Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 15:10

ABŞ və Çin liderləri görüşüblər


Tramp-Si Cinpin görüşü
Tramp-Si Cinpin görüşü

ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpinin Cənubi Koreyada görüşü başa çatıb. Məqsəd dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsində razılığa gəlmək, qarşıdakı aylarda daha geniş dialoqun əsasını qoymaq imkanlarını müzakirə etmək idi.

Görüşdən öncə liderlərin bu məsələlər yanaşı, fentanil istehsalı, eləcə də Çinin ABŞ-dən soya paxlası alışı kimi məsələləri müzakirə edəcəyi bildirilirdi.

Tramp danışıqlarda öncə sosial şəbəkədə yazıb ki, Pentaqona Vaşinqtonun nüvə silahlarının sınağına dair moratoriumunu "dərhal" ləğv etməyi tapşırıb.

"ABŞ digər bütün ölkələrdən daha çox nüvə silahına malikdir" yazan Tramp Rusiyanı "ikinci", Çini isə "uzaq üçüncü" adlandırıb, beş il ərzində fərqin qapadılacağını qeyd edib.

Bu gün isə D.Tramp bildirib ki, digər nüvə gücləri ilə ayaqlaşmaq üçün ölkəsinin yenidən nüvə silahı sınaqlarına başlaması məqsədəuyğundur. Tramp jurnalistlərə onu da deyib ki, nüvə sınaqları üçün məkanlar sonradan müəyyən ediləcək.

Prezidentin sözlərinə görə, o, Çinlə tariflərin azaldılması barədə razılıq əldə edib. Bu razılığa əsasən, Pekin ABŞ-dən soya paxlası alışını bərpa, nadir torpaq elementlərinin ixracını davam etdirməli, fentanil qaçaqmalçılığı ilə mübarizəni gücləndirməlidir.

"Artıq Çin tərəfdən heç bir maneə yoxdur"

"Air Force One" təyyarəsində jurnalistlərlə danışan Tramp bildirib ki, Si Cinpinlə "möhtəşəm" görüşü olub, bir çox vacib məsələlərdə razılığa gəliblər. Buraya ticarət, tariflər və nadir torpaq elementləri üzrə razılaşmalar daxildir.

Trampın dediyinə görə, ABŞ fentanil böhranında Çinin roluna görə tətbiq etdiyi tarifləri 10 faiz azaldacaq. Eyni zamanda, Çin ABŞ-dən böyük həcmdə soya paxlası alışını bərpa edəcək. Pekin bu ticarəti mayda ABŞ tariflərinə cavab olaraq dayandırmışdı. Tramp əlavə edib ki, nadir torpaq elementlərinin axınına Çinin qoyduğu məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı da razılıq əldə olunub, amma bu haqda detalları açıqlamayıb.

"Nadir torpaq məsələsi tam həll olunub və bu, bütün dünya üçün keçərlidir... Bu, sadəcə ABŞ-nin deyil, qlobal bir məsələ idi. Artıq Çin tərəfdən heç bir maneə yoxdur", – Tramp jurnalistlərə deyib.

Tramp həmçinin Rusiyanın Ukraynada üç ildən artıqdır apardığı təcavüzkar müharibəni də müzakirə etdiklərini deyib. O əlavə edib ki, Si ilə bu məsələdə birlikdə işləməyə razılaşıblar: "Razıyıq ki, tərəflər döyüşü dayandıra bilmirlər, görünür, bəzən onların döyüşməyinə imkan verməlisən. Amma biz Ukrayna məsələsində birlikdə çalışacağıq".

Tramp-Si Cinpin görüşü
Tramp-Si Cinpin görüşü

+++

Çin dövlət mediasının yazdığına görə, Si Cinpin bildirib ki, hər iki tərəf əsas ticarət məsələlərinin həlli üzrə konsensusa gəlib, Çin və ABŞ komandaları iki ölkənin iqtisadiyyatı üçün "sakitləşdirici həb" olacaq nəticələr üzərində işi davam etdirəcəklər.

"Çin və ABŞ böyük güclərə layiq məsuliyyəti birgə nümayiş etdirə, hər iki ölkə, eləcə də bütün dünya üçün daha əhəmiyyətli, praktik və faydalı işləri gerçəkləşdirmək üçün birlikdə çalışa bilər", – Cinpin deyib.

+++

Tramp 2019-cu ildən bəri S.Cinpinlə ilk dəfə üzbəüz görüşürdü. Görüş Cənubi Koreyanın Busan şəhərində baş tutub. Tramp Asiya turunu bu görüşlə başa vurub. O, səfər zamanı Cənubi Koreya, Yaponiya və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət sahəsində proqres əldə olunduğunu vurğulayıb.

Cinpinlə görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilib, iki saata yaxın davam edib. Tramp görüşün sonunda Si ilə əl sıxıb, onu avtomobilinə qədər müşayiət edib.

ABŞ təmsilçiləri bazar günü bildirmişdilər ki, Çinlə əldə olunmuş çərçivə razılaşmasına görə, Çin mallarına 100 faizlik tarif qoyulmayacaq, Çinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətlər təxirə düşəcək.

Tramp Si Cinpinlə Rusiya neftini müzakirə etməyib

Təhlilçilər bu görüşdən öncə AzadlıqRadiosuna deyiblər ki, danışıqlarda genişmiqyaslı razılaşma imkanları məhduddur. Ancaq ticarət gərginliyinin azaldılması gələn il Trampın Çinə səfəri və Si Cinpinin ABŞ-a gözlənilən səfəri ərəfəsində daha böyük saziş üzrə danışıqlara zəmin yarada bilər.

Tramp gələn ilin aprelində Çinə səfər edəcəyini açıqlayıb.

Görüşdən öncə Tramp və Sinin Tayvan və Çinin Rusiyaya dəstəyi kimi ikitərəfli münasibətlərdəki gərginlik mənbələrini də müzakirə etmələri gözlənilirdi. Amma Trampın dediyinə görə, görüşdə Tayvandan danışmayıblar. Pekin Tayvanı öz ərazisi sayır.

ABŞ prezidenti onu da əlavə edib ki, görüşdə Çinin Rusiyadan neft alması məsələsi də qaldırılmayıb.

Ukrayna və müttəfiqləri görüş ərəfəsində Trampı Si Cinpinə Rusiyaya verdiyi dəstəyə görə təzyiq göstərməyə çağırmışdılar. Görüşdən bir həftə öncə Vaşinqton Rusiyanın iki böyük neft şirkətinə sanksiya açıqlayıb.

Çin Rusiya xam neftinin ən böyük alıcısıdır. Pekin Ukraynada müharibədə Moskvanın enerji sənayesinin əsas dayağına çevrilib. Tramp görüşdən bir neçə gün öncə Si ilə bu məsələnin müzakirəsini planlaşdırdığını demişdi. Ancaq bir çox təhlilçilərin fikrincə, ABŞ prezidenti bu görüşdən digər iqtisadi prioritetlərə fokuslanmaq üçün istifadə edəcəkdi.

"Tramp əslində Pekinə bu məsələ ilə bağlı ciddi təzyiq göstərməyib, çünki onun Si Cinpinlə müzakirə etdiyi digər prioritetləri var", –ABŞ-nin keçmiş prezidenti Corc Buşun Çin üzrə baş müşaviri olmuş Dennis Uaylder AzadlıqRadiosuna deyib.

XS
SM
MD
LG