Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

Azərbaycan Mətbuat Azadlığı indeksində geriləyib


«Sərhədsiz Reportyorlar»ın illik Mətbuat Azadlığı indeksini göstərən xəritə
«Sərhədsiz Reportyorlar»ın illik Mətbuat Azadlığı indeksini göstərən xəritə
Yanvarın 25-də «Sərhədsiz Reportyorlar» təşkilatı illik Mətbuat Azadlığı indeksini açıqlayıb.

Azərbaycan «Sərhədsiz Reportyorlar»ın Mətbuat Azadlığı indeksində 179 ölkə arasında 162-ci yerdə qərar tutub. Ötən illə müqayisədə Azərbaycan 10 pillə aşağı düşüb.

Qurumun yaydığı məlumatda deyilir ki, 2011-ci ildə dünyada mətbuat azadlığı ilə bağlı bəzi dəyişikliklər olub. Təşkilat bu sırada Ərəb Baharının rolunu xatırladır: «Ərəb ölkələrində baş verən proseslər avtoritar ölkələrin mətbuatla davranışına təsir edib».

«Sərhədsiz Reportyorlar»ın 10-cu hesabatında deyilir ki, hələ də hökumətlər mətbuat və informasiya üzərində nəzarətə davam edirlər.

Ayrı-ayrı ölkələrdə medianın durumunu təhlil edən təşkilat Azərbaycanla bağlı yazır ki, «İlham Əliyevin despotik rejiminin tərəddüd etmədən vətəndaşları həbsə atdığı bir ölkədə həbs olunanların sayında dramatik artım var». Təşkilat yazır ki, bu ölkədə müxalifyönlü jurnalistləri oğurlayırlar.

«Sərhədsiz Reportyorlar» bildirir ki, demokratiya tələbi ilə keçirilən etirazların qarşısı zorakılıqla alınmasından sonra Azərbaycan Mətbuat Azadlığı indeksində geriləyib. Belarusla Azərbaycanı eyni bölümdə təhlil edən təşkilat qeyd edir ki, «Belarus və Azərbaycan prezidentləri Alexander Lukashenko və İlham Əliyev hər ikisi mətbuat azadlığının qənimidir».

Hesabatda yazılır: «Belarusda 100-dən çox jurnalist və bloqçu tutulub, Azərbaycan da eyni üsuldan istifadə edib və sosial şəbəkələrdə söz və ifadə azadlığından istifadə edən bloqçuları həbsxanaya atıb».

Mətbuat Azadlığı cədvəlində Azərbaycanın qonşuları İran istisna olmaqla digərləri ondan yuxarı pillədə qərar tutub: Məsələn, Rusiya 142, Ermənistan 77, Gürcüstan 105, Türkiyə 148-ci yerdədir.

Ötən ildə Qırğızıstanda mətbuat azadlığında vəziyyət yaxşılaşdığından ölkə təxminən 10 pillə yuxarı qalxıb və 109-cu yerdə qərarlaşıb.

Siyahıya Finlandiya rəhbərlik edir, ən sonuncu pilləni isə Eritreya tutur. Keçmiş SSRİ respublikası olan Estoniya isə 3-cü yerdədir.
XS
SM
MD
LG