Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 03:39

İqtisadçı: 'Nazirin istəyi ciddidir... İradə var...'


Vergilər Nazirliyində “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirilib (fotoda nazir Mikayıl Cabbarov). 13feb2018

“Bir dəfə tapşırmaqla vergi orqanlarında korrupsiyanın kökünün kəsilməsi çətin görünür. Bu yöndə kompleks addımlar atılmalıdır”, – işadamı və iqtisadçı Nazim Bəydəmirli vergilər naziri Mikayıl Cabbarovun fevralın 13-də səsləndirdiyi fikirlərdən danışarkən belə deyir.

Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsindən ötrü bütün resursların səfərbər ediləcəyini bildirib. O, həmçinin bəzi hallarda plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilməsindən xəbərdar olduğunu da söyləyib.

Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli nazirin sahibkarların yoxlanılması zamanı “artıq tələblərin qoyulması” ilə bağlı faktların bir daha olmaması tələbini dəstəklədiyini bildirir. “Ancaq bu halın aradan qaldırılmasının yolları fərqlidir. Hər bir vergi ödəyicisinin yanına bir vergi müfəttişi qoymaq olmaz. Ciddi maarifləndirmə aparmaq lazımdır, sahibkarlığa ciddi dəstək olmaq lazımdır. Sahibkarlığın ən böyük problemi vergiyə qədər olan problemlərdir. 15-16 dövlət qurumunun onlardan haqsız ödənişlər tələb etməsidir”, – işadamı qeyd edir.

Bu, ötən ilin dekabrında nazir təyin olunan Mikayıl Cabbarovun ictimaiyyət qarşısında ilk geniş çıxışıdır. Onun korrupsiyanın kökünün kəsilməsi ilə bağlı çağırış nə qədər inandırıcıdır?

Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]

Konfrans iştirakçısı: “Məqsədli səhv deyilsə...”

“Açığı, hiss etdim ki, nazirin bu istəyi ciddidir, vergi sisteminin normallaşması, əlavə ödənişlərə ehtiyacların aradan qaldırılması, sahibkarların təqib edilməsinə son verilməsi ilə bağlı müəyyən iradə var. Ancaq bəri başdan bu istəyin, iradənin necə icra ediləcəyi ilə bağlı hökm vermək də olmaz. Hər halda ümid edək ki, bu icra uğurlu olacaq”, – konfrans iştirakçısı, iqtisadçı Qadir İbrahimli nazirin çıxışından danışarkən belə deyir. O bu çıxışı “yüksək səviyyəli” hesab edir, həm problemlərin, real vəziyyətin analizi baxımından, həm də nazirliyin atacağı addımlar baxımından. Ancaq bir daha qeyd edir ki, konsepsiyanın necə icra ediləcəyi artıq başqa məsələdir.

İqtisadçı Qadir İbrahimli
İqtisadçı Qadir İbrahimli

Qadir İbrahimli hesab edir ki, problemlərin yoluna qoyulmasından ötrü, nazirin dediyi kimi, ilk növbədə sahibkarlarla partnyorluq münasibətləri qurulmalıdır:

“Qazaxıstanda, Türkiyədə, Avropa ölkələrində belə bir mühit var. Yəni sahibkar nəyisə səhv də edə bilər. Bu, məqsədli səhv deyilsə, sanksiya tətbiqi doğru deyil. Çalışmaq lazımdır ki, həmin səhv aradan qaldırılsın. Vergi ödəyiciləri vergi ödəməkdə davam etsinlər. İkinci xoşagələn bir cəhət də var. Nazir çıxışında bir neçə dəfə vurğuladı ki, məqsəd, hədəf vergi ödəyicilərinin sayını artırmaqdır. Bununla da vergi dövriyyəsini genişləndirməkdir. Bu da konseptual olaraq düzgün yanaşmadır. Dünyanın heç bir ölkəsində sahibkarı daha çox yükləməklə effektiv vergi sistemi yaratmaq mümkün deyil. Orda bir çox yanaşmalar ortaya qoyuldu, məsələn, əsassız yoxlamaların ləğvi və s. Bunlar tətbiq edilsə, effektiv nəticələr əldə etmək olar”.

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

“Vergi ödəyicilərinin hamısına eyni gözlə baxılmalıdır”

Nazim Bəydəmirli işadamı olaraq nazirin çağırışını normal dəyərləndiyini deyir. Ancaq əlavə edir ki, problem təkcə Vergilər Nazirliyində deyil: “Problem ümumi inhisarçılıqdır, məmur sahibkarlığıdır. Ölkədə 570 mindən yuxarı vergi ödəyicisi var. Hamısına eyni gözlə baxılsa, eyni münasibət göstərilsə, vəziyyət dəyişə bilər”.

O, ilk növbədə məmur sahibkarlığının ləğvinin vacib olduğunu qeyd edir: “Sahibkar onun ödədiyi verginin səmərəsiz xərcləndiyini və ya məmur sahibkarlara məxsus şirkətlərin vergidən yayındığını, inhisarla məşğul olduğunu gördükdə doğru-dürüst işləməyəcək”.

N. Bəydəmirli vergi sistemində çalışanların maaşların artırılmasını da xüsusi qeyd edir:

“Vergi sistemində rəsmi maaş ölkədəki orta aylıq əməkhaqqından ciddi fərqlənmir. O baxımdan maddi təminat yaxşılaşdırılmalıdır. Amma ‘Azərbaycan iqtisadiyyatında bir sahədə rüşvəti ləğv etməklə digər sahələrdə də durum düzələcək’ demək çox sadəlövh səslənərdi. Hesab edirəm ki, bütün dövlət qurumlarında maaşlar artırılmalıdır, paket sistemi ləğv edilməlidir. Bunun üçün də köklü islahatlar aparılmalıdır”.

Buna da bax: 'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir'

Nazim Bəydəmirlinin bir təklifi də var, vergilər sistemi bir mərkəzdən idarə olunmalıdır, Gömrük Komitəsi ləğv edilməlidir, Dövlət Sosial Müdafiə Fondunun yığdığı sosial sığorta haqqı əmək haqqından tutulan gəlir vergisi ilə birləşdirilib vahid sosial vergi adı ilə 20 faiz (indiki halda 39 faizdir) tətbiq etməklə Gürcüstan modelinə keçmək lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG