Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:44

Allahın qohumu deyiləm...


Yaşar Bünyad
Yaşar Bünyad
-

Yaşar Bünyad


( "Məişət qayğıları" seriyasından)


BU YAŞIL AĞACIN ALTI KİMİNDİR?

Hərənin öz ağacı var
Hər ağac altının öz adı -
yiyəsinin adı kimi.
Hər ağac altının min keyfi,
min dadı var..
Dəbbələnib dədə malı kimi
Allahın dağı,
Allahın meşəsi,
bulağı, suyu...
Allahın qohumu deyiləm
Mənə pay düşməyib, qağa!
Gərək əlimi cibimə salam
başımı ağac altına soxmağa.
Ora əlim çatmayır
Yaşayıram kölgəsiz ağaclar şəhərində
günəşlə söyüşə-söyüşə,
bürküylə döyüşə-döyüşə...
Mən şəhər adamıyam-
Beton evlərin kölgəsidir mənə qalan.

Yeri daş döşəməli,
çevrəsi qızmış asfalt qoxulu
dəbdəbəli parklarda
Baba Yaqanın süpürgəsinə oxşar palmalar
sarala-sarala utanır xəcalətindən.

"Müasir" palıdlar
günahsız məhbus kimi
cəza çəkir
kvadrat, metal çərçivələrdə.

Rişə verən ağacları
Abort edir yaşıllıq idarəsi.

...Şəhərdə
ağaclar ölmür öz əcəliylə.
Şəhərdə ölür ağaclar-
Məmur əmriylə.


SUS

Qapat içindəki düşüncələri
Dondur
arzularını Cənub qütbündə.
Əqidəni dəfn elə
banderol qutusunda
göndər ünvansız yerə-
"Tələb olunanadək"..

Nə istəyirik axı?!
Üç aylıqdan "pustışka" əmdik
əmcək yerinə.
Yalançı döşə öyrəndik
Oxuduğumuz "Qoğal", " Cırtdan"
Qorxduğumuz xoxan, xortdan..,
canımıza doldu.
Bax, buyuq biz!
Qaranlıqda
hələ də "xoxan" axtarır gözlərimiz.
Cılız böyütdülər bizi,
Cırtdan etdilər bizi.
Böyüyə bilmirik hələ
Yalanlar,
Qorxular qoymur böyüməyə.

Sahibsiz,
cibləri boş,
reanimasiya şöbəsində yatan
ümidsiz xəstəsən.
Həyatın olsa da çilik-çilik
Əbəsdir,
İmdad istəmə, sus.
Yoxsa,
eşitdiyin son söz olar:
- Biz onu itiririk !

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG