlar izah elədilər ki, “ər çörəyi yemək” - ərin qazandığı pulu xərcləməyin, ər hesabına dolanmağın bədii şəkildə ifadəsidir.

İranın "Şəhrizadın nağılı" filminin qəhrəmanı. Orta təbəqədən bir qadın öz çalışqanlığıyla 1960-70-ci illər İranında böyük şöhrət qazanır
İranın "Şəhrizadın nağılı" filminin qəhrəmanı. Orta təbəqədən bir qadın öz çalışqanlığıyla 1960-70-ci illər İranında böyük şöhrət qazanır

Yəni ər işləyir, qadın isə evdə oturub, seriala baxır, tum çırtlayır, qonşunun qapısını güdür, qonşuda kirayə qalan oğlanın yanına qız gəlib-gəlmədiyini yoxlayır, arada yemək bişirib, əri gözləyir. Bunun bədii adı ər çörəyi yeməkdir.

Biraz böyüdüm, tələbəliyimin ilk ilindən işləməyə başladım. Tələbəlik boyu, ondan sonra da işlədim.

Qohum-əqrəbadan olan qadınlardan hansı ilə, harda üz-üzə gəlirdimsə, nə işlə məşğul olduğumu soruşurdular. Deyirdim ki, işləyirəm.

Maaşımı, işimin çətin olub-olmadığını soruşurdular. Deyirdim ki, razıyam, maaşım normaldır, işimdən də xoşum gəlir. Yenə də mərhəmət hissi ilə, canıyananlıqla mənə baxıb, əllərini göyə açırdılar:

- Neynək, bala, allah ər çörəyi qismət eləsin, gün o gün olsun, ər çörəyi yeyəsən!

Heç kimə izah edə bilmirdim ki, vallah, mən elə özüm qazandığım çörəyi yeməklə də, özümü çox rahat hiss edirəm. Sərbəst qazanıram, sərbəst xərcləyirəm. Axı niyə mütləq ərin çörəyini yeməliyəm? Nə olur ki, ərin çörəyini yeyəndə?

Artıq üç ildir, ailəliyəm. İşləməyə davam edirəm. Həyat yoldaşım da, mən də işləyirik. Rahat, heç kimə möhtac olmadan dolanırıq. Yenə qohum-əqrabadan hansısa xanımla danışanda, işləyib-işləmədiyimi soruşurlar. Deyəndə ki, işləyirəm, köks ötürürlər:

- Gün o gün olsun, ərin o qədər qazansın ki, sənin işləməyə ehtiyacın olmasın!

Qadın və kişi futuristik ekranda işləyirlər
Qadın və kişi futuristik ekranda işləyirlər

Artıq özümdən çıxacaq hala gəlirəm. Hirslənirəm, deyirəm ki, axı niyə, niyə mən mütləq ərin qazancı ilə dolanmalıyam?

Nə olur ki, onda? Niyə mən evdə yeyib, yoğunlamalıyam, ər işləməlidi? Kim bölüb bu bölgünü?

Özü də maraqlıdır ki, işin çətin və ya asan, prestijli və ya sadə, gəlirli və ya az gəlirli olmasının ciddi fərqi yoxdur.

“Evdar ictimai fikir” üçün sən işləyirsənsə, həyatını uğurla qurmuş hesab olunmursan. Həyatını uğurlu qurmuş qadın o qadın hesab olunur ki, ərin çörəyini yesin.

Bəli, el qınağı “yaxşı kişinin arvadı işləməz” kimi murdar, iyrənc, seksist mesajlar ötürür.

Hər şeyi anlayıram. Bəli, qadınlarımızın da, kişilərimizin də alt-şüurunda bir “vagina kultu” var.

Bu kult qadını daim tələb etməyə, kişini daim xərcləməyə vadar edir.

Bəli, mentaitet, el qınağı “yaxşı kişinin arvadı işləməz” kimi murdar, iyrənc, seksist mesajlar ötürür.

Bəli, maskulin bir cəmiyytədə kişinin karyeraya, uğura gedən yolu qadının yolundan fərqlənir. Bəli, razıyam hamısı ilə.

Amma işləyən, normal maaşı olan, valideynlərinin və ya həyat yoldaşının əlinə baxmayan, ürəyi istəyəni ala bilən, maddi cəhətdən müstəqillik kimi gözəl bir hissi “ər çörəyi”nə dəyişən qadınarı anlamıram.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG