- Vasif Əlihüseyn
ÇAYIMI STƏKANDA
DƏMLƏMƏKDƏN BAŞLAR UNUTMAQLAR
Sızğa yağışlar yağar küçəmizdə,
külək əsər, evlərin üstünü
götürüb aparmaq üçün.
Başını
pəncərədən bayıra çıxarmaz qonşular,
görməzlər getməyini -
acıxlanmazlar arxanca.
Hər şey kiçilər sən gedən gün,
Çayımı stəkanda dəmləməkdən
başlar ayrılıq.
Qoşa şəklimizin altında,
hələ tək yatmaqlar.
Hər axşam,
evə gec qayıtmaqlar var,
Hər axşam,
“Kilki” yemək var, səndən sonra.
Evimin içində bir otaq,
otağın içində bir şeir olar
arxanca yazılmış.
Belə,
arxanca danışmaq kimi çıxmasın,
səni öpmədiyim günlərin
qəzaları qalıb dodaqlarımda.
VİKTORİYA
Əvvəl
Çox tənha hiss etdim özümü
Sonra alışdım burda yaşamağa
Viktoriya!
Bilirsən,
Bu şəhərdə bizimkilərdən çoxdu.
Gündüzlər bazarlarda meyvə satıb,
gecələr pul xərcləməyə yer tapan
atalar üçün
darıxar uşaqları.
Yaxşı yadımdadı
Evdən çıxmağım,
Viktoriya!
Arxamca ağlayan körpələrimin
çığırtısı qalıb qulağımda.
Heç nə vecinə deyil,
Viktoriya!
Soyuq pivəni
başına çəkməklə məşğulsan.
Mən isə
atasız qalan uşağının başını tumarlamaqla məşğulam.
hələ sünnət də etdirəcəm ona.
Bir də
atamı tutar polisləriniz,
Viktoriya!
Kabinetlərini sildirərlər ona.
Lənətə gəlsin polislərinizi!
Atam evimizin kişisidi
O, kabinet silməyib heç vaxt.