Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Yeni vergilər nazirinin 'əlverişli biznes mühiti' söhbəti [video]


Kəmaləddin Heydərov kitab biznesinə müdaxilə edir?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Kəmaləddin Heydərov kitab biznesinə müdaxilə edir? [A-Live]

Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün – fevralın 13-də sahibkarla görüşündə deyib ki, hökumətin əsas hədəfi əlverişli biznes mühiti yaratmaqdır.

Bu görüşdən bircə gün əvvəl – fevralın 12-də isə “Əli və Nino” kitab evlərinin sahibi Nigar Köçərli öz “Facebook” hesabında videomüraciət yayaraq məmur basqısına görə biznesini itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyir:

“Açıq-aşkar mənə bildirdilər ki, “Əli və Nino”nu bizə verməlisən. Verməsən “biz fil, sən qarışqa. Səni əzərik”. Gömrük bizim əlimizdədir, problem yaradacağıq ümumiyyətlə kitab gətirə bilməyəcəksən. Azərbaycanda da kitab çap edə bilməyəcəksən, çünki kağız Azərbaycana idxal olunur”.

Buna da bax: İşadamı: 'Deyiblər ki, bu, Tale Heydərovun şəxsi xahişidir'

Nigar Köçərli bildirir ki, ona təzyiqlər 4 il öncə başlanıb. Son olaraq, ona Bakıdakı Ticarət Mərkəzlərindən “Əli və Nino”nun satış mağazalarını bağlaması üçün rəsmi müraciət olunub. Ona qeyri-rəsmi bildirilib ki, bu sifariş Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdan gəlib.

Nigar Köçərli
Nigar Köçərli

Nigar Köçərli deyir ki, fevralın 12-də öz “Facebook” hesabında yaydığı video müraciətdən sonra Kəmaləddin Heydərovun köməkçisi onunla əlaqə saxlayıb. Bir qədər sərt tonda Kəmaləddin Heydərovun kitab məsələlərinə baxmadığını bildirib.

AzadlıqRadiosu gün ərzində həm Kəmaləddin Heydərov, həm də onun oğlu Tale Heydərovun köməkçiləri ilə əlaqə saxlamağa çalışıb. Kəmaləddin Heydərovun köməkçisi danışa bilmədiyini deyib və dəstəyi atıb.

Amma Nigar Köçərlinin ittihamlarına Tale Heydərovun təsisçisi və sədri olduğu Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazalarından cavab gəlib.

Buna da bax: İqtisadçı: 'Nazirin istəyi ciddidir... İradə var...'

Açıqlamada əksinə həmin nəşriyyat evi Nigar Köçərlini onlara təzyiq göstərməkdə ittiham edir:

Tale Heydərov
Tale Heydərov

''LİBRAFF' kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan Nigar Köçərli və tərəfdaşlarının mənəvi təzyiqlərinə və böhtanlarına məruz qalıb. TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. Nigar Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir - sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan'.

"Əli və Nino" Kitab evləri şəbəkəsinin sahibi Nigar Köçərli iddia edir ki, onun biznesini əlindən almaq istəyirlər. Oxşar iddialar Azərbaycanda ilk dəfə deyil hallanır. AzadlıqRadiosu-nun “Zülfüqarlı qardaşlarının zavodlarının əllərindən alınması”, “Bakıdakı kiçik dəmir sexlərin bağlanması”, “Kiçik bank səhmdarlarının öz paylarını satmağa məcbur edilməsi” və digər səs-küylü hallarla bağlı reportajları olub.

Buna da bax: Nazir: 'Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib'

Biznesi - sahib olduğu armatur sexi zorla bağlanan iş adamlarından biri də iqtisadçı ekspert, sahibkar Nazim Bəydəmirlidir. O, deyir ki, 2014-cü ildən məcbur qalıb biznesini qonşu ölkələrə köçürüb:

“Qonşu ölkələrin birində bu istehsalı yenidən qurduq. Öz potensialımızı səfərbər edib, əvvəlkindən daha geniş və iri müəssisə qurduq. Bu müəssisə həmin ölkənin qanunlarına uyğun çalışır”.

Nazim Baydəmirli
Nazim Baydəmirli

Nazim Bəydəmirli bildirir ki, onun tanıdığı bir çox digər sahibkarlar da bizneslərini xaricə köçürdülər. O, əlavə edir ki, məmur biznesini genişləndirmək, digər sahibkarları bazardan çıxdaş etməklə ölkədə iqtisadiyyatı artırmaq mümkün deyil.


Buna da bax: Nigar Köçərliyə cavab gəldi

Bir yandan sahibkarlar biznesini Azərbaycandan köçürməyə məcbur qalır, digər yandan isə prezident İlham Əliyev xaricdə yaşayan həmyerlilərini Azərbaycana sərmayə qoymağa çağırır. Belə çıxışlarından birində İlham Əliyev deyirdi ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub və onun yarısı xaricdən gəlib. Bu da prezidentin fikrincə, ölkədə biznes mühitinin sağlam olmasının göstəricisidir.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

Bu günkü konfransda isə vergilər naziri Mikayıl Cabbarov bildirib ki, məhz prezidentin sahibkarlara əlverişli imkan yaradılması ilə bağlı tapşırıqlarının davamı olaraq, vergi sahəsində də islahatlar aparılır:

Mikayıl Cabbarov konfransda çıxış edərkən
Mikayıl Cabbarov konfransda çıxış edərkən

"Bu islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün əlverişli şəraiti təmin edə bilsin".

Bəs, Bakı sakinləri necə fikirləşir, Azərbaycanda biznes, sahibkarlıq üçün şərait nə qədər əlverişlidir?

Avropa Palatası – «EuCham»ın 2017-ci il üzrə “Biznes üçün ən yaxşı Avropa ölkələrinin siyahısı”nda Azərbaycanın adı 46 ölkə arasında 45-ci yəni, axırdan ikinci yerdə gəlir.

Buna da bax:

Sizcə, Azərbaycanda biznes, sahibkarlıq üçün şərait nə qədər əlverişlidir?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Buna da bax: Ekspert: 'Seçki bitəndən sonra Azərbaycan tipik Yaxın Şərq diktaturası olacaq' [video]

Təşkilat bu siyahını Dünya Bankının Biznes qurmaq və «Transparency International» təşkilatının Korrupsiya indeksinə əsasən hazırlayır. Həmin siyahıda qonşu Gürcüstan 20-ci, Ermənistan 39-cu yerdədir.

Həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda biznes mühitini yaxşılaşdırmaq üçün ilk növbədə inhisar, məmur biznesi və korrupsiya ilə mübarizəni gücləndirməyi zəruri sayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG