İranda iki gün çəkən etirazlardan sonra dekabrın 30-da bir çox market və mağazalar açılmayıb. Sosial mediada yayılan videolarda nümayişlərin dağınıq formada davam etdiyi görünür.
"Ölkədə çaxnaşmanın yeni mərhələsidir, bu, İran iqtisadiyyatının dollarizasiyasıdır…, etirazlara səbəb olub", – Tehranda yaşayan siyasi təhlilçi Həmid Asəfi AzadlıqRadiosunun fars xidmətinə deyib.
O, iqtisadiyyatın durumunun parlaq olmadığını, durumun dörd-beş ay ərzində normala qayıtmayacağını söyləyib.
ABŞ-də yaşayan iranlı politoloq Əli Əşrəfi isə İranın beynəlxalq təcridinin ölkə iqtisadiyyatının problemlərində rolunu qeyd edib.
"Hökumət bu məsələni kökündən həll edə bilməz, xarici siyasətdə dəyişiklik etməlidir, Tramp administrasiyasının mövqeyini nəzərə alanda bu, çox çətindir", – o, AzadlıqRadiosuna deyib.
29 dekabr
İranda etirazçılar polislə toqquşub
İranda milli valyutanın ucuzlaşmasına, inflyasiyaya etirazlar iki gündür davam edir. Təhlükəsizlik qüvvələri izdihamı gözyaşardıcı qazla dağıtmağa çalışıb.
AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) xəbər verir ki, etirazçılar Böyük Bazarda və Tehranın digər mərkəzi yerlərində iqtisadi durumla bağlı hökumətə qarşı şüarlar səsləndiriblər. Bazarda bir çox tacirlər mağazaları bağlayıb.
Ölkə iqtisadiyyatı beynəlxalq sanksiyalar altında əzilir, İran valyutası isə rekord həddə ucuzlaşır.
Yerli media Mərkəzi Bank sədri Məhəmməd Rza Fərzinin istefa verdiyini yazır. O, 2022-ci ilin dekabrından bu vəzifədədir. Prezident Məsud Pezeşkianın sözçüsü onu keçmiş iqtisadiyyat naziri, martdan vəzifədən kənarlaşdırılmış Əbdülnasir Hemmətinin əvəzləyəcəyini deyib.
Hazırda bir dollar 1.4 milyon rialdır, bir il öncə isə 800 min idi. Bu, qara bazardakı qiymətdir. Rəsmi məzənnə bundan yaxşı olsa da, iranlıların çoxu üçün əlçatan deyil.
"Radio Fərda" etirazlarda "diktatora ölüm" şüarının da eşidildiyini bildirir. Təhlükəsizlik qüvvələrinin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə etməsinin görüntüləri yayılıb.
Bu dəfə qeyri-adi olan yerli medianın da etirazları işıqlandırmasıdır.
"Fars" agentliyi Tehranın müxtəlif yerlərində etirazçıların siyasi şüarlar səsləndirdiyini xəbər verir. SEPAH-a yaxın bu agentlik təhlükəsizliyin, sabitliyin pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İran statistika idarəsi dekabrın 28-də inflyasiyanın 52 faizə çatdığını elan edib.