Ukrayna prezidenti Volodimir Zelenskinin dekabrın 28-də ABŞ prezidenti Donald Tramp ilə danışıqları razılaşmasız başa çatıb. Amma Zelenski bildirib ki, ABŞ və Ukrayna komandaları tezliklə yenidən görüşəcək, gələn ay isə Vaşinqtonda Avropa liderlərinin iştirakı ilə toplantı keçiriləcək.
Zelenski sosial media postunda yazıb ki, Floridanın Palm-Biç şəhərində, Trampın Mar-a-Laqo iqamətgahında görüşdə bütün məsələlər, o cümlədən təhlükəsizlik zəmanətləri ilə bağlı "əhatəli" müzakirələr aparılıb.
"Sülh çərçivəsinin bütün aspektlərini müzakirə etdik və mühüm nəticələr əldə etdik", – Zelenski vurğulayıb.
"Biz həmçinin növbəti addımların ardıcıllığını müzakirə etdik. Davamlı sülh üçün təhlükəsizlik zəmanətlərinin əsas rol oynamasına razılaşdıq", – Ukrayna prezidenti qeyd edib.
Onun yazdığına görə, hər iki ölkədən təmsilçilər bütün məsələləri yekunlaşdırmaq üçün ən geci gələn həftə görüşəcəklər. Tramp isə yanvarda Vaşinqtonda Ukrayna və Avropa liderlərini qəbul etməyə razılaşıb.
Rusiyanın Ukraynada dörd ilə yaxındır apardığı işğalçı müharibədə hər iki tərəfdən toplam 1,5 milyondan çox hərbçi öldürülüb, yaxud yaralanıb.
Tramp-Zelenski görüşündə iştirakçılar irəliləyiş və "nəticələrdən danışıblar, detallar açıqlanmayıb, əlavə danışıqlarla bağlı vəd verilib.
"Doğru yön"
İki saat çəkən danışıqlardan sonra Tramp sülh müzakirələrinin doğru yöndə getdiyini deyib. Amma o, yanvarda Vaşinqtonda liderləri qəbul etmə ehtimalından danışmayıb: "Xeyli yaxınlaşmışıq, bəlkə də, çox yaxınıq… [Danışıqlar] doğru yöndə gedir".
"Rusiya [müharibənin] bitməsini istəyir. Hamı onun bitməsini istəyir", – Tramp jurnalistlərə deyib, amma detalları açıqlamayıb
Tramp və Zelenski həmçinin Avropa liderləri – Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışıblar.
"Ədalətli və davamlı sülhün təməlində duracaq təhlükəsizlik zəmanətləri üzrə irəliləyiş əldə edirik", – bunu Makron sosial mediada yazıb. O, yanvarın əvvəlində "İstəklilər koalisiyası"nın Parisdə bir araya gələcəyini bildirib. Ukraynanın müttəfiqləri olan bu ölkələr sülhyaratma missiyasında iştirak edə biləcəklərini bəyan ediblər.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sosial mediada yazıb ki, "Avropa Ukrayna və ABŞ-dəki tərəfdaşlarımızla işi davam etdirməyə hazırdır… Əsas məsələ isə ilk gündən [Ukrayna üçün] möhkəm təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır".
Kiyev təhlükəsizlik zəmanətləri əldə etməyə çalışır, Kremlin əlavə ərazilər vermək tələbinə qarşı çıxır.
Tramp birgə mətbuat konfransında deyib ki, ərazi məsələləri, Ukraynanın Donbas vilayətinin gələcəyi hələ həll olunmayıb.
"Bu məsələ həll edilməyib, amma xeyli irəliləyiş var. Çox çətin məsələdir", – Tramp söyləyib.
Trampın məyusluğu
Tramp seçki kampaniyası vaxtı müharibəni bir günə həll edəcəyini deyirdi, amma indiyədək biznesmen bacarıqları ilə bu işin öhdəsindən gələ bilməyib.
Onun baş elçisi Stiv Uitkoff altı dəfə Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tramp özü isə Rusiya lideri ilə avqustda Alyaskada üz-üzə gəlib.
Zelenski-Tramp görüşündə Uitkoff, dövlət katibi Marko Rubio, Trampın kürəkəni Cared Kuşner, müdafiə naziri Pit Heqset də iştirak ediblər. Bu, yanvardan bəri Zelenskinin Trampla üçüncü görüşüdür.
Rusiya hələlik görüşlər bağlı əsaslı şərh verməyib.
Putinin xüsusi elçisi Kirill Dmitriyev sosial mediada yazıb ki, "bütün dünya prezident Tramp və komandasının sülh səylərini dəyərləndirir".
Danışıqlardan az öncə isə Tramp ilə Putin telefonla danışıblar. Kreml danışıqların bir saatdan çox çəkdiyini, Trampın xahişi ilə keçirildiyini bildirib. Tramp sosial media postunda danışıqları "yaxşı və çox produktiv" adlandırıb.
Putinin xarici siyasət müşaviri Yuri Uşakov deyib ki, Putin və Tramp münaqişə həll olunmadan müvəqqəti atəşkəsdə israr etməməyə razılaşıblar. Zelenski isə bu addımı dəstəkləyir.
Ağ ev ötən ay Rusiyanın xeyrinə görünən 28-bəndlik plan açıqlayıb. Kiyev Avropa müttəfiqləri ilə əks təkliflər hazırlamağa çalışıb. Zelenski ötən həftə 20-bəndlik plan açıqlayıb.
Rusiya Zelenskinin təklif etdiyi Milad atəşkəsindən imtina edib. Danışıqlardan bir gün öncə isə Kiyev və ətraf rayonları dron və raket zərbələrinə məruz qoyub. 1 milyonadək ev işıqsız qalıb.
Putin ordu komandirləri ilə görüşündə də cəbhədəki uğurlardan bəhs edib. O bir daha deyib ki, Kiyev məsələni dinc yolla həll etmək istəməsə, Rusiya məqsədlərinə güc yoluyla çatacaq.