Keçid linkləri

2026, 11 Yanvar, bazar, Bakı vaxtı 10:35

İranda etirazların hərarəti yüksəlir


Yanvarın 8-də Həmədan şəhərində hökumət əleyhinə yürüş.
Yanvarın 8-də Həmədan şəhərində hökumət əleyhinə yürüş.

İranda dini isteblişmentə qarşı etirazlar genişlənir. Fəallar nümayişləri hakimiyyətlə qarşıdurmanın yeni mərhələsi kimi təsvir edirlər.

92 milyon əhalisi olan ölkədə etirazlar dekabrın 28-də artan inflyasiya və milli valyutanın kəskin ucuzlaşmasına qarşı başlayıb. İndi isə ölkə boyunca sürətlə yayılır. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi etirazların 1979-cu il İslam İnqilabını xatırlatdığını, amma bu dəfə etirazçıların dini isteblişmentin getməsini istədiyini yazır.

Son iki gündə etirazlar paytaxt Tehrana, ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə genişlənib. Cənub-qərbdə Abadan, İranın mərkəzində Borucen daxil olmaqla, daha çox vilayət mərkəzinə və kiçik şəhərlərə yayılıb.

Küçə etirazları ilə yanaşı, İranda böyük bazarlarda tacirlər mağazalarını bağlayaraq tətil edirlər. Bir çox iranlı bu səhnələri 1979-cu ildə İran şahının devrilməsinə töhfə vermiş bazar boykotları ilə müqayisə edir.

İqtisadi çöküş qəzəbi alovlandırır

Etirazların əsas səbəbi İrandakı iqtisadi böhranın dərinləşməsidir. Sakinlər danışırlar ki, rialın kəskin ucuzlaşması yumurtanın, yağın qiymətini saatbasaat artırır.

Təhlükəsizlik qüvvələri etirazçılara qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, döyüş sursatından istifadə edir, şəhərlərdə tez-tez zorakı toqquşmalar baş verir.

Yanvarın 8-də İranın qərbindəki Qürvə şəhərindən bir etirazçı AzadlıqRadiosunun fars xidmətinə deyib ki, təxminən 87 min əhalisi olan şəhərin küçələri təhlükəsizlik qüvvələri ilə doludur.

Anonim danışan etirazçının sözlərinə görə, təhlükəsizlik qüvvələri etirazların qarşısını ala bilməyib, çünki küçələrə çıxanların sayı çoxdur.

Simvollar, tətillər, eskalasiya riski

Cənub-şərqdə Kirman, İranın mərkəzindəki Kaşan daxil olmaqla, bir neçə şəhərdə nümayişçilər İranın mərhum generalı Qasım Süleymaninin heykəllərini aşırıb, yaxud təhqir ediblər. Onu 2020-ci ildə ABŞ hava zərbəsi ilə qətlə yetirib. K.Şərifi yazır ki, bu hərəkətlər ruhani sistemin əsas "şəhid" fiqurlarından birinə açıq çağırış kimi qiymətləndirilir.

Yanvarın 7-də Məşhəddə etirazçılar milli bayrağı endirərək cırıblar. İranın hazırkı milli bayrağı 1979-cu ildən sonra qəbul edilib, İslam Respublikasının tənqidçiləri onu ölkənin deyil, rejimin bayrağı adlandırırlar.

İranın bütün küçələrində narahatlıq açıq sezilir, gərginlik WhatsApp və Telegram-da ailə qruplarına da hopub. "Bundan sonra nə olacaq", kimi dəstəkləməklə bağlı məsələlər gündəlik mübahisə mövzusuna çevrilib.

Liderlik, strategiya və alternativlərə dair suallar yalnız fəal dairələrlə də məhdudlaşmır, qohumlar və həmkarlar arasında gündəlik söhbətlərin mövzusudur.

Açıq beynəlxalq mesajlar isə müzakirələri daha da kəskinləşir. ABŞ Dövlət Departamentinin farsdilli hesabı nümayişçilərə dəfələrlə dəstək bildirib. ABŞ prezidenti Donald Tramp zorakılıq davam edərsə, hökuməti müdaxilə ilə hədələyib.

Yanvarın 8-də etirazlar 12-ci günə keçib. Tehran, Kərəc, İsfahan, Şiraz, Məşhəd və Təbriz kimi iri şəhərlərdə sosial media istifadəçiləri internetin zəiflədiyini bildiriblər. Mütəxəssislər genişzolaqlı və mobil internetin sürətində ciddi azalma qeydə alıblar.

ABŞ-də yerləşən "Miaan Group"un rəqəmsal hüquqlar və təhlükəsizlik üzrə rəhbəri Əmir Rəşidi "Radio Fərda"ya deyib ki, hakimiyyət interneti tamamilə bağlamağa hazırlaşır.

Bu arada müxalifət qrupları yanvarın 8-i və 9-da ölkə üzrə tətillər və küçə aksiyalarına çağırışlar ediblər. Bu isə etirazların daha da genişlənə biləcəyi ehtimalını artırır.

XS
SM
MD
LG