Voloqdanın mərkəzində, Kreml meydanında rus çarı İvan Qroznıya (IV İvan) abidə qoyulub. "Kommersant"ın müxbiri abidənin hündürlüyünün 9 metr olduğunu xəbər verir. Heykəl Voloqda Kremlinin üçmərtəbəli binasının və şair Konstantin Batyuşkovun abidəsinin yanında quraşdırılıb.
Abidənin təntənəli açılışı noyabrın 4-də, Xalq Birliyi Günündə keçiriləcək.
Heykəlin ucaldılması təşəbbüsünü Voloqdada qeyri-adekvat sərəncamları ilə tanınan qubernatoru Georgi Filimonov irəli sürüb. Qroznıya aid abidənin kiçik bürünc nüsxəsi Filimonovun iş masasının üstündədir. Onun kabinetində həmçinin Putin, Beriya, Dzerjinskinin portretləri və Stalinin qubernatorla əl sıxması təsvir olunan tablo asılıb.
İvan Qroznı 1533–1584-cü illərdə hakimiyyətdə olub. Tarixçilər onu Rusiyanın ən ziddiyyətli hökmdarlarından biri sayırlar. O, Moskva knyazlığında kütləvi repressiya və edamların təşəbbüskarı olub; Novqorodda onu şəhərin dağıdıcısı, Tatarıstanda isə işğalçı kimi xatırlayırlar.
Qubernator Filimonov dəfələrlə bəyan edib ki, İvan Qroznı "rus dünyasının simvolu", "fateh çar", "rus torpaqlarını artıran" və "Voloqdanın mənəvi və mədəni simvolu, keçmişlə gələcəyi birləşdirən şəxsiyyət"dir. Onun sözlərinə görə, Qroznının hakimiyyəti dövründə Voloqda inkişaf edib: çarın göstərişi ilə şəhərdə Sofiya Kilsəsi və "Arxiyerey həyəti" (indiki Voloqda Kremli) tikilib.
2024-cü ildə Filimonov deyib ki, Voloqdada həm İvan Qroznıya, həm də İosif Stalina abidə qoyulacaq. Stalinin abidəsi ucaldılsa da, yarım ildən sonra məhkəmə onun quraşdırılması ilə bağlı müqaviləni etibarsız sayaraq heykəlin sökülməsi barədə qərar çıxarıb.