Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:01

Sadəcə intihar haqqında düşünmək


Cəlil Cavanşir

Bu yazını yazmaqda məqsədim, kimdənsə mərhəmət, kömək ummaq deyil. Bu milyonlarla insanın oxşar taleyinin ümumiləşmiş, qələmə alınmış obrazıdır.

Bu minlərlə 27 yaşlı gəncin, yüzlərlə atanın, onlarla gənc yazarın oxşar taleyinin bir səhifəsidir. Bu günümüzün reallığı, seçkini uduzan xalqın seçki sonrası taleyidir. Bu sadəcə oxumaq üçündür.

Kimsəni halıma acıtmaq, özümü əzilmiş kimi göstərmək fikrində deyiləm.


...Gəncədən paytaxta-Baklıya köçməyə qərar verdiyim günü yaxşı xatırlayıram.

Gəncədə normal işim olmasa da yaxşı qazancım, isti bir yuvam vardı. Ancaq içimdəki ədəbiyyat sevgisi məni Bakıya çəkirdi. Artıq Gəncədə tanınır, qəbul olunurdum.

Günüm Bakı həyatını düşünməklə keçirdi. Oğlumu yaxşı bağçaya göndərmək, yaxşı məktəbdə təhsil almasını arzulayırdım.

Bunlar beynimdə dolanır, son qərarı verməyə, acımasız və qəddar paytaxta köçməyə cəsarət eləmirdim.

Elə bu düşüncələrlə uğraşdığım günlərdən biri idi. Yaxın tanışlarımla çayxanada oturub söhbətləşirdik.

O qədər alovlu, emosiyalı danışırdım ki, qonşu stolda oturanlar da mənə diqqət kəsilmişdi. Yaşca məndən böyük olan həmkarlarım, tanışlarım həvəslə çıxışımı dinləyirdi.

Qəfildən tanışlarımdan biri dilləndi:

Bəy, sənin Bakıda yaxşı dostların var, azdan-çoxdan imzan da tanınır. Niyə Bakıya köçmürsən. Nə tapmısan bu əyalət şəhərində?

Qəfildən verilən suala cavab tapmasam da həmin gün qərar verdim ki, Bakıya köçəcəyəm.

Bir ay içində Gəncədə işlərimi nizama salıb Bakıya daşındım. İlk olaraq qalmağa kirayə ev, dolanışığımı təmin etmək üçün iş tapmalı idim.

Dostlarımın köməkliyi ilə sadə bir ev tapıb ora köçdüm, az maaşla da olsa nəşriyyatların birində işə düzəldim.

İlk ayı çətinliklərlə başa vurub, maaşıma qol çəkəcəyim anı səbirsizliklə gözləyirdim. Bakıda ilk maaşımı alacaqdım. Amma sən saydığını say…

Nəşriyyatın direktoru icarə haqqını güclə verdiyini bəhanə edib maaş verə bilməyəcəyini bildirəndə gücüm susmağa çatdı. Yazıq-yazıq üzümə baxdı:

- Çalışacam bir-iki aya verim.

Yaxın dostumun qohumuna nə edəcəkdim ki?

Ümidsiz halda çayxanada oturub siqaret çəkdiyim həmin gün televiziyada bir elan gözümə sataşdı. İş elanı idi. Kaş ki, həmin elanı görməzdim.

Səhəri gün artıq müsabiqədə iştirak edib vakant yerə namizəd olmuşdum. Qısa bir müddətdə iş tapmağım ümidləndirmişdi məni. İlk günlər rəhbərliyin səmimi münasibəti, şirin vədləri ürəyimi dağa döndərmişdi. Həyatımda dönüş yaranmalı idi.

İlk ayın sonunda sevincək maaş almaq üçün mühasibatlığa qaçdım. İçəri girib özümü təqdim edəndə mühasib üzümə diqqətlə baxıb adımı siyahıda axtarmağa başladı.

Çalışdığım layihəni bildirdim. Adımı təkrar-təkrar dedim. Mühasib key-key üzümə baxdı: “Sən axı təzəsən, eləmi? yəqin stajorsan, ona görə də sənə maaş yazılmayıb.”

Suyum süzülə-süzülə geri qayıtdım. Həmin ay Gəncədə yaşayan bir dostumun göndərdiyi 300 manatdan ev kirayəsini verib, bir az da oğluma pul yollayıb dişimi sıxdım.

Elə həmin ərəfədə kasıbçılıqdan, mənzilsizlikdən ailə konfliktim daha da dərinləşdi. Artıq məhkəmədən tez-tez çağırış gəlir, məni hövsələdən çıxarırdı.

Uzun müddət idi ki, oğlumun üzünə həsrət idim.

Növbəti ayda hər şeyin düzələcəyinə məni inandıran dostlarım, ayın sonunda üzümə peşiman-peşiman baxıb susurdular.

Bu ay maaş alsam ailəmi yanıma gətirəcək, birtəhər də olsa övladımın nəfəsini duya-duya həyata davam edəcəkdim. Amma olmadı.

Həyatımda ciddi dönüş başlanmışdı. İçkidən təsəlli tapmağa çalışır, depressiyadan və əsəbi gərginlikdən getdikcə tükənirdim. 1-2 gün işə getmədim.

Dostlarım təskinlik verir, hər şeyin düzələcəyinə məni inandırmağa çalışırdılar. Nəhayət ki, bu ay maaş alacağıma inandıqdan sonra başqa bir dostuma ağız açdım.

Ondan aldığım 270 manatla ayı birtəhər başa vurdum. Oğluma yenə lazımı qədər pul göndərə bilmədim.

Artıq çalışdığım işdən istədiyim zövqü ala bilmirdim. Sevimli balamdan aylarla ayrı qalmağım, övlad həsrəti məni hər şeydən soyutmuşdu.

Təsəllim gündəlik yazılarım, sevimli ədəbiyyat portalıyla uğraşmağım idi. Gecələr yuxum ərşə çəkilmişdi. Məhkəmə isə sanki, inadıma məktubları, çağırışları dayandırmırdı. Vaxt isə sürətlə keçirdi.

Nəhayət ki, bu ay maaş alacaqdım.

Hamıdan sonra sevincək mühasibatlığa qalxdım. Adımı deyib ümidlə əlimi uzatdım. Mühasib bu dəfə üzümə lap yazıq-yazıq baxdı: “müəllim, sizə maaş yazılmayıb. Mümkünsə rəhbərliyə deyin. Yəqin nə isə yanlışlıq var.”

Sakit-sakit pillələri düşüb işlədiyim otağa qayıtdım. Çantamı götürüb metroya tərəf ağır-ağır yeriməyə başladım.

Həmin gecə o qədər əsbləşmişdim ki, “təcili yardım” maşınıyla gələn həkimlərə də kinli-kinli baxırdım. Oğlum üçün çox darıxırdım.

Qardaşım gecəni yanımdan ayrılmadı. Səhər utana-utana kiçik qardaşımdan yol pulu alıb işə gəldim. Maaşımın verilməməyi deyəsən redaktorumu da narahat eləmişdi.

Məndən qabaq rəhbərliklə danışıb, məsələni yoluna qoymağa çalışmışdı. Həmin gün nəhayət ki 150 manat maaş alıb sevinmişdim.

Ancaq bu pulla ailəmi geri qaytara bilməzdim. Pul sanki əlimi yandırırdı. Borclarımı, “ata, məni karuselə apar!” deyən oğlumu fikirləşdikcə qan beynimə sıçrayırdı.

Çalışdığım iş yeri, həyatım tamam gözümdən düşmüşdü.

Üçüncü ay idi ki, maaş alacaqdım. Ancaq rəhbərliklə aramı vurmağa çalışan, məndən vəzifəcə üstün olduğunu isbatlamağa çalışan bədxahımla aram soyumuşdu.

Üzümə gülür, pisliyindən qalmırdı. Birinci dəfə dostunu məni yerimə gətirmək, məni uzaqlaşdırmaq istəsə də alınmamışdı. Dostumun təpkisi ilə geri çəkilmişdi.

Yaltaqlığı və qorxaqlığı dilini qısa eləmiş bu adam, özündən imkanlıların qabağında əyilməyi borc bilir, məni isə özü kimi əyməyə çalışırdı. Lakin işdən soyumağım, səhhətimin pozulması artıq məni müdafiə edən dostumun da dilini qısaltmışdı.

Tezliklə işdən uzaqlaşdırılacağımı gözləyirdim. Çalışdığım layihənin uğursuzluğu da ayağıma yazılırdı. Bir tərəfdən də ailə məsələsi… artıq hər şey itirilmişdi

İşdən uzaqlaşdırıldığımı eşitdiyim o gün heç yadımdan çıxmaz. Kiçik qardaşımın toyundan qayıtmışdım. 6 ay çalışdığım şirkətdə rəsmi işçi kimi mənə vəsiqə təqdim olundu. Heyrətləndim.

Nahar fasiləsinə gedəndə şəstlə vəsiqəmi çıxarıb mühafizəçiyə göstərdim: “Görürsən, deyəsən daha işə gecikmək yoxdur.”

İş yoldaşlarım da zarafat elədi, daha nahar fasiləsində ləngiməkdə yoxdur ha- dedilər. gülüşə-gülüşə nahara yollandıq.

Nahardan sonra Dövlət Radiosuna çağırmışdılar. Kefim yerində idi. “Bu gün ya da sabah maaşı da verəcəklər, hələ bəlkə də artırdılar.”- deyə düşünürdüm.

Veriliş qurtaran kimi, işə tələsdim. Pilləkənlərlə yuxarı qalxanda maaşın verildiyini eşidib tələsik yuxarı qaçdım.

Qardaşımın toyuna gedəndə borc almışdım. Sevinirdim ki, borcumu qaytaracaq, ev kirayəsini də verəcəyəm.

Həmişə olduğu kimi, mühasibin otağının qarşısında qələbəlik idi. Hamı həsrətlə maaşını gözləyirdi. Bədxahım da, dostlarımda burda idi. Yaxınlaşanda söhbətin məndən getdiyini anlayıb ayaq saxladım. Bədxahım dostuma deyirdi:

- Ona (yəni mənə) de ki, sabahdan işə gəlməsin. Layihəmiz bağlandı. Uğursuz olduğundan sponsor layihədən imtina edib. “kulturnu” başa sal. Bu dəfə mənlik heç nə yoxdur. Rəhbərlik layihənin bağlandığını özünə də dedi. Sən allah, başa sal daha gəlməsin.

Deyəcək sözüm qalmamışdı. Düzdü layihənin bağlandığını bilirdim. Ancaq bu boyda şirkətdə mənə uyğun iş tapılacağına da əmin idim. Sakitcə kənarda əyləşdim. Bədxahım çevrilib məni görəndə tutuldu, başını aşağı salıb növbəsini gözləməyə başladı.

Maaşımı alıb rəhbərliklə söhbət eləmək üçün qapıya yaxınlaşdım. İçəridə kimsə telefonla danışır, rusca qarşı tərəfi başa salmağa çalışırdı. Qapı açıq idi. Xeyli vaxtdır heç nədən məndən küsən dostumda içəridə idi. Salam verib mətləbə keçdim:

Müəllim, layihəmiz bağlandı, mənim taleyim necə olacaq.

- Görək də, yəqin yeni layihədə işləyəcəksən. Dili ilə bu sözləri desə də mimikasından hiss etdim ki, demək istəyir ki, “Getsən daha yaxşıdır. ”

Sağollaşıb otağıma qayıtdım. Normal vaxtlarda siqaret çəkmədiyim otaqda pəncərəyə yaxınlaşıb bir siqaret yandırdım. Tüstünü ciyərlərimə çəkib, gecə lampalarının işıqlandırdığı şəhərə baxdım.

Acı-acı düşünməyə, burda keçən günləri saf-çürük eləməyə başladım. İtkim böyük idi.

Həmin gün çox narahat yatdım. Səhər artıq işə getmədim. Artıq rəsmən işsiz idim.

Bir gün sonra zəng edib vəsiqəni istədilər. Cəmi bircə gün daşıdığım vəsiqəni gətirib rəhbərliyə təqdim edib, halallaşdım. İş yoldaşlarımla vidalaşıb arxaya baxmadan şirkətdən uzaqlaşdım. Sanki, geriyə baxsam üzüləcək bir şeylər görəcəkdim.

İndi işsizəm. Neçə gündür ki, maaşımdan qalan qəpik-quruşu xərcləyib başımı qatıram.

Dağılan ailəm, qazandığım ürək xəstəliyi, artan borclarım isə ümidlərimi daha da məhv eləyir. Yaşadığım cəmiyyətin qəddarlığı, ədalətsiz və soyuq insanlara baxdıqca sadəcə bir yol qaldığına əmin oluram.

Gülüşünə, şirin danışığına həsrət qaldığım oğlumu düşündükcə beynimdəki uğultu daha da artır.

Ədəbiyyata, yazmağa olan sevgimin fəsadları ilə baş-başayam. İndi itirə biləcəyim sadəcə həyatımdır.

Kimlərinsə dövlətin cibinə girib bir gecədə kefə xərclədiyi pul qədər borclarım, soyuq, səssizlikdən qulaq tutulan tənha, darısqal mənzilim birdə ümidsizliyim var.

Mən məhv olan gəncliyin, unudulan yazarların nümayəndəsi, dayı tənəsiylə böyüyən bir türk oğlunun atasıyam. Və mən sadəcə intihar haqqında düşünürəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG