-
14 yaşlı qız Niderlandda qaçqın düşərgəsindən yoxa çıxıb. Polis Fatema Alkasem-in 9 aylıq hamilə olduğunu, tibbi yardıma ehtiyacı ola biləciyini deyir. Məlumatı BBC yayıb. Anna Holligan yazır ki, Fatema həm də «azyaşlı gəlin» sayılır. Niderland hazırda ciddi bir problemlə üz-üzədir, Suriyadan gələn qızların bəziləri artıq ailə qurublar, ancaq ölkə qanunvericiliyinə görə, onların nikaha yaşları çatmır.
Hazırda Haaqa hökuməti sığınacaq qanunvericiliyindəki boşluğu doldurmağa çalışır. Belə ki, indiyədək qanun azyaşlı gəlinlərin Niderlanddakı ərlərinə qovuşmasına icazə verirdi. Bu praktika ölkədə debatlar doğurub, bəziləri Haaqanın pedofiliyaya şərait yaratdığını iddia ediblər.
«RTV-Noord» xəbər kanalının məlumatına görə, indiyədək 13-15 yaşlı 20-dək qızın Niderlanddakı sığınacaq mərkəzlərindəki yaşlı partnyorlarına qovuşmasına rəsmi icazə verilib. Bu rəqəmlər mediaya immiqrasiya xidmətindən sızdırılıb.
«12 yaşlı qız 40 yaşlı kişiyə ərə gedib, bu, nikah deyil, sui-istifadədir», - müxalif Əmək Partiyasından Attje Kuiken deyir. «Doğrudan da uşaqlardan, 12-13 yaşlı qızlardan danışırıq. Bu uşaqları qorumaq istəyirəm. Hökumət onları himayəsinə götürüb qorumalıdır. Yeni qanun qüvvəyə minədək onlar yenə sui-istifadəyə məruz qalacaqlar».
Niderlandda nikaha razılıq yaşı 16-dır. Ancaq miqrasiya naziri Klaas Dijkhoff BBC-yə deyib ki, ölkə yeniyetmələrin nikahını tanıyır, çünki onlar öz ölkələrində rəsmi qeydiyyata alınıblar.
«Hazırda 15-18 yaşla problemimiz var. Daha sərt olmaq istəyirik və gələcəkdə bu münasibəti tanımayacağıq», - nazir deyib.
Qanuna dəyişiklikdə nəzərdə tutulub ki, hər iki tərəfin yaşı 18-dən yuxarıdırsa, ailənin birləşməsi ərizələrinə baxılacaq. Yeni qaydalar dekabrdan qüvvəyə minəcək.
QƏRB DÖVLƏTLƏRİ TÜRKİYƏ PREZİDENTİ İLƏ ARANI DÜZƏLTMƏSİN
«The Washington Post» baş məqaləsində Türkiyənin üzləşdiyi problemlərdən bəhs edir – «İslam Dövləti» silahlıları və Suriya rejimi ilə münaqişə gedir; ölkədə 2 milyondan çox qaçqın var; Rusiya hərbi təyyarələri hava məkanına müdaxilə edir; kürd silahlıları ilə döyüşlər artıb və ən nəhayət, noyabrın 1-də keçiriləcək seçki artıq ikinci dəfə qəti nəticə göstərməyə bilər.
Yazıda vurğulanır ki, Qərb dövlətlərinin çoxu qaçqın axınını dayandırmaq naminə Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la sövdələşməyə gedir. Avropa Birliyi Türkiyəyə 3 milyardlıq yardım üstəgəl siyasi güzəştlər təklif edir. Almaniya kansleri Angela Merkel ötən həftəsonu səfərində Türkiyənin AB üzvlüyünə danışıqlarının sürətləndirilməsini vəd edib.
«Türkiyə lideri ilə aranı düzəltmək səhv addımdır. Getdikcə bir az da aydınlaşır ki, ölkədəki sabitsizliyin əsas səbəbi cənab Erdoğan-dır, avtokratik və ehtiyatsız taktikası ilə qütbləşmə siyasətini sürdürüb».
Yazıda prezidentin kürdlərin Xalq Demokratik Partiyasına (HDP) qarşı çirkin kampaniya apardığı vurğulanır. İyulda Erdoğan-ın PKK-ya qarşı başlatdığı hərbi kampaniya isə İraq və Suriyada kürd silahlıları ilə döyüşən «İslam Dövləti» qruplaşmasına bir bəxşiş sayıla bilər.
«Cənab Erdoğan-ın nazıyla oynayan Qərb liderləri yaxşı olar seçkidən sonranı gözləsinlər. Rəy sorğuları onun partiyasının yenə də çoxluğu qazana bilməyəcəyini göstərir. Qarışıqlığın artması isə azad və ədalətli seçki fürsətini də zəiflədir. Türkiyə üçün ən yaxşı nəticə mərkəzçi koalisiya hökumətinin yaradılması və beləliklə də Erdoğan-ın avtokratik ambisiyalarından əl çəkməsi ola bilər. Türkiyə daxildə kəskinləşən qütbləşmənin öhdəsindən gələ bilməsə, çoxsaylı böhranları üstələməsi və Qərbin etibarlı tərəfdaşına çevrilməsi də çətin olacaq».
QIRICILAR VS. TƏQAÜDÇÜLƏR
«Oktyabrın 2-də Rusiya hökuməti 2016-cı il fevralın 1-dən pensiyaların 4 faiz artırıldığını elan edib. Həmin gün Rusiya sosial siyasəti üzrə bir ekspertlə söhbətləşdim, dedi ki «artımın adambaşına 320 rubl olacağını hesablamışıq. Baş nazirin Sosial Məsələlər üzrə müavini (Olga) Golodets-in yerində olsaydım, onlara deyərdim ki, o pula bir qırıcı alsınlar»». Bunu Karneqi Fondunun saytında Andrei Kolesnikov yazır.
Müəllif müdafiə və təhlükəsizliyi özünün prioritet maraqları elan edən ölkə üçün təqaüdçülərin dəyər daşımadığını, onların federal büdcəyə yük olduğunu qeyd edir: 2030-cu ilədək hər işləyənə bir təqaüdçü düşəcək ki, bu da pensiya sisteminin iflasını sürətləndirəcək.
«Dövlət büdcəsi uğrunda yarışmada qırıcıların pensiyaları sıradan çıxardığı aydın görünür. Rusiya əhalisinin dəstəklədiyi hökumət və elita öz maraqlarını Krım, Donbas və Suriyaya müdaxilənin doğurduğu milli qürur hissinə qurban veriblər».
Müəllif yazır ki, getdikcə demoqrafik problemlər dərinləşəcək – əhali qocalır, işçi qüvvəsi azalır, doğum səviyyəsi aşağıdır, miqrant işçi axını davam edir. Bütün bu problemlərin öhdəsindən yalnız işlək siyasi institutları olan demokratiya gələ bilər.
«İndiliksə ziyanı rusiyalılar çəkir. Rusiyada ömür həddi və yaşam keyfiyyəti Qərb standartları ilə müqayisədə çox aşağıdır. Ölkədə doğrudan da işlək institutlar olsaydı, insan kapitalına, təhsilə, səhiyyəyə investisiyaları artırardılar. Əvəzində isə dövlət yalnız bir instituta sərmayə yatırır: «mühasirədə olan qala»ya. Belə ki, dövlət neft, qaz, vergi gəlirlərini qırıcılara xərcləyir, səhiyyənin pulu kəsilir, təqaüdçülərin miskin pensiyasına isə 4 faizlik artım bəxş olunur».