Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:51

16 ildir spirtli içkinin satılmadığı kənd – Təngərüd


Astara rayonun Təngərüd kəndində alkoqol satılmır.
Astara rayonun Təngərüd kəndində alkoqol satılmır.

«Kəndin mağazalarında spirtli içki satılmır. Toy şənliklərimizdə də spirtli içki olmur».

Bu sözlər Astara rayonun Təngərüd kənd məscidin imamı Sabir Zahidova məxsusdur. Onun dediyinə görə, Təngərüd kənd sakinlərinə 16 ildir ki, spirtli içki yaddır:

Təngərüd kənd məscidin imamı Sabir Zahidov
Təngərüd kənd məscidin imamı Sabir Zahidov

«Məscidin əvvəlki imamı vardı, Feyzulla Allahverdiyev, məscidin tikintisinə dəstək olub. Sovet hakimiyyəti dağılandan sonra İslam dinini təbliğ etmək üçün şərait yarandı. O mömin, bu istiqamətdə təbliğata başladı. Təbliğat nəticəsində ibadət edənlərin sayı çoxaldı. Ondan sonra İslamın qadağan etdiyi spirtli içkini bu kəndən uzaqlaşdırmaq üçün əhaliyə xahişlə müraciət etdi. Kim ki, spirtli içki satırdı, kəndə yayırdı onu yığışdırdılar.16 ildir ki, bu kənd spirtli içki görmür».

Buna da bax:​ Mollalar spirtli içki satılan dükanları niyə gəzir?

Sabir Zahidovun sözlərinə görə, bu illər ərzində spirtli içkinin yaratdığı neqativ hallara rast gəlməyib:

Təngərüd kənd məscid
Təngərüd kənd məscid

«Bizim mağar toylarında spirtli içki verilmir»

«İçki içirdilər, əsəbləşirdilər, hadisələr baş verirdi. İnsanın özünə ziyandır. Spirtli içkiyə pul verirdilər. İndi belə hallar yoxdur. Kənddə spirtli içki tapa bilmərsən. Allah bunu qadağan edib. Ola bilər ki, kimlərsə gizli şəkildə qəbul edir. Ancaq siz kəndə içkili və sarxoş adama rast gələ bilmərsiniz. Ola bilər ki, kənar bir yerdə toya gedib, orda içib. İçkili vəziyyətdə kəndə çıxsın, yoxdur belə şeylər. Bizim mağar toylarında yüz faiz əminəm ki, spirtli içki verilmir. Kənarda olan, şadlıq saraylarında keçirilən toylar barəsində bir söz deyə bilmərəm. Kənddə hamı çalışır ki, bu qaydaya əməl etsin».

Buna da bax:​ Ramazanda içki paylayan müsəlman ofisiant qadın döyülüb

Sabir Zahidovun bildirməsinə görə, spirtli içkinin qadağan edilməsi ilə bağlı heç kimə təzyiq göstərilməyib. Təbliğat aparmaqla buna nail olublar. O deyir ki, əvvəllər məscidə cümə namazına 200-250 nəfər gəlirdisə indi bu rəqəm 500-ü ötüb.

Dağlar qoynunda...

Bakı-Astara yolu Təngərüd kəndin tən ortasından keçir.

Kənd dağ yamacında yerləşir, 4 minə yaxın əhalisi var. Sakinlərin əsas qazancları sitrus meyvələrindən gəlir. Burda elə həyətyanı sahə tapmaq olmaz ki, orda naringi, limon, feyxoa ağacları olmasın. Tərəvəz və çəltik də əkirlər. İki orta məktəbi, mədəniyyət evi var.

Buna da bax:​ Bu kənd arağa 'müharibə elan etdi'

Kənd sakini Elxan Nəzərov
Kənd sakini Elxan Nəzərov

Yaxınlıqda yerləşən mədəniyyət evinə də baş çəkdik. Nərd, domino oynayanları gördük. Ancaq danışmağa meylli olmadılar. Yol kənarında rast gəldiyimiz kənd sakini Elxan Nəzərov spirtli içkidən imtina etmələrindən müsbət hal kimi bəhs etdi:

«Kəndimizdə araq satılmır»

«Bir mömin adam var idi, adı Feyzulla idi. Onun təşəbbüsü ilə spirtli içki kənddən yığışdırıldı. Kəndimizdə araq satılmır. Biz bununla fəxr edirik. Rayonun bütün kəndlərində spirtli içki satılır, bizim kənddən başqa. Çalışırıq ki, belə də davam etsin».

Buna da bax: Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür

«Spirtli içki, toylarda israfçılıq yaradır»

Kənd sakini, əməkdar müəllim Seyran Babayev da hesab edir ki, spirtli içki ilə bağlı görülən tədbirlər vacibdir:

Kənd sakini, əməkdar müəllim Seyran Babayev
Kənd sakini, əməkdar müəllim Seyran Babayev

«Hər gün mətbuatı izləyirik. Görürük ki, bu spirtli içki camaatın başına nə oyunlar gətirir. Xüsusən cavanlar, maşına içkili vəziyyətdə əyləşib sürürlər. Hadisələr baş verir. Sonra da bunun peşmançılığını çəkirlər. Bizdə belə hallar yoxdur. Çünki spirtli içkini tərgitmişik. Kəndə bunun qarşısını almaq üçün birinci növbədə mağazaların sahiblərinə müraciət olundu. Onlar bu təklifə razılıq verdilər. İçkini tərgidən şəxslər toy edirsə içki də vermir. Müsbət cəhətləri çoxdur. Spirtli içki toylarda israfçılıq yaradır, bütün bunlar yaxşı hal deyil. Əhalinin cibinə ziyandır. Feyzulla spirtli içkinin dayandırılması barədə söhbət salanda mübahisələr olurdu. Narazı olanlar var idi. İllər keçdikcə gördülər ki, düzgün əməldir».

Buna da bax:​ İraqda spirtli içkilər tamamilə yasaqlanıb

«Xeyrini istəmirik».

Kəndin ərazisində irili-xırdalı 10-dan çox mağaza var. Demək olar ki, bu mağazaların hamısında ərzaq məhsulları satılır. Bu mağazaların heç birində spirtli içki görmədik. Mağazaların birinin sahibi Rail Babayev spirtli içkinin satılmaması ilə bağlı bunları dedi:

Kənd Sakini Rail Babayev
Kənd Sakini Rail Babayev

«Satmırıq. Allah ruzimizi yetirir. Kəndin heç bir mağazasında spirtli içki satılmır. Xeyrini istəmirik..».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG