Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:38

Hicabsız suriyalıları Tehran stadionuna buraxdılar, hicablı iranlıları yox…


Suriyalı azarkeş qadın Tehranın Azadi stadionunda

İran hakimiyyət orqanlarının Dünya Çempionatının Tehranda keçirilən İran-Suriya seçmə matçında qadın azarkeşlərlə bağlı ikili standart tətbiq etməsi qalmaqala səbəb olub.

Bu matça bilet ala bilən iranlı qadınları stadiona buraxmayıblar. Rəsmilər bildiriblər ki, qadınlara ümumiyyətlə bilet satılmamalıydı və bəzi qadınların hər halda bilet ala bilməsi texniki səhv üzündən mümkün olub.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, iranlı qadın azarkeşlərə daha çox yer edən suriyalı qadınların Azadi stadionuna buraxılması olub.

Sentyabrın 5-də Tehranın Azadi stadionunda Suriya münaqişəsində müttəfiq olan iki ölkənin komandaları arasında keçirilən bu matç 2-2 hesabı ilə başa çatıb.

İranlı qadınların stadionun girişində saxlanıb, suriyalı qadınlarınsa içəri buraxılması oyun şərhçilərinin də diqqətindən yayınmayıb.

Matçın televizya aparıcısı yana-yana deyirdi: “Əfsus stadionda iranlı azarkeş qadınlar yoxdur. Biz ümid edirik ki, bununla əlaqədar bir tədbir görülər. Çox məyusluq gətirən mənzərədir. Biz görürük ki, suriyalı qadınlar və başqa ölkələrdən olan qadınlar tribunalardadır”.

Bir çox iranlılar deyirlər ki, ikiüzlü siyasətə görə onlar özlərini öz vətənlərində əcnəbi kimi hiss edirlər.

Bir istifadəçi Tvitterdə yazıb: “Bu ona oxşayır ki, valideynlərimiz qonşunun qızına evimizdəki əşyalardan istifadə icazəsi verirlər, amma bizə yox”.

Bəzi məlumatlara görə vəziyyəti vaxtında başa düşən bir-iki diribaş iranlı qadın stadiona Suriya bayraqları ilə keçə bilib. “Şərq” qəzeti yazır ki, belələrini polis sonradan stadionun tribunalarında tutub.

Bəzi şahidlər isə Tvitterdə yazırdılar ki, qadınlara Suriya bayrağı götürməyi də elə insaflı polislər məsləhət görmüşdülər.

Tehranda çıxan “Vagaye Ettefağiye” qəzeti isə ön səhifəsində suriyalı qadın azarkeşlərin fotolarını dərc edərək onları matçın “əsl qalibləri” adlandırıb.

Bu insidentdən qəzəblənmiş qadın millət vəkili Fatemeh Hosseini idman nazirinə etiraz məktubu yazıb. Millət vəkili hakimiyyəti cinsi diskriminasiyaya son qoymağa çağırıb.

Kişilərin iştirakilə keçirilən idman yarışlarına qadın azarkeşlərin buraxılmaması İran mətbuatında əvvəllər də tənqid edilib.

Son zamanlar xüsusilə geniş yayılmış bir fəndlə qadınlar stadionlara kişi paltarı geyinməklə daxil ola bilirlər. Bəzi yarışlara xüsusi dəvətnamələrlə qadınların buraxılması halları da olub.

Sentyabrın 5-də keçirilən matça ən azı bir iranlı qadın tamaşa edə bilib. Bu, İran parlamentinin üzvüTayebeh Siavoshi olub. O sonradan öz Tvitter hesabından yazıb ki, matça tamaşa etmək üçün əvvəlcədən hakimiyyət orqanlarına xahiş ərizəsi yazmışdı.

Lakin başqa bir qadın millət vəkili - Parvaneh Salahshuri deyib ki, o, xüsusi icazəsinin olmasına baxmayaraq matça getməkdən imtina edib.

O “Şərq” qəzetinə deyib ki, yüzlərlə, hətta minlərlə həmcinsinin oyuna baxmaqdan məhrum edildiyini bilə-bilə matça tamaşa etməyi özünə sığışdırmazdı.

Golnaz Esfandiyari yazır ki, İran qadınları üçün ən azı bir sevindirici xəbər var. Gələn il Rusiyada keçiriləcək Dünya Çempionatının stadionlarında qadınlar üçün qadağan olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG