Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İşadamı: 'Deyiblər ki, bu, Tale Heydərovun şəxsi xahişidir'


Nigar Köçərli
Nigar Köçərli

«4 il əvvəl «Gilan Holdinq»in nümayəndəsi məni «Gilan Holdinq»in mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, «Əli və Nino»nu bizə verməlisən: «Əgər verməsən, biz fil, sən isə qarışqa - səni əzəcəyik»».

«Əli və Nino» kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətində belə deyir. Müraciət Facebook sosial şəbəkəsində yayılıb, həm yazılı, həm də videoyazı şəklində. Onu artıq yüzlərlə adam paylaşıb, müzakirə edir.

N.Köçərlinin sözlərinə görə, 4 ildir «Əli və Nino»ya qarşı «mənəvi terror» davam edir: «Gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin «doprosları», mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də «Əli və Nino» kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar».

N.Köçərli nazirdən xahiş edir: «Öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər».

«Əli və Nino» kitab mağazası. 2009
«Əli və Nino» kitab mağazası. 2009

«Tale Heydərovun şəxsi xahişi»

O, AzadlıqRadiosuna müsahibəsində isə deyir:

«Bu davanı mən başlamamışam. Mənə deyiblər ki, «Əli və Nino»nu bizə verməlisən. Razılaşmadım. O vaxtdan mənə qarşı terror başlayıb. Söhbət konkret olaraq «TEAS Press» nəşriyyatından və «Libra» kitab dükanlarından gedir. İndiyə kimi dözürdüm, heç nə demirdim. Amma artıq onlar məni ticarət mərkəzlərində icarəyə götürdüyüm dükanlardan çıxarırlar. Söhbət 7 dükandan gedir. Onların administrasiyası mənə deyib ki, «siz çıxırsınız, sizin yerinizə Tale Heydərovun kitab mağazaları olacaq». Hələlik, mağazalardan çıxmamışıq. Amma artıq bizə konkret tarix deyilib ki, filan tarixdə çıxmalısınız. Hər bir kirayə götürdüyümüz mağazada yaxınlaşıb deyirlər ki, biz oradan çıxmalıyıq. Hətta bunu da deyiblər ki, bu, Tale Heydərovun şəxsi xahişidir, «Əli və Nino» burdan çıxsın, yerində mənim mağazalarım olsun».

Hazıra nazir

«Əli və Nino» kitab mağazaları şəbəkəsinin sahibi bu addımı «ağıllı strategiya» kimi dəyərləndirir. Onun sözlərinə görə, artıq kitabsevərlər bu ünvanları tanıyırlar və onların illərlə yığdığı alıcı kütləsini başqa bir kitab mağazası sahiblənəcək. Necə deyərlər, «hazıra nazir»: «Heç bir əziyyət çəkmədən şəbəkəni dağıdıb yerində öz mağazanı açırsan, vəssalam».

N.Köçərli sona kimi müqavimət göstərəcəyini bildirir: «Mən ümid edirəm ki, ədalət bərpa olunacaq».

N.Köçərlinin müraciəti yayıldıqdan az sonra AzadlıqRadiosunun əməkdaşı «Gilan Holdinq»lə əlaqə yaradaraq T.Heydərovla danışmaq istəyib. Amma qurumdan bildiriblər ki, o da, köməkçiləri də tədbirdədirlər, telefon zənglərinə cavab vermirlər. Fevralın 13-də təkrar əlaqə saxladıqda da eyni cavab verilib.

Rəşad Həsənov
Rəşad Həsənov

«Məmur müdaxiləsi cinayətkarlıqdır»

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycan qanunvericiliyi məmurların öz hüquq və səlahiyyətlərindən sui-istifadəsini cinayətkarlıq kimi qiymətləndirir. O, 2015-ci ildən bu yöndə müəyyən mübarizə aparılsa da, problemlərin aradan qalxmadığını bildirir.

Konkret «Əli və Nino» kitab mağazası şəbəkəsi ətrafında baş verənlərlə bağlı informasiyaya malik olmadığını bildirən R.Həsənov qəti fikir söyləməkdə çətinlik çəkir:

«Amma bir məsələ aydındır ki, Azərbaycanda konkret olaraq məmur biznesinin inkişafı, məmurların biznesə müdaxiləsi o həddə qədər artmışdı ki, hətta dövlət rəsmilərinin fikirlərində öz əksini tapdı. Bu yöndə problemlərin qarşısını almaq üçün sahibkarlıq sektorundakı yoxlamalara məhdudiyyətlər tətbiq edildi. Bu fakt deməyə əsas verir ki, Azərbaycanda rəsmi şəkildə məmur özbaşınalığı, məmur müdaxiləsi etiraf edilir. Amma çox təəssüf ki, bugünədək bu yöndə ciddi mexanizm hazırlanaraq tətbiq edilməyib».

R.Həsənovun qənaətincə, başlıca problemlərdən biri də ölkə iqtisadiyyatının yetərincə liberal olmamasıdır:

«Məmurların bu cür mövqe sərgiləməsi iqtisadi subyektlərin hüquqi azadlıqlarını, onların fəaliyyət sferasını məhdudlaşdırır və bununla da ölkənin həm iqtisadi reputasiyasını zəiflədir, həm investisiya qoyuluşuna mənfi təsir göstərir, həm də rəqabət mühitini sarsıdır. Hökumət qeyr-neft sektorunun inkişafını prioritet elan edibsə, görəcəyi ilk işlərdən biri iqtisadiyyatın liberallaşdırılması olmalıdır. Bu zaman məhkəmələr də müstəqil olmalıdır. Bu halda hər hansı məmur vətəndaşın biznesinə qanunsuz təzyiq göstərər bilməz».

N.Köçərli neyləyə bilər? R.Həsənovun fikrincə, bu halda işadamı öz haqqını məhkəmədə müdafiə etməlidir. Amma əksər hallarda praktika onu göstərir ki, bənzər situasiyada vətəndaş hüquqlarını müdafiə edə bilmir, bu cür hallarda məsələ qarşı tərəfin xeyrinə həll olunur.

Yaşar Zeynalov
Yaşar Zeynalov

Yaşar Zeynalov: «Məsələnin bu tərəfi də var»

Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov da N.Köçərlini dəstəklədiyini söyləyir. O deyir ki, indiki dövrdə kitab mağazaların bağlamaq yox, yenilərini açmaq lazımdır.

«İnsanların maariflənməsinə kömək etmək lazımdır. Nigar Köçərli də bu sahədə canını qoyan xanımdır. Uzun illərdir bu işlə məşğuldur. Lazım olarsa, bu işdə biz də öz köməyimizi, dəstəyimizi verməyə hazırıq», – deyə o əlavə edir.

Amma Y.Zeynalov başqa məqama diqqət çəkir: «Bir müddət əvvəl Bakı metropoliteni ərazisində «təmizləmə» əməliyyatı adı altında satış yerlərini yığışdıranda kitab satış nöqtələrini də oradan uzaqlaşdırdılar. Amma çox təəssüf ki, metropoliten rəhbərliyi kitab satışının stansiyalara qayıtmasına razılıq verəndən sonra orda təkcə Nigar xanımın dükanlarına yer verildi, şərait yaradıldı. Biz – kitab satışı ilə məşğul olanlar nə qədər metropoliten rəhbərliyinə müraciət etsək də, xeyri olmadı. Onlar dedilər ki, biz Nigar xanımın rəhbərlik etdiyi «Əli və Nino» ilə müqavilə bağlayacağıq. Onun metroda öz satış yerləri olacaq. Axı, məsələnin bu tərəfi də var. Ona görə, son hadisələr mənə çatmır. Nigar xanıma təkcə metropolitendə 22 yer verilib. Sıxışdırmaq məsələsindən xəbərim yoxdur. Amma kitabçı kimi kitab satışına törədilən əngəllər qarşıyam. Onları qınayıram».

«Prezidentə müraciət edin, ya da vitse-prezidentə»

N.Köçərlinin fikirlərini sosial şəbəkələrdə dəstəkləyənlər də var. Məsələn, Rəna Əzizova təəssüflənir: «Çox təəssüf. Sivil biznes yoxdur».

Və ya Arif Quliyev yazır: «Millətin iş adamlarını 10 il ərzində monopoliya vasitəsilə əzdi K.H. İndi isə millətin ədəbi və bədii dilini əzmək istəyir».

Gila Nağıyeva isə məsləhət görür ki, şəbəkə sahibi prezidentə, ya da Birinci vitse-prezidentə müraciət etsin: «Çünki onlar bütün son çıxışlarında ondan danışırlar ki, Azərbaycanda biznesin inkişafına mane olanlar öz ölkələrinə xəyanət edirlər. Hətta sistemin bütün reallıqlarını nəzərə alanda mən inanıram ki, bu halda onların sözündə həqiqət payı var. Sonadək gedin, biznesinizi müdafiə edin».

Ülkər Hümbətova «Allah köməyiniz olsun, Nigar xanım. Başqa heç kəsdən kömək olmayacaq» deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG