Rusiya oktyabrın 28-də nüvə mühərriki ilə təchiz edilmiş "Poseydon" pilotsuz sualtı aparatının sınaqlarını keçirib. Bunu Rusiya prezidenti Vladimir Putin Mandrık adına Mərkəzi Hərbi Klinik Xəstəxananın pasiyentləri ilə görüşündə deyib.
Prezidentin sözlərinə görə, qurğu ilk dəfə daşıyıcı sualtı qayıqdan buraxılıb, özünün atom enerji qurğusunu işə sala bilib. Putin sınaqları "böyük uğur" adlandırıb. Prezident deyib ki, aparatın kiçik ölçüləri, yüksək sürəti, dərinlikdə hərəkət qabiliyyəti onu tutmağı mümkünsüz edəcək.
Putin bu aparatın "Sarmat" raket kompleksindən daha güclü olduğunu əlavə edib. AzadlıqRadiosunun rus xidməti yazır ki, prezidentin konkret nəyi nəzərdə tutduğu açıqlanmayıb. Amma əgər söhbət nüvə başlığının gücündən gedirsə, "Sarmat"ın ümumi partlayış gücü 7.5 meqatondur.
Putin bu layihə barədə ilk dəfə 2018-ci ilin martında Federasiya Şurasına müraciətində danışıb. Onda demişdi ki, Rusiyada "böyük dərinliklərdə, sürəti sualtı qayıqların, ən müasir torpedaların və ən sürətli suüstü gəmilərin belə sürətini bir neçə dəfə üstələyən" sualtı dronlar işlənib hazırlanıb.
27 oktyabr
Tramp Rusiyanın 'Burevestnik' sınağı haqda: 'Oyun oynamırıq'
ABŞ prezidenti Donald Tramp Rusiyanın nüvə başlığı daşıya bilən "Burevestnik" qanadlı qitələrarası raket sınağına münasibət bildirib. Bundan bir gün öncə Kreml raketin sınaqdan uğurla keçdiyini bildirib. Hərbi geyimdə çıxış edən prezident Vladimir Putin bu raketi "dünyada analoqu olmayan unikal silah" adlandırıb. Rusiya Baş Qərargahının məlumatına görə, raket 14 min kilometr məsafə qət edib, bu da onun ABŞ ərazisini vurmağa qadir olduğunu göstərir.
CNN-in məlumatına görə, Tramp Rusiyanın raket sınağı barədə jurnalistlərin sualına cavabında deyib ki, "Putin belə danışmamalıdır", əvəzində artıq dörd ildir gedən Ukrayna münaqişəsini başa çatdırmalıdır. "Raket sınaqları keçirməkdənsə, onlar bu məsələ ilə məşğul olmalıdırlar", – Tramp vurğulayıb.
"Oyun oynamırıq", – deyən Tramp əlavə edib ki, ABŞ da mütəmadi raket sınaqları aparır, həmçinin Rusiyanın sahilləri yaxınlığında "dünyada ən yaxşı" Amerika nüvə sualtı qayığı yerləşir: "Onun 8 min mil (13 min kilometr) məsafə qət etməsinə ehtiyac yoxdur".
Jurnalistlərin raket sınağından sonra Rusiyaya əlavə sanksiyaların gözlənilib-gözlənilmədiyi haqda suala Tramp "Bunu sonra biləcəksiniz" cavabını verib.
Kremlin bildirdiyinə görə, Rusiya oktyabrın 21-də nüvə enerjisi ilə işləyən "Burevestnik" (NATO təsnifatında – "SSC-X-9 Skyfall") qanadlı raketini uğurla sınaqdan keçirib. Putin iddia edib ki, raketin uçuş məsafəsi məhdudiyyətsizdir, trayektoriyasını proqnozlaşdırmaq mümkün deyil və bu, onu "mövcud və gələcək hava və raketdən müdafiə sistemləri qarşısında toxunulmaz" edir.
Bir neçə il öncə "Burevestnik"in Ağ dənizdə sınaqları uğursuz olub, bir neçə nəfərin ölümü ilə nəticələnib.