Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:28

«Amneziya»nın ikinci hissəsini yaza bilməyəcəyəm»


Yazıçı Əli Əkbərlə onun sonuncu romanı olan "Amneziya" haqda söhbət. Onunla "Bizim yol" qəzetinin müxbiri Natiq Cavadlı söhbətləşib.


- Əli Əkbər, “Amneziya” romanını oxumağa başlayanda, həm adı, həm də əsərin qəhrəmanının yaşantıları məndə belə təəssürat yaratdı ki, əsas fikir azərbaycanlıların yaddaşsızlıq bəlasını ifadə etməkdir.

Bu barədə nə düşünürsən?


- Əlbəttə ki, belə bir paralel aparmaq olar.

Amma mən bu məqamda bir il əvvəl Yaponiyanın Azərbaycandakı səfiri ilə söhbətimi bölüşmək istərdim.

Səfirə sual verdim ki, azərbaycanlılar tez-tez yaddaşsızlıqdan şikayətlənirlər: düşmənlərimizin pisliklərini tez unuduruq və s.

Siz yaponlar da ABŞ-ın atom bombalarına məruz qalmısınız, həm də amerikanlar yapon diasporunu almanların yəhudilərə etdiyi kimi gettolara həbs etdilər.


"Mənim bakılı, rusdilli kimi formalaşmağıma əngəl olan da məhz millətçilik hissləri oldu.

1990-cı ildə “Baksovet”lə üzbəüz oxuduğum 134 saylı rusdilli məktəbdə 4-5 oğlan və bir neçə qız özümüzə türk deyirdik.

Demək istəyirəm ki, o dövrün bizə çox ciddi təsiri oldu və bu mərhələni keçməyimə peşman deyilən, əksinə sevinirəm".
Bəs bu gün Yaponiyada “biz amerikalıların etdiklərini gərək unutmayaq, xalqımızın yaddaşı çox qısadır, 50 ilə hər şeyi unutduq, indi də onlarla qol-boyunuq” deyənlər varmı?

Cavab verdi ki, Yaponiyada bir nəfər də belə adam tapa bilməzsən. Səfir xalqının məsələyə fərqli baxış göstərdiyini dedi.

Yəni 40-50-ci illərin mənzərəsi o idi, konyuktura, müharibə şəraiti və filan şeylər.

İndi yaddaş deyəndə, bəli, əsərin baş qəhrəmanı Muradın yaddaşsızlığını bütün bir topluma proyeksiya edə bilərik və niyyətim də bu olub.

Amma əsərdə ictimai yaddaşsızlıqla fərdi amneziyanı bəzi məqamlarda ayırmaq da lazımdır.

Romanda özümün də xoşlamadığım bir şey var ki, müəllifin harada ictimai və fərdi yaddaşsızlıqdan danışdığı məlum olmur.

Görünür, bu, mənim zəifliyimdir.

- Əsərdə Toğrulun xalqa inamsızlığında müəyyən məntiq olsa da, müəllifin daha çox Murad və jurnalist Sənana dəstək verməsində, oxucuya öz fikrini aşılamaq istəyi görünmürmü?


- Mən Azərbaycanda populyar, hər gün gördüyümüz, görməyə alışdığımız psixotipləri yaratmağa çalışmışam.

Toğrul passiv narazıdır, bu cür adamlar bizimlə kollektivdə işləyirlər, eyni idman zalına gedirlər, yəni belə insanlara hər addımbaşı rast gələ bilərik.

Əslində bu passiv narazılar Azərbaycan xalqının 90 faizini təşkil edir.

Təbii ki, Toğrul intelektual, savadlı obrazdır, yenə bunları bir kənara qoysaq, hər kəs passiv narazıdır.

O, “onsuz da biz heç nəyi dəyişə bilmərik, belə gəlib belə də gedəcək” deyənlərdəndir. Amma Toğrul həm də müsbət insandır.

Əlbəttə, passiv narazılara olan qəzəbimiz başa düşüləndir, amma bu, onların pis olmasını deməyə əsas vermir.

Əvvəllər mənim belə insanlara qəzəbim və nifrətim var idi, sonra başa düşdüm ki, bizim sevgidən başqa əlacımız yoxdur.

Əsəbləşib söyək, amma hər halda biz özümüzü yetərincə ifadə edib inandıra bilmirik. Yenə deyirəm, Toğrul müsbət qəhrəmandır, amma kompormistdir.

- Bəs Sənan Azərbaycan mətbuatında hansı jurnalistin protopidir?


- Eklektikdir və bütün obrazlar yığma komandadır.

- Ancaq seçki üzrə mütəxəssis Anar Məmmədli də var axı...

- İnandırım ki, mən konkret Anarın obrazını nəzərdə tutmamışam. Sadəcə, adı, soyadı, bir az da sataşmaq məqsədi ilə əsərə daxil etmişəm.

- Özün ifrat xalqçılığa, milli-mənəvi dəyərlərə ironiya ilə yanaşdığın halda, əsas qəhrəmanlarında əks baxış var.

Bu mənada Murad sənin dostlarından biridirmi?


- O da eklektikdir. Nədənsə baş qəhrəmanı müəllifin “kopya”sı olduğunu düşünənlər var.

Qətiyyən elə deyil və mən Muradın dediyin dəyərlərə münasibətini göstərmişəm, bu, o qədər də müsbət münasibət deyil.

- Amma o qədər də mənfi deyil, yəni sənin kimi...

- Axı mən onu o qədər də özümə oxşatmaq istəmirəm. Muradın qadınlara münasibəti ilə mənim qadınlara münasibətim qətiyyən eyni deyil.

Mən heç zaman bir qadın üçün o qədər əzab çəkmərəm.

Murad məndən fərqli olaraq, çox romantikdir, həm də daha dözümlüdür.

Ola bilsin ki, özümdə görmək istədiyim keyfiyyətləri ona yükləmişəm, bax, bu başqa məsələ.

Yəni Murad idealda görmək istədiyim personajdır, istər qadınlara, istərsə də həyata münasibətdə.

İdeal obrazı yaratmışam, amma başqa tərəfdən də ideal da deyil.

- Azərbaycan dilli bədii əsərlər sırasında ilk dəfə olaraq yataq səhnəsi bu cür çılpaq şəkildə təsvir edilir, həmçinin oral seks.

Bu yaşantını hansı məqsədlə Azərbaycan oxucusuna verdin?


- Mən hələ 5 il əvvəl “Götenin röyası” romanında buna baş vurmuşdum, eksprimental bir əsər idi.

Bu əsərlə bağlı elə adamlar məktub yazırlar ki... Deyirlər, superdir, sən inqilab etdin. Amma bu inqilab deyildi, sadəcə bizim dildə ilk dəfə pornoqrafik mətn idi.

Hətta milli pornofilmin ssenarisi verildi, yəni bu cür səhnə necə çəkilə bilər, aktyorların rejissorla söhbəti.

Ümumiyyətlə, mən seksual inqilabı labüd sayıram.

Çünki bu arzuladığım liberal cəmiyyətin qurulmasının şərtlərindən biridir.

Həmin cəmiyyətin qurulmasının qarşısında dayanan əngəllərdən biri də bizim çox ciddi seksual zəmində komplekslərimizin olmasıdır.

Bəli, problemlər çoxdur, amma bu da onlardan biridir.

Yəni qadın-kişi münasibəti haqqında bu qədər açıq yazmağımın səbəbi odur, yoxsa kiməsə nəsə öyrətmək, yaxud ehtiras oyatmaq, bilirəm ki, bu, mümkün deyil.

- Axı həyat yoldaşından ayrılan azərbaycanlı kişinin öz qadını ilə oral sekslə məşğul olması nə dərəcədə realdır və bəlkə bu “pərdə”ni qaldırmaqla Azərbaycanda hansısa tabuları dağıtmaq istəmisən?

- Əlbəttə. 1993-94-cü ildən fərqli olaraq bu gün mənəvi üstünlüyü olmayan bir hakimiyyətin milli-mənəvi dəyərlərə apelyasiya, yaxud möhtəkirlik edərək müxaliflərə qarşı hərəkətlərinə baxaq.

Hər hansı jurnalisti bununla bağlı telekanallarda ittiham hədəfinə çıxaranda, rolikə çevirəndə, bilməliyik ki, o, gizlənəcək, yox olacaq bir iş görməyib.

Bəlkə xəyanəti deyirlər, bunu isə özü və ailəsi bilər.

Sual budur, “üçüncü göz”ün orda nə işi var? Madam ki, əxlaqsızlıq edib kameranı yerləşdiriblər, inanın mənə, bilmirəm, onu utandıran xanımla əlaqəsi, yoxsa oral seks?

Mənə elə gəlir ki, ikincidir.

Hesab edirəm ki, bu məsələlərə son qoymaq lazımdır, yəni seks, çılpaqlıq, hətta homoseksual münasibətlərin özü, qanda erməniliyin olması, bunların heç biri şantaj mexanizmi olmamalıdır.

- Yenə arzuladığın liberal cəmiyyətə gəlirik. Bəs bilirsənmi ki, xalqlar millətçilik mərhələsini keçmədən bu, mümkünsüzdür?

Fransızlarda Napoleon, almanlarda Hitler xalqlarına bu dövrləri yaşatdılar...


- Biz keçmədikmi? Ola bilər, sən ona imitasiya deyərsən, amma Topxanada kəsilmiş iki armud ağacına görə olanları unutmusanmı?

Axı biz Elçibəyi gördük, Xəlil Rzanın şerlərini oxuduq, bu mənada millətçilik mərhələsini keçmişik. Yəni nə qədər və necə keçmişiksə, o qədər də olub.

Mənim bakılı, rusdilli kimi formalaşmağıma əngəl olan da məhz millətçilik hissləri oldu.

1990-cı ildə “Baksovet”lə üzbəüz oxuduğum 134 saylı rusdilli məktəbdə 4-5 oğlan və bir neçə qız özümüzə türk deyirdik.

Demək istəyirəm ki, o dövrün bizə çox ciddi təsiri oldu və bu mərhələni keçməyimə peşman deyilən, əksinə sevinirəm.

- Düşünürsənmi ki, “Amneziya” liberalların əlində bir vasitə ola bilər?

- Bəli, bir liberalın yazdığı roman istər-istəməz liberal romandır. Amma mən doğrudan da özümü izmlərdən uzaq sayıram.

Bu gün ən rahat, firavan ölkələr liberal demokratiya ilə idarə olunanlardır.

- Nə üçün romanda inqilabdan sonrakı həyat tam açılmır, düzdür, polislə Muradın münasibətlərindəki dəyişiklik, şəhərin ümumu görünüşünün fərqliliyi verilir, amma yenə də nəsə çatmır. Nədən tam aça bilmirsiniz demokratik Azərbaycanı?

- Bəlkə qorxuruq?! Mən elə ikinci hissəni qorxduğuma görə yazmıram. O zaman mən tənqid etməliyəm.

Çünki yaradacağım mənzərə heç də xoş mənzərə olmayacaq. Gürcüstan nümunəsi var.

Təbii ki, müsbət şeylər çoxdur. Ancaq milli mentalspesifikamız da nəzərə alınsa, bizim işimiz gürcülərdən çox-çox çətin olacaq.

- Nə üçün?


- Birinci müsəlmanlığımız. Mən müsəlman dominantlığının olduğu cəmiyyətdə həqiqi liberal demokratiyaya keçidin asan olmayacağı nədir, hətta mümkünsüzlüyü barədə düşünürəm.

Düzdür, vaxtımız var, o mənada ki, dindarlarımız Türkiyədəki kimi firqələşməyib.

Ancaq sürətlə şəriət dövlətinə doğru gedirik və hakimiyyət də bunun üçün əlindən gələni edir.

Mən islamı Azərbaycanın inkişafı qarşısında çox böyük maneə görürəm. Deyə bilərsiniz ki, Qərbdə kilsəyə gedirlər və sairə.

Məsələ ondadır ki, xristianlıq kilsələrdə həbs edilib və məsələ aktuallığını itirib.

Xristianlığın əlində insanlara işgəncə vermək imkanları qalmayıb.

İnstitutsional olaraq bu din həbs olunub və təsərrüfat haqqı əlində alınıb.

- Yəni sabah Hacı İlqar hakimiyyətə gəlsə, bizləri dar ağacına çəkə bilər?


- Çəkə bilər yox, çəkəcək. Məhz Hacı İlqarın özünü də çəkəcəklər.

Çünki Hacı İlqar özlüyündə ifrata varır, o qədərini ona heç şiəliyin özü də bağışlamayacaq.

Biz İran İslam Respublikasının qurulmasından sonra onların ən “liberalı” ziyalısı olan Əli Şəriətinin Parisdə necə zəhərləndiyini gördük.

Yəni inqilab öz qəhrəmanlarını “yeyib-qurtarır”, heç sümükləri də qalmır.

- O zaman inqilab etsək, Robespyerlərin Dantonları gilyotinə göndərməsini görəcəyik?

- Əvvəla, yaxın perspektivdə islami inqilab mümkün deyil. Amma uzaq perspektivdə ola bilər. Çünki insanların islamdan başqa heç nəyə ümidi qalmayıb.

Qayıdaq, inqilabdan sonra Azərbaycanla bağlı sualına, bilirsiniz, mən əmin və rahat deyiləm. Bəli, hakimiyyətə nifrətim sonsuzdur, dəyişməsini istəyirəm.

Ümumiyyətlə, Azərbaycanın gələcəyini indiki hakimiyyətlə təsəvvür edə bilmirəm.

O ki, qaldı hakimiyyəti əvəzləyəcək qüvvələrə, onlar mənim üçün qaranlıqdır.

Düzdür, bu hakimiyyətdən də pisinin gələ biləcəyini ehtimal etmək əxlaqsızlıqdır.

- Romanda DİN rəhbəri Sülhəddin Muxtarlının nazirdən çox siyasətçi kimi danışması birmənalı qəbul olunmur, bunu necə izah edərdin?


- Əslində, mən göstərmək istəmişəm ki, nazirlər siyasiləşməlidir. Nazir bürokrat deyil, statusuna görə siyasətçidir. Qərbdə belədir, nazirlər xalqın seçdiyi hakimiyyətin təyin etdiyi fiqurlardır. Azərbaycanda qəribə söhbətlər eşidirsən ki, parlamenti siyasiləşdirməyin və sair. Bəs siyasətçi kimdir? İlham Əliyev? Ondan başqa siyasətçi yoxdur? Müxalifəti kənara qoyaq, YAP-da güclü və təcrübəli siyasətçi ifadəsini eşitmisinizmi? Mümkün deyil, mən illərdir izləyirəm, amma “təcrübəli siyasətçidir” sözlərinə rast gəlməmişəm və siyasət sözünün özü qadağa altındadır.

- Nədən romanda nazirin çıxışı Gürcüstan DİN-in rəhbərinin müsahibəsindən götürülüb?

- Əsərdə Elnur Astanbəylinin bir köşəsindən də istifadə etmişəm. Onun qızına yazdığı köşə mənə çox təsir etmişdi.

Ona görə öldürülən qəhrəmanlardan birinin adını Elnur qoydum, məqsəd məktubu nöqtə-vergülünə toxunmadan vermək idi.

Gürcüstan DİN rəhbərinin müsahibəsini oxuyanda, dedim ki, bunu romana daxil etməliyəm.

Təbii ki, dəyişiklik olub və yalnız 10 faizi nazirin müsahibəsindən götürülüb.

Tanınmış fransız yazıçısı Mişel Uelbeki bu yaxınlarda yazdığı romana görə plagiatda ittiham etmişdilər. Saytlardan biri onu hansısa nazirliyin açıqlamasını romana salmaqda ittiham etdi.

O da cavab verdi ki, nə hay-küy salırsınız, məndən soruşun, nəyi haradan götürdüyümü söyləyim.

Musiqi termini olsa da, ədəbiyyatda passij, yəni calağ nümunələri var.

İkinci, internet əsrində yaşayırıq və əminliklə deyə bilərik ki, hər şey artıq yazılıb.

- Ona görə plagiatlıq etmək normaldır?

- Yenə deyirəm, bu, plagiatlıq deyil və müasir yazarlar buna müraciət edir.

“93, Tanrıların qürubu” romanımda Pol Kevin YAP-a üzv olarkən bir nitq söyləyir, bu mətni “Xalq qəzeti”ndə bir yaltağın mətnindən, yaxud Heydər Əliyev haqqında məqaləni “Respublika” qəzetindən götürmüşəm.

Bilirsiniz, mən bundan yaxşısını yaza bilməzdim.

- Bax, Pol Kevini dediniz, ondan sonra ABŞ-ın sabiq səfiri Eskudero YAP-a üzv oldu, yaxud “Amneziya”da Hacı Mövsümün adını çəkdiniz, İslam Partiyasının bu adda sədri həbs edildi.

Bu, yazıçı intusiyasıdır, yoxsa...?


- Mən həmin personajı Hacı İlqar kimi vermişdim, Şahbaz Xuduoğlu dedi ki, dəyişdir. Mən də düşündüm, mollaya oxşayan ad axtaranda, ağlıma Mövsüm gəldi.

Məsələn, kitab dükanının sahibini Fidan Köçərli kimi yazmışdım, bunu da “YM”da Nigar Köçərli ilə müsahibədə müxbir sahibkarın adını Fidan yazmasına görə etdim.

Qəribə gəldi ki, bu qədər dükanı var, müsabiqə keçirdir, amma adını səhv yazıblar.

Mən də personajımın adını Fidan Köçərli qoydum, amma Şahbaz deyəndən sonra Roman Bakinski etdim və cinsiyyətini də dəyişdim.

Yaxud müxalifətin lideri Ayaz Salayev idi, Şahbazın təkidindən sonra Niyazi Salayev oldu. Sonra gənclərdən biri demişdi ki, Niyazi adında sonuncu i hərfi ilə soyaddakı birinci və ikinci hərfləri birləşdirəndə İsa olur (bərkdən gülür).

Görürsünüzmü, yazar heç bunu düşünməyib, amma oxucular nələr uydururlar. Sufilərdə belə bir şey var: mürşid uçmaz, müridlər uçurdar.

Yəni müridlər şeyxlərini o qədər sevirlər ki, onu uçurdurlar.

- Bütün hallarda “Amneziya” bitmir, o mənada ki, Muradın həbsə düşməsi, gündəliyinin kitab şəklində buraxılması oxucuda nigarançılıq yaradır, davamını istəyir...

- Əslində mən demək istəmişəm ki, yaxşı, sən avtoritarizmə qarşı mübarizə apardın, çox fədakarlıqlar etdin, amma cinayət işlətmisənsə, məsuliyyət daşıyırsan və buna görə güzəşt edilməyəcək.

Bu, çox önəmli bir mesajdır.

Mən ənənəvi müxalifətin sıralarında hakimiyyətə gəlib indiki məmurlara çevrilmək arzusuyla yanıb-qovrulan insanlar tanıyıram və bundan qorxuram.

Amma özümün siyasi iddiam yoxdur və ədəbi titullara da nifrət edirəm.

Sovetin qalıqları olduğu üçün də bu titullar ləğv olunmalıdır. Bu gün 33 yaşım var, xoşum gəlir bu rəqəmdən.

Həm peyğəmbər yaşını, həm də pivəni xatırladır. İndiyə qədər xəyanətlə rastlaşmamışam, bilmirəm dost xəyanəti nədir. Əminəm ki, hər şey yaxşı olacaq.

Ancaq görünür, gəncliyim imkan vermir ki, onun formatını təsvir edim, kiminlə və necə yaxşı olacaq?

Bəlkə də buna görə də nasirlər gənc yaşlarında uğur qazana bilmirlər.

Dünya çapında bir nasir göstərin ki, gənc yaşında bir romanına görə aləmi bir-birinə vurur.

Ona görə “Amneziya”nın ikinci hissəsini yazmaq məni çox qorxudur, yaza bilmərəm, yaza bilməyəcəyəm.

Natiq CAVADLI
Bizim yol

Həmçinin oxu
Əli Əkbərin yeni romanı öndə
Əli Əkbər "Amneziya" (Romandan parça)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG