Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:04

«İnvestisiya yatırılsa, Qarabağ bəlkə qala bilər»


«Kosovo və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda elan edilib. Ermənistan da hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq»
«Kosovo və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda elan edilib. Ermənistan da hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq»
Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda bir qrup xarici jurnalistə müsahibə verib. BBC-nin Moskva müxbiri də görüşdə iştirak edib və S.Sarkisyana Dağlıq Qarabağın statusu ilə bağlı sual verib:
- Güzəştlərin hər iki tərəfdən edilməsi barədə çağırışlar edilir. Ermənistanda bu güzəştlərin yuxarı həddi hansıdır? Ermənistan nədə güzəştə gedə bilməz? Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində hansı formadasa qalması ideyası ilə barışa bilərmi?
- Bu istiqamət haqqında biz çoxdan, ən azı 14 il bundan əvvəl elan etmişdik. O zaman ki, atəşkəs istəyirdik və daha bir neçə il ondan öncə bu barədə danışmışdıq. Və bu istiqamət odur ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ tanınmalıdır.
Məsələ ondadır ki, Dağlıq Qarabağ xalqı min illər bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun.
O dövr, Qarabağın Azərbaycanın tərkibində olduğu Sovet dövrü göstərmişdir ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşaması mümkün deyil.
O ki qaldı nəzəri varianta - yəni, Qarabağ hər hansı şəkildə Azərbaycanın tərkibində ola bilər, ya yox - əlbəttə, mən cavab verə bilərəm ki, bunu qarabağlıların rəyini referendum vasitəsilə müəyyən etmək olar və s.
Lakin mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək - qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər.
Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzaranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər.
Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsə, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz.
- Gürcüstan öz seçimini Qərbin xeyrinə edib. Bəs Ermənistan necə? Gürcüstandakı son hadisələrə Ermənistanın münasibəti necədir?
- Biz öz xarici siyasi kursumuzdan danışarkən dəfələrlə NATO-ya üzv olmaq fikrində olmadığımızı bəyan etmişik. Biz Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasətinə dair Tədbirlər Planını həyata keçiririk. Bu, bizim üçün çox mühüm bir istiqamətdir.
Amma sadəcə «üzv olmaq istəyirəm» demək bəs deyil. Belə olsaydı, Gürcüstan çoxdan Aİ-nin üzvü olmuşdu. Biz heç zaman Gürcüstanı bu istiqaməti seçməsinə görə tənqid etməmişik. Bir qonşu kimi, bizim bir-birimiz qarşısında öhdəliklərimiz var.
Gürcüstan GUAM üzvüdür, Ermənistan isə MDB Kollektiv Təhlükəsizlik Sazişinin üzvüdür. Gürcüstan NATO üzvlüyünə can atır, biz yox. Gürcüstan yalnız ərazi bütövlüyü prinsipini tanıyır. Biz isə xalqların öz müqəddəratını müəyyən etmək hüququnu onunla bərabər tuturuq. Başqa sözlə, elə sahələr var ki, orada qonşu dövlətlərin maraqları bir-birinə zidd ola bilər.
Lakin əsası budur ki, bu, bizə bir-birimizə olan qonşuluq öhdəliklərini yerinə yetirməyə mane olmasın. Fikrimcə, bunu etmək mümkündür və biz əlimizdən gələni edəcəyik ki, aramızda normal əməkdaşlıq münasibətlərini davam etdirək.
Bu, sizə təəccüblü gələ bilər ki, Ermənistan həmişə xalqların öz müqəddəratını müəyyən etmək hüququndan danışıb, amma Kosovo, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımır...Lakin bizim üçün bu seçim aydındır. Nə qədər ki, biz Dağlıq Qarabağın müstəqilliyini tanımamışıq, başqa yerləri də tanıya bilmərik.
Bunun isə səbəbi odur ki, biz Azərbaycanla danışıq prosesindəyik və hər iki tərəf üçün məqbul çözüm yolu axtarırıq. Yadınıza salmaq istərdim ki, Kosovo və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda elan edilib. Ermənistan da hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG