Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Qətər hakim ailənin üzvlərinə görə 1 milyard dollar girovpulu ödəyib


Qətərin əmiri Tamim bin Hamad al-Thani
Qətərin əmiri Tamim bin Hamad al-Thani

Qətər kral ailəsinin üzvləri İraqda ov edərkən oğurlanıb və Doha onlara görə 1 milyard dollar ödəyib. Bu haqda girov sövdələşməsində iştirak edənlər «The Financial Times» qəzetinə bildiriblər.

Qəzet yazır ki, bəzi ərəb ölkələrinin bu həftə Doha hökumətiylə diplomatik münasibətləri qəfil kəsməsinə bu amilin də səbəb olduğu deyilir.

«SON DAMLA»

Regiondakı yaraqlı qrupların komandirləri və hökumət rəsmiləri «The Financial Times»a danışıblar ki, Doha həmin pulu ödəyəndən sonra İraqın cənubunda şahin ovu mərasiminə qatılmış 26 nəfər azad edilib. Həmçinin, Suriyada cihadçıların saxladığı 50-dək yaraqlı da buraxılıb.

Mənbələrin deməsinə görə, Qətər pulu Yaxın Şərqdə tez-tez qara siyahıya salınan «əl-Qaidə» qruplaşmasının qanadına və İranın təhlükəsizlik zabitlərinə ödəyib.

Apreldə bağlanmış bu sövdələşmə Qətərin qonşularını narahat edib. Bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanın ekstremizm və terrorçuluğu qızışdırdığını deyərək, onunla diplomatik münasibətləri kəsiblər.

«Bu ödəmələr kasanı daşıran son damla oldu», – bir müşahidəçi deyib.

«Al Jazeera» telekanalı
«Al Jazeera» telekanalı

«ƏSASSIZ İDDİALAR»

Doha terrorçu qrupları dəstəkləmədiyini və qonşularının blokadasının əsassız iddialara söykəndiyini bildirir.

Qəzet girov məsələsiylə bağlı rəsmi şərh ala bilməyib. Amma Qətər hökumətinə yaxın mənbə pulun ödəndiyini deyib. Ancaq o, nə qədər pul ödənməsindən, pulun hara getməsindən xəbəri olmadığını söyləyib.

«The Financial Times» yazır ki, Amerika hərbi bazasının yerləşdiyi Qətər nəhəng təbii qaz ehtiyatları hesabına London, Vaşinqton və Tokioyla münasibətlərini saz saxlayıb. Ancaq tənqidçilər bu ölkənin diplomatik çəkisini aşaraq regional məsələlərə qarışdığını, yaratdığı «Al Jazeera» telekanalından təbliğat aləti kimi faydalandığını deyirlər. Səudiyyə Ərəbistanı və BƏƏ Dohanı Liviya və Suriyada radikal islamçı qrupları maliyyələşdirməkdə suçlayır.

700 MİLYON DOLLAR İRANLILARA VERİLİB

«The Financial Times» girov sövdələşməsiylə bağlı iki hökumət rəsmisi, üç iraqlı şiə yaraqlı lideri, iki suriyalı müxalifətçiylə söhbətləşib. Qəzet yazır ki, 700 milyon dollar iranlılara və onların dəstəklədiyi şiə yaraqlılarına ödənib. 200-300 milyon dollarsa Suriyadakı islamçı qruplara, bu pulun çox hissəsi «əl-Qaidə»yə bağlı «Təhrir əl-Şam» qrupuna gedib.

İraqda İranın dəstəklədiyi «Kata’eb Hizbullah» şiə qruplaşması 2015-ci ilin dekabrında da qətərliləri oğurlamışdı. Bu qruplaşmanın İranın dəstəklədiyi «Hizbullah» Livan qrupuna bağlılığı var.

İki regional diplomatın söylədiyinə görə, qətərlilərin İraqda bu dəfə oğurlanması «Hizbullah» və İranın bir niyyətinə xidmət edib. Onlar Suriyada radikal sünni «Təhrir əl-Şam» qrupunun oğurladığı şiə yaraqlıların buraxılması üçün danışıq aparıblar. «Təhrir əl-Şam» «əl-Qaidə»nin filialı olub, indi həmin qruplaşmayla bağlantısı qalmadığını desə də, beynəlxalq ictimaiyyət ona elə «əl-Qaidə»nin qanadı kimi baxır.

XS
SM
MD
LG