Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

Suriyalı: 'Qız çox gözəldirsə, ona görə 2500 funt sterlinq də verilə bilər'


Suriyalı qız (arxiv fotosu)

Türkiyədə kişilər suriyalı yeniyetmələri ikinci arvad kimi satın alır, bir neçə aydan sonra tərk edirlər. Bu haqda “Sunday Times” qəzeti yazır.

Məsələn, yaşlı bir türk suriyalı araçıya öz tələblərini bildirir: ikinci arvadının gözləri yaşıl, özü ucaboylu, ağbəniz olmalıdır, yaşı da 17-ni keçməməlidir. İstədiyi qız tapılsa, ona görə 2 min funt sterlinqdən çox pul verməyə hazırdır.

Buna da bax:​ Hicabsız suriyalıları Tehran stadionuna buraxdılar, hicablı iranlıları yox…

AZI 1200 FUNT STERLİNQ BAŞLIQ

Ancaq bu kişi uzun müddət evli qalmağı da planlaşdırmır, ondan bezən kimi, bir neçə aya boşanacaq.

“Bu adam vaxtını xoş keçirmək istəyir. Qadının ailəsi isə pul istəyir. Mexanizm belə işləyir”, – araçı Mohammed Abu Jafar Türkiyənin Suriyayla sərhədi yaxınlığındakı otelin qarşısında müxbirə danışıb.

Altı illik vətəndaş müharibəsi nəticəsində 3 milyonadək suriyalı qaçqın Türkiyəyə sığınıb. Çoxunun işləmək hüququ yoxdur və yaşamağa yer axtarırlar. Bəzi ailələr Abu Jafar kimi brokerlərə üz tutur, qızlarını ikinci arvad olaraq türk kişilərə ərə verir və azı 1200 funt sterlinq başlıq alırlar.

“Qız çox gözəldirsə, ona görə 2 min 500 funt sterlinq də verilə bilər. Eşitdiyimə görə ən gənc ərə verilən qız 13 yaşında olub”, – Abu Jafar deyib.

Buna da bax:​ Ramzan Kadyrovun ərəb gözəlləri

HÜQUQLAR TANINMIR

Türkiyədə çoxarvadlılıq qadağandır, yəni bu halda qadınların heç bir hüququ tanınmır. Belə nikahlar çox vaxt gizlin saxlanır, gənc qadınlar ərinin ailəsindən ayrı mənzilə yerləşdirilir. Çoxu sonradan ya qaçır, ya da tərk edilir

Qaziantepdə 23 yaşlı Nour necə aldadıldığını nəql edib. O, evliliyə aldanmaqla ailəsi ilə birlikdə Kanadaya getmək şansını qaçırıb, üstəlik, korluğun önlənməsi üçün vacib tibbi müalicəni ala bilməyib.

Nour və ailəsi Kanadada qaçqın statusu alır. Ancaq ailəsi bundan imtina edir, valideynləri tək qadın kimi təhlükəsizliyi sarıdan narahat olduqlarından onu ərə verməyə çalışırlar. Əri islam ənənələrinə uyğun toy edərək hüquqi prosedurları, ailə Ankaraya yerləşəndən sonra gerçəkləşdirməyə söz verib. Ancaq Ankarada o, evə qapadılıb, ailəsiylə danışmasına icazə verilməyib, qaynanası onu döyüb. Əri vədlərinə baxmayaraq, gözünü də müalicə etdirməyib. Üstəlik, bir neçə aydan sonra ondan bezərək ata evinə qaytarıb. Beləliklə, Kanada arzusu da torpağa gömülüb, açıq mavi sağ gözü isə hədəqəsindən çıxmaq üzrədir.

Buna da bax:​ Suriyalı azyaşlı gəlinlər Niderlandda

ÜMİDLƏR BOŞA ÇIXIR

Müxbir yazır ki, ikinci arvadların çoxu nikahının ömrünün az olacağını bilir, ancaq Nour kimi əksini düşünənlər də olur.

“Kişilərin çoxu yalan danışır. Deyirlər ki, zəngindirlər, ömürlük evlənirlər. Qızların çoxu da onlara inanır. Ancaq sonradan görürlər ki, elə də varlı deyillər. Məncə, onların 50%-i döyülür”, – Abu Jafar belə deyir.

Məqalədə bu nikahların miqyasının bəlli olmadığı vurğulanır. Ancaq Türkiyənin Suriyayla sərhəd zonasında işləyən QHT-lər bunun yoxsul Suriya icmalarında və qaçqın düşərgələrində yayıldığını qeyd edirlər.

Ərlərinin atdığı bəzi qadınlar ailələrinin yanına qayıdırlar. Bəzilərini isə ailələri rədd edir və seks biznesinə qoşulmaqdan başqa yolları qalmır.

Buna da bax:​ Qətər hakim ailənin üzvlərinə görə 1 milyard dollar girovpulu ödəyib

Türkiyədə çalışan bir suriyalı QHT işçisi bunun böyük problem olduğunu söyləyir: “Bəzən böyük utanc hissi keçirən qızlar qayıtmırlar. Onlar gecə klublarına gedir, kişilərdən pul qazanmağa başlayırlar. Və beləcə məhv olurlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG