Tacikistanın cənubunda Zaidullo Khudoyorov-un evində evin böyük qızının toyuna son hazırlıqlar gedirdi. Ancaq toyun başlanmasına bir neçə saat qalmış bir dəstə yerli məmur gələrək ailənin toy üçün hazırladığı yeməklərin çoxunu müsadirə edib.
Rəsmilər hazırlanan yeməklərin «israfçılıq» həddinə çatdığını deyərək, bunun Tacikistanın mərasim qanununa yeni düzəlişlərə zidd olduğunu iddia ediblər. Sözügedən qanun ailələrin toy, yas və digər özəl mərasimlərə xərcini nizamlayır və məhdudlaşdırır.
«YUXA VƏ HALVA DA HAZIRLAMIŞDILAR»
«Biz kənddə qanun pozuntusunun qarşısını ala bildik. Reyd zamanı israfçılıq həddində yemək hazırlamış ailəni müəyyən etdik. Onlar bəyin evində keçiriləcək toy üçün xüsusi yuxa və halva da hazırlamışdılar. Biz yeməyi müsadirə edərək Kulyab psixiatriya xəstəxanasına verdik», – yerli məmur Kholmurod Ibrohimov avqustun 26-da Kulyab şəhərinin yaxınlığındakı Dahana yaşayış məntəqəsində keçirilən reyd haqqında danışır.
***Buna da bax-Suriyalı: 'Qız çox gözəldirsə, ona görə 2500 funt sterlinq də verilə bilər'
Ibrohimov toy üçün hazırlanan yeməyin dəyərinin «yoxsul» ailənin gəlirlərinə uyğun olmadığını da vurğulayıb.
Tacikistanda «tənzim» adıyla tanınan bu qanun ilk dəfə 2007-ci ildə qəbul olunub. O zaman da ölkə prezidenti Emomali Rahmon bahalı toy və yas ənənələrinin ailələrə maddi yük olduğunu demişdi.
Tacik toy ənənələrinə görə, toydan öncə gəlinin ailəsi yemək hazırlayaraq bəyin evinə yollayır. 44 yaşlı Khudoyorov deyir ki, həyat yoldaşına və ailənin qadın üzvlərinə bəy evinə göndərməyə bu qədər çox yemək hazırlamamağı tapşırıb.
4 MİN DOLLARDAN BAŞLAYAN CƏRİMƏ
Khudoyorov sevinir ki, yeni qanunu pozduğuna görə nəzərdə tutulmuş ağır cərimədən qurtula bilib.
***Buna da bax-Prezidentin kənd müəllimini evləndirməsi – 10 günün içində
Qanunu pozmağa görə 4 min dollar cərimə nəzərdə tutulub. Qanunu təkrar pozanları isə 5 min 700 dollar cərimə cəzası gözləyir. Müəllimlərin və dövlət sektorunda çalışan digər işçilərin aylıq maaşının orta hesabla 150 dollar olduğu ölkədə hökumət belə yüksək cərimələrlə insanları yeni qaydaları pozmaqdan yayındırmağa çalışır.
Tacikistan parlamentinin avqustun sonlarında qəbul etdiyi bu yeni düzəlişlərə görə, qanunu pozaraq bahalı mərasimlər keçirən dövlət rəsmiləri vəzifələrindən kənarlaşdırıla bilərlər.
Yeni düzəlişlər bəzi ənənəvi mərasimləri, ümumiyyətlə, yasaqlayır. Bundan sonra uşağa adqoyma, körpənin ilk saçını kəsmə kimi mərasimlər keçirmək, oğlan uşaqlarına sünnət toyu etmək olmaz.
MƏRASİMLƏRİN BƏDƏLİ
Ailələrə bunun əvəzində uşaqlarının adına bank hesabı açaraq yığılan pulları uşaqların təhsil və rifahına xərcləmək tövsiyə edilir.
***Buna da bax-16 ildir spirtli içkinin satılmadığı kənd – Təngərüd
Yeni düzəlişlər yas mərasimlərində verilən ehsanları da tənzimləyir. Yeddi və altı ay mərasimləri isə tamam qadağan edilir. Məqsəd ailələrin üzərindən maddi yükü qaldırmaqdır.
Ölkədə yaşayış səviyyəsinin aşağı, işsizliyin yüksək olmasına baxmayaraq, taciklər bəzən maddi imkanları yetməyəcək qədər bahalı və təmtəraqlı toy mərasimləri keçirirlər. Çox zaman ailələr keçirəcəkləri toyun pulunu illərlə yığırlar, kişilər bundan ötrü Rusiya və başqa yerlərdə miqrant işçi kimi çalışırlar.
Avqustda prezident Rahmon yerli məmurlara yeni qaydaları xalqa izah etməyi, qanunun nüsxələrini hər evə paylamağı tapşırıb. Məqsəd kök atmış ənənələrə birdəfəlik son qoymaqdır.
Dahanada qızını yenicə ərə vermiş Khudoyorov-sa deyir ki, onun başına gələnlər ətrafda bütün ailələrə görk olacaq.