Millət vəkili Gültəkin Hacıyeva isə bildirir ki, Sərsəng Su Anbarı Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan ölkədə 100 hektarlarla torpaqlar suvarmadan kənarda qalıb. Həmin torpaqların sahibləri olan aztəminatlı ailələr də əkib-becərmədikləri sahələrə görə ünvanlı sosial yardım ala bilmirlər. Xanım Hacıyeva yada salır ki, rəsmi rəqəmlərə görə, hazırda ölkədə əhalinin 29 faizi yoxsuldur. Bu isə 2,8 milyon adam deməkdir. Ünvanlı sosial yardımı isə 50 minə yaxın adam alır ki, bu da həmin 2,8 milyon adamın heç 2 faizi də deyil: «Deməli, ünvanlı sosial yardım ölkə əhalisinin yoxsul hissəsinin böyük əksəriyyətini əhatə etmir. Bu da ciddi problemlərin və narazılıqların yaranmasına gətirib çıxarır».
Ünvanlı sosial yardımın aztəminatlı ailələrə verilməsində problemlər sadalananlarla bitmir. «Azadlıq» radiosunun bölgə müxbirləri adamların həm də sosial yardım üçün tələb olunan sənədlərin çoxluğundan, məmurların sui-istifadə və süründürməçiliklərindən narazı olduqlarını deyirlər.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Şamil Sadıqov Milli Məclisdə bildirdi ki, ehtiyac meyarı əsasında ödənişlərin – yəni ünvanlı sosial yardımın paylanmasında bu və digər problemlərin yaranması həmin mexanizmin yeni formalaşmasından irəli gəlir. Həqiqətən də bu mexanizmin təkmilləşdirilməsinə ehtiyac var: «Ünvanlı sosial yardımın paylanma mexanizminin təkmilləşdirilməsinə qayıdacağıq».
2007-ci ilin dövlət büdcəsində yaşayış minimumu adambaşına orta hesabla 64, ehtiyac meyarı isə 35 manat nəzərdə tutulur. Millət vəkilləri bu həddin yetərli olmadığını və məbləğin artırılmasını təklif etsələr də, parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının rəhbəri Ziyad Səmədzadə hesablamalar zamanı mövcud imkanların nəzərə alındığını bildirir.
Yaşayış minimumu ilk dəfədir ki, dövlət büdcəsində öz əksini tapır. Bəzi millət vəkilləri deyirlər ki, 2010-cu ildə ehtiyac meyarını yaşayış minumumuna çatdırıb ondan xilas olmaq lazımdır. Əlbəttə ki, bunun nə dərəcədə baş tutacağını qarşıdakı 2-3 ildə müəyyənləşdirmək mümkün olacaq. Hələlik isə məlum olan odur ki, gələn il iyulun 1-də ehtiyac meyarı 40 manata çatdırılacaq.
Ünvanlı sosial yardımın verilməsi də ehtiyac meyarına əsasən hesablanır. Yəni hökumət vətəndaşın ehtiyac meyarından az olan gəlirinə sosial yardımı əlavə edib, onun gəlirini ehtiyac meyarına çatdırmaq istəyir.
Hökumət aztəminatlı vətəndaşlara ünvanlı sosial yardım verilməsi proqramının icrasına bu ilin iyulundan başlayıb. İndi parlamentdəki müzakirələrdən aydın olur ki, rəsmilər onun vətəndaşları narazı salan şərtlərinin dəyişdirilməsi üzərində düşünürlər.